“Avroviziya-2021”in qalibi İtaliya oldu

65

Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.

“Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmada İtaliya təmsilçisi “Maneskin” qrupu “Zitti E Buoni” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 524 xal toplayıb.

“Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə isə üçüncü olub.

Azərbaycanlı ifaçı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.

Qeyd edək ki, final mərhələsində Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Böyük Britaniya, İspaniya, Almaniya, Fransa, İtaliya və ev sahibi Niderland təmsil olunublar.

2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə sayca 65-ci dəfədir təşkil edilir. Ötən il “Avroviziya” mahnı müsabiqəsi pandemiya səbəbindən təxirə salınıb.