“Avropaya getmək istəyənlərin sayında artım olsa belə…”

0
343

Bu yaxınlarda Bakıda “Kanadaya necə getmək olar?” adlı seminar keçirilib. Seminara gözləniləndən 10 dəfə artıq iştirakçı qatılıb. Bu məsələ sosial şəbəkələrdə də xeyli müzakirələrə səbəb olub. Müzakirələrdə ölkədəki sosial-iqtisadi vəziyyətin yaxşı olmaması gəncləri ölkədən getməyə vadar edən əsas səbəb kimi göstərilib. Yuxarıda adını qeyd etdiyimiz tədbirdə 1700 nəfər insan qeydiyyatdan keçib.

“Gənclər Kanada və Almaniyaya getmək istəyirlər “

Gənclərlə söhbət eləyəndə Qərb ölkələrinə, Avropaya getmək haqda danışırlar. Gənclərdə ölkədən çıxma istəyinin kökündə hansı səbəblər dayanır? Niyə gənclərimiz inkişaf etmiş ölkələrə getmək istəyirlər? Bu sualı publisist, tənqidçi Coşqun Eldaroğluna ünvanladıq. Bu mövzuda məlumatlı olduğunu bildirən C.Eldaroğlu qeyd etdi ki, ölkədən çıxmaq istəyənlərin çoxu Qərb ölkələrinə getmək istəyirlər: “Bu da ona görədir ki, insanların potensialını açma imkanları burada zəifdir. Yaradıcı, istedadlı adamların özünü ifadə eləmək imkanları çox aşağıdı. Bu səbəbdən də gənclər getmək istəyirlər. Bildiyimə görə ən çox Kanada və Almaniyaya getmək istəyirlər. Mən Qərb ölkələrində yaşayanların sosial şəbəkələrdə yazdıqlarından bilirəm ki, əsasən bu ölkələrə gediblər”.

“Qərb ölkələrinin hamısı bizi qəbul eləmir”

Getmək istəyənlərin əsasən ailəli olduğunu bildirən publisit bildirdi ki, bu adamlar daha çox potensialını açmaq yox rahatlıq axtarırlar: “Onlara elə gəlir ki, gedən kimi onlara ev və maşın verəcəklər. Uşaqları daha rahat şəraitdə yaşayacaq. Amma həmin Qərb ölkələrinin hamısı bizi qəbul eləmir. Avropanın da 12 ölkəsi bizi qəbul edir. Qəbul olunma üçün də güclü, əsaslı səbəblər olmalıdır. Gedənlərin çoxu sosial motivlərlə gedirlər. Əgər miqrantları sosial mötivlərlə qəbul etsəydilər, onda elə bütün Afrikanı qəbul eləyərdilər. Son vaxtlar isə təhsil adı ilə gedilir. Amma təhsil adı ilə gedəndə xeyli pul xərclənir”.

“Kanadanı bizim üçün qurmayıblar…”

Getmək istənilən ölkələri həmin dövlətlərin vətəndaşlarının qurduğunu bildirən tənqidçinin sözlərinə görə, o ölkənin adamları oranı bizim üçün qurmayıblar: “Məsələn, Kanadanı kanadalılar azərbaycanlılar üçün qurmayıblar. Bunu başa düşmək lazımdır. Norveç İsveçin müstəmləkəsi olub, norveçlilər 1905-ci ildə ona görə ayrılmayıblar ki, qucaq açıb bütün azərbaycanlılara yemək versinlər. Bu tendensiya tamamilə səhvdir”.

“Gənclər yaxşı təmin olunmuş ölkələrdə yaşamaq istəyirlər”

İqtisadçı alim Vüqar Bayramov da bu mövzuya münasibət bildirdi. Ekspertin sözlərinə görə, ümumiyyətlə hər bir insan, xüsusən gənclər daha yaxşı təmin olunmuş ölkələrdə yaşamaq istəyirlər: “Onlar çalışırlar elə ölkələrdə yaşasınlar ki, həmin ölkələrdə sosial, iqtisadi baxımdan təminat yüksək olsun. Təbii ki, inkişaf etmiş ölkələrdə, xüsusən Kanadada sosial təminat Azərbaycanla müqayisədə xeyli yaxşıdı. Azərbaycan inkişaf etməkdə olan ölkə kimi, inkişaf etmiş ölkələrlə bu müstəvidə rəqabət aparmır. Bizim rəqabət apardığımız ölkələr inkişaf etməkdə olan ölkələr və keçmiş sovet ölkələridir”.

“Avropanın miqrasiya siyasəti sərtləşdirilib”

Getmək istəyən gənclərin çox olduğunu deyən iqtisadçı bildirdi ki, bu heç də bütün gənclərə aid deyil: “Çünki gənclərin hamısı Azərbaycanı tərk edib başqa ölkədə yaşamaqda maraqlı deyillər. Leqal olaraq gənc ölkəni tərk edib getmək istəyirsə, hardasa sığınacaq alırsa onun sosial vəziyyəti təmin edilir. Sığınacaq alanların sosial təminatı ilə bağlı Kanadanın öz siyasəti var. Avropaya getmək istəyənlərin sayında artım olsa belə, amma reallıqda gedənlərin sayı əvvəlkinə nisbətən azdır. Bu Avropa siyasətinin miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlıdır”.

“Yaxşı həyat vacibdir, amma ölkə üçün çalışmaq daha vacibdir”

Vüqar Bayramov qeyd etdi ki, indi Azərbaycanda iqtisadi baxımdan çətinlik dövrüdür: “İş yerlərinin azalması müşahidə olunur. Amma indiki dövrdə istər özəl, istər dövlət, istər ictimai sektorda belə gənclər işləyir. Nisbətən az əmək haqqı olsa da, qalıb işləmək daha məqsədəuyğun olardı. Mən qeyd etmək istərdim ki, bizim mərkəzdə xaricidə təhsil almış xeyli sayda gənc var. Halbuki onlar həmin ölkədə qala, daha yüksək əmək haqqı ala bilərdilər. Nəticə etibarilə ölkədə qalmağa daha vacib hesab edirlər. Məncə gənclər üçün həm dövlət, həm özəl sektorlarda imkanlar genişlənməlidir. Bu dövlətin siyasəti də gənclər üçün yeni imkanlar tapılmasına xidmət etməlidir. Gənclərimizdə bütün bu çətinliklər fonunda ölkədə çalışmalıdırlar ki, harda işləsələr cəmiyyətə xeyir versinlər. Təhsil almış gənc ölkədən gedirsə bu Azərbaycanın bir beyni itirməsidir. Ona görə də, yaxşı həyat vacibdir, amma ölkə üçün çalışmaq daha vacibdir”.

Rasim Məmmədli