Avropanın öküz inadı

515

Hüseyn Cavidin belə bir sualı var: “Təməddünün sonu vəhşətmidir nədir, əcəba?” Şair soruşur ki, doğrudanmı, mədəniyyət son mərhələsində vəhşiliklə eyniləşir? Təbii ki, mədəniyyət dedikdə şair Avropadan gələn modernləşməni nəzərdə tutur. Eyni mədəniyyət anlayışı haqqında Məhmət Akif Ərsoy da: “Mədəniyyət dediyin tək dişi qalmış canavar”,- deyir. Ərsoy da o mədəniyyəti bircə dişi qalmış canavara bənzədir. Təbii ki, canavarın bircə dişi qalıbsa, demək o qocalıb, yıpranıb və son günlərini yaşayır.

Yazımızın əvvəlində bu iki böyük söz ustadının fikirlərini xatırlamağımız əsassız deyil. Əgər izləmisinizsə, son günlər telekanallarda davamlı olaraq İspaniyadan öküzlərlə küçə yarışı göstərilir. Qızmış buğalar bir anda küçəyə buraxılır və küçə boyunca onları müşayiət edən adamlarla birlikdə qaçış başlanır. Uzun, ox kimi buynuzları olan öküzlər yetdiyi hər kəsi buynuzuna alıb havada oynadır, ya da tapdalayıb üstündən keçir. Neçə insan bu əyləncədən birbaşa cərrahiyyə masasına götürülür. Bu günlərdə yayımlanan bir kadrda öküz idmançının şalvarını buynuzuna keçirib əynindən çıxarır və tamaşaçılar üçün “nadir” bir mənzərə meydana çıxır. Öküzlər qaçarkən sürüşüb bir-birinin üstünə yıxılır, birinin ayağı, o birinin boynu qırılır. İnsanlar kənardan baxıb alqışlayır, sanki zövq alırlar. Bilmirəm, bəlkə də zövq alırlar, amma bu mənzərədən zövq çıxarmaq mümkünsə, demək ciddi mənəvi-psixoloji problemlər var.

Ümumiyyətlə, İspaniya adı mənim üçün hər dəfə batmış bir tarixi, yoxa çıxmış möhtəşəm bir mədəniyyəti ifadə edir. Təbii ki, ispanlar tərəfindən ən amansız şəkildə qətlə yetirilmiş Əndəlüs krallığını nəzərdə tuturam. Əndəlüs İslam elminin və mədəniyyətinin Qərbə keçid qapısı olub. Vicdanlı Qərb alimləri Əndəlüsün Avropa elminin inkişafında, Qərbdə inkişaf mərhələsinin gerçəkləşməsində mühüm rol oynadığını etiraf edirlər. Qərb öz inkişafının gücünü Əndəlüsdən aldı, sonra da bu möhtəşəm elm ocağını zülmün əli ilə söndürdü. Hərdən elə düşünürəm ki, bu cür mənəvi azğınlıq içinə düşən toplum elə Əndəlüsə xəyanətin bəlasını çəkir. Özünüz təsəvvür edin ki, bu insanlar öküzün buynuzunda havaya sovrulmaqdan, qarnı deşilməkdən və ya bu heyvanların ayaqları altında əzilməkdən zövq alırlar. Bu, artıq faciənin başlanğıcı deməkdir. O deməkdir ki, bu toplumun duyğusu dolaşıq düşüb, bu toplum xəstədir. İnsan Allahın onun əmrinə verdiyi canlıları öz təyinatı üzrə yönəltməzsə, əmanətə xəyanət etmiş olur. Bu heyvan sənin ərzağındır, oyuncağın deyil. Məsələ total xarakter aldığı üçün toplumun düşüncəsində ciddi problemlərin əmələ gəldiyini söyləmək olar. Bəzən bizə elə gəlir ki, bəşəriyyətin yüksək inkişaf mərhələsində yaşayırıq. Bu necə inkişaf, necə mədəniyyətdir ki, modern avropalı öküzü qızdırıb onunla döyüşməkdən və nizə ilə vurub öldürməkdən zövq alır. Bu, mədəniyyət deyil, Ərsoy demişkən, “tək dişi qalmış canavar”ın vəhşiliyidir, sivil vəhşilikdir, modern vəhşilikdir.

Qurban bayramında müsəlmanlar Allahın əmri ilə sevə-sevə bəslədikləri heyvanları qurban kəsib imkansızlara, yetimlərə ət paylayanda Avropanın “heyvansevər” dərnəkləri bir şivən qoparırlar ki, adamın qulağı batır. Qoyun üçün xoşbəxtlik deyilən bir şey varsa, o da elə bu bayramda qurban kəsilməkdir. Biz heyvanla oynamırıq, əylənmirik, onun ağrı içində qıvrılmasına tamaşa edib, zövq almırıq.

Avropalıların elədikləri isə, sözün hər mənasında, vəhşilikdir. Çiyninə nizələr sancılmış öküz səndələyərək motodora doğru gəlir və daha bir zərbə alır, al-qan içində səndələyən öküzə baxan minlərlə insan isə bu mənzərəni alqışlayaraq seyr edir. İnsanların vicdanı sanki kor olur, insanlar insanlıqdan bu cür mənzərələrə baxa-baxa məhrum olurlar. Bu mənzərədən zövq alanlar “uf” demədən bir şəhərin üstünə bomba yağdırıb uşaq-böyük, qoca-qadın demədən hər kəsi öldürə bilərlər. İkiüzlü heyvansevərlər cınqırlarını çıxarıb etiraz eləmirlər.

Eh, dəyərli oxucum, biz elə bir sərvətə, elə bir misilsiz nemətə sahibik ki, balıq suyun dəyərini bilmədiyi kimi, biz də bizə miras qalmış əxlaq sisteminin qədrini bilmirik. Heç düşünürsünüzmü, bu gün Hindistanda evdə ora-bura qaçıb, insanın ürəyini bulandıran siçana “atalarımızın ruhu” deyən, küçədə yatan, yolu kəsən inəklərin qarşısından əyilərək keçən, onların “xətrinə dəyməyən” inanclar var. Soydaşlarımız uyğur türklərinə qarşı soyqırımı siyasəti keçirməyi hədəfləyən çinlilər arasında elə rəzalət və insanlıqdan uzaq inanclar, düşüncə sistemləri var ki, onların cəhalətinə təəccüblənməmək olmur.

İnsan bəlaya layiq hala gəlməyincə Allah da bəlanı onun başına endirməz. Əgər insan öküz öldürməkdən zövq alır və ya bu mənzərəyə ləzzətlə tamaşa edirsə, beynini cürbəcür maddələrlə dumanlandıraraq xoşbəxt olursa, demək total mənəvi böhran başlayıb. Hər böhranın sonu bir fəlakətdir. Bu fəlakətin miqyası hamımızı əhatə edə bilər. Əgər öz bəlalarımızdan danışmağa başlasaq, ən azı elə o ispanlar qədər qüsurumuz ortaya çıxar.

Amma kim nə deyir desin, öküzləri o hala salmaq insanlıq deyil, vəhşilikdir və biz də vicdanları sızladan o əyləncələrə son qoymağı, o heyvanları incitməməyi tələb edirik.