“Avropanın mövcudluğu Ukraynadakı münaqişənin həll edilməsindən asılıdır”

459
Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında Ukraynanın Prezidenti Pyotr Poroşenko Assambleya üzvləri qarşısında çıxış edib.
 Ukrayna Prezidenti əsasən Rusiyanın Krıma müdaxiləsi və Rusiya-Ukrayna münasibətləri haqda danışıb: “Bizim ölkəmizə xarici qüvvələr giriblər və onlar sülh istəmirlər. Bununla belə, biz ölkəmizdə sülh və stabilliyin qurulması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Biz bu zorakılığa son qoymaq və bu müharibəni dayandırmaq istərdik. Təəssüf ki, bu məsələ nəinki Ukraynanın, həmçinin bütün Avropanın və AŞPA üzvlərinin də qarşısında dayanıb. Biz görürük ki, indi Ukraynanı Avropa ailəsi ilə birləşmək arzusundan məhrum edirlər və bu məsələdə də ukraynalıların öz fikirləri ilə hesablaşmırlar, bu məsələdə dialoq qurub fikir mübadiləsi belə aparmaq istəmirlər. Biz Avropa Birliyi ilə Assosiativ sazişi qəbul etmək istəyirik və sənədi imzaladıqdan sonra bunu dərhal həyata keçirəcəyik. Ukrayna qəzəblə inqilaba qalxdı və bu inqilab bizi ruhlandırır. Bu inqilab ərzində bir çox qurbanlar verməyə məcbur olduq.  Ukraynanın suverenliyi mütləq təmin edilməlidir və indi baş verənlər Budapeşt Memorandumuna tam ziddir”. Ukrayna Prezidenti çıxışında Rusiyanın əsl təcavüzkar kimi çıxış etdiyini vurğulayıb: “Biz regionda stabilliyin pozulduğunu görürük. Çox təəssüf ki, biz neçə illərdi bu təcavüzü Gürcüstanda və başqa ölkələrdə görürük. Buna son qoyulmalıdır və indi bilinmir ki, növbəti ölkə hansı olacaq. Avropadakı əsas problem isə odur ki, demokratik ölkələrin ərazi bütövlüyünün qorunması və sülhün bərqərar olunmasına imkan yaradan mexanizmlərin olmamasıdır. İndi bu istiqamətdə və ümumiyyətlə, hər hansı bir təcavüzə qarşı  yeni modellərin, yeni mexanizmlərin işlənib hazırlanmasına ehtiyac yaranıb. Bu gün Avropanın mövcudluğu və ruhu Ukraynadakı böhranın, münaqişənin həll edilməsindən asılıdır”.