Avropanın dirsəyi, Rusiyanın kötəyi və… Paşinyanın ətəyi

0
236

Ermənistanda pik həddinə çatan problemləri həll etmək məqsədilə Rusiyadan maliyyə və hərbi yardım ala bilməməsi bu ölkənin baş naziri Nikol Paşinyanı  Brüsselə sürüklədi. Amma “qoca qitə” erməni hiyləgərliyinə uymadı və ona dirsək göstərdi. Bununla da Nikol Paşinyanın Avropaya uzanan əlləri havada qaldı.

Bu səfər başa çatar-çatmaz Rusiya Paşinyanın simasında indiyədək qoynunda bəslədiyi ilanı – Ermənistanı qərbpərəstlikdə ittiham edərək onu kötəklədi. Belə ki, Paşinyanın nazı ilə oynamaqdan bezən Rusiya bu ölkəyə verdiyi qazın qiymətini artırmaq qərarına gəld. Bununla da rəsmi Moskva Nikol Paşinyana olan etimadının üstündən ilk qırmızı xətt çəkdi. Bəzi ekspertlərin fikrincə, Rusiya Ermənistana Gürcüstanın taleyini yaşada bilər. Məhz Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstanın Rusiyadan üz çevirərək Qərblə əməkdaşlığı ona baha başa gəlmişdi.
Bir sözlə, Nikol Paşinyan düşünülməmiş bu və digər gedişləri ilə Ermənistanı, eləcə də özünü elə bir  labirintə salıb ki, oradan çıxa biləcəyi sual altındadır.

Bütün bunlara baxmayaraq, Nikol Paşinyan özünü heç bir şey olmamış kimi  aparır. Sadəcə, əhalini sakitləşdirməklə kifayətlənir. Belə ki, Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini tezliklə həll edə biləcəyini iddia edir. Təbii ki, bu erməni xalqını, eləcə də dünya birliyini aldatmaqdan başqa bir şey deyil. Halbuki məhz onun siyasi gedişləri bu problemin ədalətli həlli ilə bağlı sülh danışıqlarını dalana dirəyib.

Digər tərəfdən, Paşinyan ölkədə korrupsiyanın baş alıb getdiyini söyləyir və bununla bağlı bir çox şəxsləri, o cümlədən iş adamlarını həbs etdirir. Bəzi sahibkarlar artıq onun bu hərəkətlərindən cana doyublar. Odur ki, onlar ölkədən qaçmaqla canlarını qurtarmaq istəyirlər. Artıq  “Cermuk Qrup”un rəhbəri, sabiq deputat Aşot Arsenyan yol üstədir. Sabiq baş nazir Karen Karapetyan da Ermənistandakı biznesini ölkədən çıxartmaq fikrinə düşüb. Keçmiş müdafiə naziri Mixael Arutyunyan, eləcə də Ermənistanın keçmiş prezidenti və böyük biznes imperiyası quran Robert Koçaryan isə  1 mart işi üzrə hədəfdədir. Üstəlik, Nikol Paşinyan korrupsiya adı altında bəzi yüksəkçinli hərbçiləri də qurban verməkdə davam edir.

Son günlər Paşinyan yeni “vasitələrə” əl atmaqla xalqın gözündə ucalmağa çalışır. Belə ki, o, oğlunu Ermənistan ordusunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrindən birinə hərbi xidmətə göndərəndən sonra indi də  “arvad oyunu” ilə gündəmə gəlib. Belə ki, guya Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Dağlıq Qarabağda “Qadınlar sülh naminə” kampaniyasını başlatmaq fikrinə düşüb. Təbii ki, bununla Nikol Paşinyan arvadının simasında Ermənistanı sülh carçısı kimi təqdim etməyə çalışır. Halbuki  bu, Nikol Paşinyanın növbəti erməni hiyləgərliyidir. Çünki o özü, elə həyat yoldaşı da yaxşı bilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsisinin sülh yolu ilə həll edilməsində ən maraqlı tərəf Azərbaycan Respublikası və Azərbaycan xalqıdır. Hərbi təcavüzə və işğala məruz qalan tərəf kimi bu müharibədən 25 ildən artıqdır ki, ən çox əziyyət çəkən Azərbaycan xalqıdır, bu ölkənin uşaqları, qadınları, kişiləridir. Onlar da dəfələrlə öz fikirlərini bildiriblər: sülh Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarını qeyd-şərtsiz çıxarması ilə əldə oluna bilər.
Bu mənada Anna Akopyan  belə bir təkliflə çıxış edə bilərdi, amma o, bunu etməyib. Paşinyanın həyat yoldaşının irəli sürdüyü təklif isə sağ əllə sol qulağı qaşımaqdan başqa bir şey deyil. Yeri gəlmişkən, Nikol Paşinyan öz məqsədləri üçün arvadından hələ çox istifadə etməli olacaq. Axı onu qarşıda hələ çox problemlər gözləyir. Unutmayaq ki, bu, yeni yox, klassik erməni metodudur.

Göründüyü kimi, Nikol Paşinyanın bütün siyasi gedişləri yalnız və yalnız öz hakimiyyətini qorumaq məqsədilə atılan addımlardan başqa bir şey deyil. Artıq onun bu niyyətindən sosial-iqtisadi məngənədə boğulan sadə camaat da duyuq düşməkdədir. Bunun Nikol Paşinyanın xalq arasında reytinqinin sürətlə düşməsi də sübut edir. Yəni xalq anlayıb ki,   Ermənistanda heç bir “məxməri inqilab” baş verməyib, sadəcə, uzun illər bu ölkəyə rəhbərlik edən Koçaryan-Sarkisyan cütlüyünün rəhbəri olduğu Qarabağ klanını başqa bir İrəvan klanı əvəz edib. Bu isə o deməkdir ki,  sadə camaat onun da ətəyindən yapışıb məhşər ayağına çəkəcək: o gün o qədər də uzaqda deyil.

Qvami Məhəbbətoğlu,

“İki sahil”