Avropada benzin yalnız MDB ölkələrində ucuzlaşmayıb

604
Xəbər verildiyi kimi Dövlət Statistika Komitəsi yanvar ayı üçün sənaye məhsullarının istehsalçı qiymətlərini açıqlayıb.
 Ötən ay sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 20,9%, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 24% ucuzlaşıb. Xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətlərində isə 24,1% ucuzlaşma qeydə alınıb. Məlumat üçün xatırladaq ki, ucuzlaşma təkcə yanvar ayında qeydə alınmayıb. Ötən ilin iyul ayından etibarən xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətlərində ucuzlaşma müşahidə olunur. Qeyd edək ki, istehsalçı qiymətlərində sonuncu dəfə 2014-cü ilin iyun ayında 2% bahalanma olub. Bundan sonra isə iyulda 4,5%, avqustda 4,8%, sentyabrda 4,6%, oktyabrda 10%, noyabrda 9,1%, dekabrda 22,4%, cari ilin yanvar ayında isə qeyd etdiyimiz kimi 24,1% ucuzlaşma baş verib. Ölkə daxilində xam neftin istehsalçı qiymətlərinin aşağı düşməsi heç şübhəsiz ki, dünya bazarında neftin ucuzlaşması ilə bağlıdır. Bildiyimiz kimi, ötən ilin iyun ayında dünya bazarında 110 dollardan baha satılan neft hazırda 60 dollara satılır. Həttə cari ilin yanvar ayında xam neftin qiyməti 45 dollara kimi ucuzlaşmışdı. Xam neftin istehsalçı qiymətlərinin bu səviyyədə ucuzlaşmasına baxmayaraq benzinin qiymətində heç bir dəyişiklik müşahidə olunmayıb. Halbuki benzinin xam neftdən hazırlandığını nəzərə alsaq benzinin də istehsalçı qiymətlərinin eyni səviyyədə aşağı düşməliydi. Bildiyimiz kimi taxıl ucuzlaşdığı zaman çörək, ət ucuzlaşdığı zaman kolbasa, süd ucuzlaşdığı zaman da qatıq ucuzlaşır. Lakin bu analoji oxşarlığı benzinin qiymətində müşahidə etmək olmur. Son bir il ərzində benzinin əlavə dəyər, aksiz və daşıma xərclərinin daxil edilmədiyi şirkətdaxili tariflərində cüzi azalma olub. Qeyd edək ki, istehsalçı qiymətlərinə də əlavə dəyər vergisi, aksiz və topdansatış qiymətlərinə aid olmayan digər vergilər, o cümlədən də nəqliyyat xərcləri daxil edilmir. Tarif Şurasının 10 fevral 2014 tarixli qərarına əsasən Aİ-92 markalı benzinin 1 tonunun şirkətdaxili tarifi 411 manat 91 qəpik müəyyən olunub. Prezident İlham Əliyevin müdaxiləsindən sonra qəbul edilən sonuncu qərarda isə Aİ-92 markalı benzinin 1 tonunun şirkətdaxili tarifi cəmi 3,2% aşağı düşürülərək 398 manat 46 qəpiyə çatdırılıb. Lakin onu da qeyd edək ki, 3,2%-lik və ya 13 manat 45 qəpiklik (1 ton üçün) ucuzlaşmaya rəğmən benzinin qiymətinə əlavə edilən 26 manat 20 qəpik yol vergisi nəticəsində pərakəndə satış qiyməti dəyişməz qalıb.

Avropada benzin yalnız MDB-yə üzv olan

4 ölkədə – Ukraynada, Rusiyada, Qazaxıstanda və Belarusda bahalanıb

Xam neftin təxminən 2 dəfəyə yaxın ucuzlaşdığı 2014-cü ildə bir-neçə ölkə istisna olmaqla əksər Avropa ölkələrində benzinin qiyməti aşağı düşüb. Ən böyük ucuzlaşma Estoniya və Macarıstanda qeydə alınıb. Ötən il ərzində bu ölkələrdə Aİ-95 markalı benzinin qiyməti müvafiq olaraq 22,3% və 22,2% ucuzlaşıb. Dizelin qiyməti isə ən çox Bolqarıstan və Macarıstanda aşağı düşüb. Müvafiq olaraq 23,2% və 21%. Bunlardan başqa benzin İsveçdə 20,3%, Bolqarıstanda 19,7%, İspaniyada 19,6%, Latviyada 19%, Polşada 18,1% ucuzlaşıb. Avropada benzinin ən az ucuzlaşdığı ölkə isə Malta və Slovakiya olub. Maltada Aİ-95 markalı benzinin qiyməti son bir il ərzində 1,4%, Slovakiyada isə 9,5% aşağı düşüb. Digər ölkələrdə isə ucuzlaşma 10%-dən yüksək olub. Dizelin qiymətinə gəldikdə isə ən az ucuzlaşma Malta və Böyük Britaniyada qeydə alınıb ki, bu ölkələrdə dizelin qiyməti müvafiq 0,7% və 10,3% aşağı düşüb. Avropada benzin və dizel yalnız MDB-yə üzv olan – 4 ölkədə Ukraynada, Rusiyada, Qazaxıstanda və Belarusda bahalanıb. Ən ciddi bahalanma Ukraynada qeydə alınıb – 58,4%. Dizelin qiyməti isə bu ölkədə daha çox – 72,1% artıb. Qazaxıstanda benzin 10,1%, dizel 45,4%, Rusiyada benzin 7,9%, dizel 2,8%, Belarusda isə benzin 25,3%, dizel 28,1% artıb. Onu da qeyd edək ki, bu artımlara baxmayaraq Azərbaycanda benzinin qiyməti Ukrayna ilə eyni səviyyədə, digər 3 ölkə ilə müqayisədə bahadır. Azərbaycanda Aİ-95 markalı benzin 1 dollar 2 sent (80 qəpik) olduğu halda Ukraynada 1 dollar 2 sent, Qazaxıstanda 81 sent, Belarusda 79 sent, Rusiyada isə 53 sentə bərabərdir.

Allahverdi Cəfərov