“Avropa Oyunları zamanı nəqliyyat xidmətləri yüksək səviyyədə göstəriləcək”

I Avropa Oyunları zamanı nəqliyyat xidmətlərinin göstərilməsi ən yüksək səviyyədə həyata keçiriləcək. Bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
Onun sözlərinə görə, bu tədbirin yüksək səviyyədə təşkili üçün yol infrastrukturu, o cümlədən, Olimpiya məkanlarına gedən yollar, dayanacaqlar yenidən qurulub: “Eyni zamanda, oyunlar zamanı sərnişinlərə daha yüksək səviyyədə xidmət göstərmək üçün yeni nəqliyyat vasitələri də gətirilib. Tədbirdə iştirak edən idmançılara və onlara bərabər tutulmuş heyətə, qonaqlara, vətəndaşlarımıza xidmət göstərən müasir avtobuslar şəhərdə fəaliyyətə başlayacaqlar”. 

“Bir-birinin marşrutunu təkrarlayan avtobusların hərəkəti dayandırılacaq”

M. Pənahovun sözlərinə görə, Bakının mərkəzində avtobusların sayının çox olması tıxaclara səbəb olur: “İlk Avropa Oyunları zamanı bir-birini təkrarlayan marşrut avtobusları metro stansiyalarının girişlərində öz hərəkətlərini dayandıracaq və əks istiqamətdə hərəkət edəcəklər. Vətəndaşlarımız isə daha çox yeni avtobuslardan, metrodan və şəhərin mərkəzinə gedən xüsusi avtobuslardan istifadə edəcəklər”.

 

“Nəqliyyatda vahid kart sisteminin tətbiqinə Avropa Oyunlarından sonra başlanacaq”

Nazir müavini şəhər nəqliyyatında vahid kart sisteminin tətbiqinə I Avropa Oyunlarından sonra başlanılacağını bildirib.  M. Pənahov vurğulayıb ki, Bakı metrosunda artıq vahid kart sisteminin tətbiqi ilə bağlı işlər yekunlaşıb.

“Bu sahədə müvafiq işlər görülüb. Proqram təminatı, prosesinq mərkəzinin yaradılması, vətəndaşlara kartların verilməsi, onların doldurulması məsələləri artıq öz həllini tapıb. I Avropa Oyunlarından sonra vahid kart sisteminin tətbiqinə addım-addım başlanılacaq”.

Nazir müavini deyib ki, köhnə kartlara sahib olan vətəndaşlar istədiyi vaxt kartı yenisi ilə əvəz edə bilər.