Avropa Birliyindən Krım tatarlarına dəstək

Avropa Birliyi xarici siyasət idarəsi Rusiyanı Krım tatarlarının ATR telekanalının fəaliyyətini bərpa etməyə çağırıb.
 Bununla bağlı  Avropa Birliyi tərəfindən verilən bəyanatda  Rusiyanın işğal etdiyi Krım ərazisində  Krım tatarlarına qarşı zülmü artırdığı, onların adi insan hüquqlarını kobud şəkildə tapdaladığı qeyd edilir. Avropa Birliyi  bu baxımdan Krım tatarlarının ATR telekanalının fəaliyyətinə qadağa qoymasını və bu müstəvidə də başı min əzablar çəkən tatarların başqa media qurumlarını da bağlamasını sərt şəkildə pisləyib.

Bəyanatda daha sonra deyilir: “Biz ATR telekanalının yayım hüququnun dərhal bərpa olunmasını tələb edirik”.

Öz növbəsində, “Amnesty International” təşkilatı tatar dilində yeganə kanalın bağlanmasını azad medianın susdurulması, Krımda tatar icmasının qorxudulması cəhdi kimi qiymətləndirib.

Qeyd edək ki, ATR Krımda rus və Ukrayna dillərindən başqa, tatarca verilişlər yayımlayan yeganə telekanal olub. Lakin kanalın lisenziyası aprelin 1-də başa çatdıqdan sonra “Roskomnadzor” lisenziyanın uzadılması barədə qərar verməyib. Bununla əlaqədar telekanalın kollektivi Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Ukrayna hökuməti dərhal reaksiya verərək, Krım tatarlarının televiziyasının öz tabeçiliyində olan ərazidən yayımlanmasını təklif edib. Lakin ATR-in baş direktoru Lenur İslyamov deyib ki, onun telekanalı Ukrayna ərazisinə köçürmək planı yoxdur, belə ki, bu, tatarların deportasiyasına bərabər olardı.

Buna baxmayaraq, Krımın Moskva tərəfindən təyin edilmiş rəhbərliyi lisenziyanın texniki məsələ olduğunu və bunun bilərəkdən şişirdildiyini bildirir.

Krımın rəhbəri Sergey Aksyonov deyib kİ, hazırda ATR kanalının fəaliyyəti ilə bağlı danışıqlar gedir.

Xatırladaq ki, ötən gün Ukraynanın işğal altında olan Krım yarımadasında Krım tatarlarının dilində yayımlanan yeganə televiziya kanalı bağlanıb. Bu barədə mətbuata ATR kanalının rəhbəri Lenur İslyamov məlumat verib.

O bildirib ki, Rusiyanın media tənzimləyicisi “Roskomnadzor” ATR-in Rusiya qanunvericiliyinə uyğun qeydiyyatından imtina edib, xeyli texniki səbəb göstərib. Qeydiyyat üçün son tarix isə martın 31-də başa çatıb. Kanal Ukrayna lisenziyası ilə işləyirdi.

Onun sözlərinə görə, telekanalın Krımı tərk etmək, Ukraynanın başqa bir yerindən yayımlanmaq planı yoxdur: “Yüzlərlə Krım tatarı ATR-in ofisinə gələrək bizə dəstək verib”.

Xatırladaq ki, Krımda tatarlar əhalinin 10 faizini təşkil edir.