Avropa Birliyi ilə assosiasiya sazişi imzaladılar

548
Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə assosiasiya haqqında sazişlər imzalayıblar. 
İmzalanma mərasimi Brüsseldə Avropa Birliyinin sammiti çərçivəsində baş tutub. Müvafiq sənədlərə Ukrayna Prezidenti Pyotr Poroşenko, Gürcüstan Baş naziri İrakli Qaribaşvili, Moldova Baş naziri Yuri Lyanke, habelə Avropa Birliyi Şurasının Prezidenti Van Rompey, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu və Avropa Birliyi ölkələrinin liderləri imza atıblar. Qeyd edək ki, Ukrayna, Gürcüstan və Moldovanın imzaladığı sazişlər Avropa Birliyi ilə azad ticarəti nəzərdə tutur.

Sözügedən sazişlərin imzalanmasına Rusiyadan münasibət də gecikməyib. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin imzalanan sənədin həm Ukrayna, həm də Moldova üçün ağır nəticələnəciyini bildirib: “Bu kimi ciddi sənədin imzalanması hər bir dövlətin suveren hüququdur. Lakin Ukrayna və Moldovanın imzalağı bu sənədin şübhəsiz ki, ağır nəticələri olacaq”.

Bu arada Donetsk separatçıları 4 nəfər ATƏT müşahidəçisini azad ediblər. “Euronews”da yer alan məlumata görə, “Donetsk Xalq Respublikası”nın təmsilçiləri bunun qarşılığında heç nə gözləmədiklərini bəyan ediblər. “Biz heç bir şey tələb etmədən onları azad etdik. Ümid edirik ki, beynəlxalq ictimaiyyət bizi başa düşəcək”, – deyə separatçıların lideri Aleksandr Boroday bildirib. Digər 4 nəfər müşahidəçinin Luqansk yaxınlığında saxlanıldığı bildirilir.