“Avrokuboklara vəsiqəni bu yarışda daha tez qazanmaq mümkündür”

507

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. PFL-dən verilən məlumata görə, mərhələnin 3 oyunu saat 17:00-da başlayacaq. Paytaxt derbisində “Neftçi” “Bakcell Arena”da  AZAL-ı qəbul edəcək. Eyni vaxtda “İnter” – “Xəzər Lənkəran” (”İnter Arena”) və “Qarabağ” – “Bakı” (Tofiq Bəhramov adına Respublika Stadionu) görüşləri də başlayacaq. Bu qarşılaşmalar başa çatdıqdan sonra, yəni 19:00-da “Simurq” Qəbələ şəhər stadionunda “Qəbələ”nin qonağı olacaq. Əldə etdiyimiz məlumata görə, 1/4 final mərhələsində keçiriləcək “Neftçi” – AZAL və “Qəbələ” – “Simurq” matçları “İdman Azərbaycan” telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.

“Kubok oyunları ayrıca tarixçədir”

Komandaların rəsmiləri bu yarışa ciddi hazırlaşdıqlarını bəyan ediblər. Məsələn, məşqçilik karyerasında kubokda qalib, finalçı olmaqla müəyyən təcrübə qazandığını bildirən “Qəbələ”nin baş məçqçisi Roman Qriqorçuk klub qəzetinə açıqlamasında deyib: “Əlbəttə, Azərbaycanda da ölkə kubokunu qazanmağı çox istəyirəm. Hesab edirəm ki, bu, “Qəbələ” üçün də böyük nailiyyət olacaq. Məqsədə çatmaq üçün bütün gücümüzü qoyacağıq. İş elə gətirib ki, 4 gün ərzində 2 çətin oyuna – əvvəlcə çempionatda lider “Qarabağ”la, sonra kubokda “Simurq”la matça çıxmalı oluruq. Qarşımıza avrokuboklara çıxmaq vəzifəsi qoyulubsa, komanda sıx qrafikdə oynamağa hazır olmalıdır. Oyunçular da bu qrafikə öyrəşirsə, bunu tam futbol həyatı adlandırmaq olar. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, bizi çətin və maraqlı mübarizə gözləyir”.

Baş məşqçi çempionatla kuboku da müqayisə edib: “Söhbət nəticə qazanmaqdan gedirsə, kubok da tituldur. Çempionatdan fərqli olaraq, avrokuboklara vəsiqəni bu yarışda daha tez qazanmaq mümkündür. Bunu yaxşı başa düşürük. Ancaq rəqiblərimiz də belə düşünürlər. Kubokda mübarizə aparan iddialı komandalar da qarşısına qalib olmaq məqsədi qoyur. İndi əsas vəzifə növbəti rəqibi keçib, yarımfinala çıxmaqdır”.

Ukraynalı mütəxəssis 1/4 finalda “Simurq”la oyunların gərgin olacağına əmindir: “Simurq” bir sıra komponentlərdə müəyyən potensiala malikdir. Praktika göstərir ki, kubokda oyunadək favorit haqda danışmırlar. Çünki bu turnirin özəllikləri var. Məncə, bütün komandaların şansları bərabərdir. Ola bilər ki, ilk oyunu səfərdə keçirmək psixoloji baxımdan bir az asandır və cavab matçını evdə keçirmək işi nisbətən asanlaşdırır. Ancaq ilk oyunu evdə, yoxsa səfərdə keçirmək, mənim üçün prinsipial məsələ deyil. Çünki istənilən halda 2 fərqli məkanda oynayacağıq”.

Elə “Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay da baş məşqçinin sözlərinə şərik çıxıb: “Kubok oyunları ayrıca tarixçədir. Bizi iki çətin oyun gözləyir. “Simurq”un gücünə bələdik. Onların bizi Premyer Liqada məğlub etməsi heç nə demək deyil. Biz həmin görüşdəkindən daha yaxşı çıxış etməyə çalışacağıq”.

“Qarşımıza məqsəd qoymuşuq ki…””

Topaz Premyer Liqasının XXIV turunda “Bakı”ya qalib gələn, bununla da “uğursuzluq zolağı”ndan çıxmağı bacaran və turnir cədvəlinin yeddinci pilləsində qərarlaşan “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov da son məşqlərin daha gərgin keçdiyini bildirib: “İnter”lə oyuna ciddi hazırlaşırıq… “İnter” səddini aşacağıq. İnamla iştaha bir-birinə qarışıb”. Onun sözlərinə görə, istər Bakıda, istərsə də Lənkəranda keçiriləcək hər iki oyun maraqlı məqamlarla yadda qalacaq. Baş məşqçi ilk görüşün səfərdə keçirilməsinə isə belə reaksiya verib: “Rəqibin meydanında qol vurmağa çalışacağıq. Bunu bacarsaq, cavab matçı öncəsi yaxşı üstünlük əldə edərik. “İnter” Azərbaycanda yeganə komandadır ki, güc futbolu ilə kollektiv futbolun sintezini yaradıb. Onlara qarşı oynamaq, həqiqətən, maraqlıdır. “İnter”in üstün və zəif cəhətlərini analiz etmişik”. Bu oyundan sonra ölkə çempionatında “Qarabağ”la qarşılaşacaqlarını vurğulayan Elbrus Məmmədov hələlik bu barədə düşünmədiyini vurğulayıb.

”Simurq” klubunun və milli komandanın futbolçusu Rəşad Eyyubov 1/4 final mərhələsində qarşılacaqları komanda ilə bağlı fikirlərini bu sözlərlə bölüşüb: “Qəbələ” güclü rəqibdir, heyətində səviyyəli futbolçular çıxış edir. Bu görüş həm bizim, həm də onlar üçün çox vacibdir. Bu mənada, hər iki matç maraqlı və gərgin keçəcək”. Onun fikrincə, Avrokuboka vəsiqə qazanmaq yolu ya çempionat (hazırda “Simurq” Topaz Premyer Liqasının turnir cədvəlində 4-cü yerdədir), ya da kubok yarışlarından keçir ki, hazırda onun komandası yalnız kubok barədə düşünür.

”Neftçi”nin baş məşqçisi Arif Əsədov da bu günkü qarşılaşmanın heç də asan olmayacağını söyləyib: “Biz hər zamankı kimi bu qarşılaşmaya da maksimum ciddi hazırlaşırıq. Evdə oynayacağıq. Meydana ancaq qələbə üçün çıxacağıq. İki oyundan ibarət mərhələdir. Çalışacağıq ki, nəticədə yarımfinala adlayan tərəf biz olaq”. O həmçini bildirib: “Qarşımıza məqsəd qoymuşuq ki, kubokda sona qədər gedək”.

 Ciddi itkilərlə çıxacaqlar

“Neftçi” komandasının baş məşqçisi Arif Əsədovun qol.az-a verdiyi məlumata görə, aparıcı futbolçulardan olan Sisilya da Silva Kaue cəzalı durumda olduğundan sözügedən qarşılaşmanı buraxacaq: “Bundan başqa Denis Silva Kruz və Nikolas Kanales də zədəlidir. Onlar hələ ki, komanda ilə məşq edə bilmirlər. Çox güman ki, bu futbolçular da sabahkı (bugünkü-red.) görüşdə iştirak edə bilməyəcəklər”.

“Bakı”nın aparıcı üzvü, Premyer Liqamızın bombardiri Nurlan Novruzov da cəzalı olduğu üçün sözügedən qarşılaşmanı buraxacaq. Qeyd edək ki, gənc hücumçu “Sumqayıt”la 1/8 final matçında qırmızı vərəqə alıb.

Apasport.az-ın araşdırmasına görə, “Qəbələ” bu dəfə də arzuladığı bir neçə oyunçunu meydana buraxa bilməyəcək. Çünki müdafiəçi Ruslan Əmircanov və yarımmüdafiəçi Rəşad Sadiqov hələ də zədələrini tam sağaltmayıblar. Zədələrini yenicə sağaldan və kollektivlə son məşqlərdə iştirak edən millimizin digər üzvü Cavid Hüseynovun iştirakı isə sual altındadır.

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Simurq”la keçirilən oyunu buraxan “İnter”in hücumçusu Junior Nildo da hələ  sağalmayıb. Bir tur əvvəl AZAL-la görüşün ilk hissəsində zədələnərək əvəzlənən braziliyalı forvard “Xəzər Lənkəran”la bu günkü kubok matçını da buraxa bilər. Lakin bəzi məlumatlara görə, həkimlər onu ölkə kubokunun 1/4 final mərhələsindəki görüşə yetişdirməyə çalışırlar. Digər tərəfdən, 32 yaşlı oyunçu sağalsa belə, məşqçilər korpusu onu riskə atmaya bilər. “Bankirlər”in digər zədəli futbolçuları Abdulla Abatsiyev və Aleksandr Amisulaşvili isə artıq kollektivə qoşulublar.

Ağ-yaşılların -”Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Tural Cəlilovun artıq kollektivlə məşqlərə qoşulduğunu və bu günkü görüşdə iştirak edə biləcəyini bildrisə də, Adrian Skarlatake barədə isə bu sözləri deyib: “Zədəsini yenicə sağaldan müdafiəçi məşqdə ayağında ağrılar hiss edib. Yəni o hələ tam hazır deyil, amma onu əsas heyətdə olmasa da, sonradan meydana buraxa bilərəm”.

”Neftçi”nin baş məşqçisi Arif Əsədov isə: “Son iki görüşdə süni örtüklü meydançada oynamışıq. Bütün bunlar futbolçularımızın bir qədər yorğun olmasına gətirib çıxara bilər”, – deməklə komandasının müəyyən problemləri olduğuna işarə edib

“İnanmıram ki, “flaqman” rəqibinə yarımfinal sevinci yaşatsın”

”Apasport”un əməkdaşı Ruslan Sadıqovun sözlərinə görə, cox güman ki, cempionatın fərqli qütblərində qərarlaşan “Qarabağ”la “Bakı”nın oyununun favoriti meydan sahibləridir. “Qızıl dubl” arzusunda olan Ağdam təmsilçisi yaxşı günlərini yaşamayan paytaxtın eyniadlı təmsilçisi ilə görüşlərdə çətinliklə üzləşməməlidir.

”İnter” -”Xəzər Lənkəran”da bakılılar favoriti olduğu cütün taleyini ilk matçda həll etməyə çalışacaq. Oyundan oyuna daha yaxşı təsir bağışlayan cənublular isə sensasiya müəllifi olmaq iddiasındadır, lakin bu o qədər də inandırıcı görünmür.

Paytaxt derbisində AZAL-ı sınağa çəkəcək “Neftçi” son 33 gündə 3-cü dəfə “təyyarəçilər”lə görüşəcək. Bu matç komandaların kubok çərçivəsindəki ilk dueli olacaq. Çempionatdan Avrokuboka yollanmaq şansı o qədər də inandırıcı görünməyən AZAL bütün gücünü kuboka yönəldəcəyi şübhəsizdir. “Neftçi” isə Premyer Liqada da ilk “üçlük”dəki yerini get-gedə möhkəmlətdiyindən, fikrini kuboka cəmləyə bilər. AZAL “Neftçi”yə həmişə başağrısı olub. Ancaq inanmıram ki, “flaqman” rəqibinə yarımfinal sevinci yaşatsın.

İki əyalət təmsilçisi, Premyer Liqada 4-cü yer uğrunda mübarizə aparan, turnir cədvəlinin qonşuları “Qəbələ” və “Simurq”un qarşılaşmasına proqnoz vermək çox çətindir. Fikrimcə, bu cütlüyün qalibi Avrokubok yolunda da önəmli addım atmış olacaq. Premyer Liqada 4-cü yer uğrunda mübarizənin bu iki komanda arasında gedəcəyinə şübhə yoxdur. Bunu bacaran kubokda da yarımfinala çıxsa, heç finala qədər yollanmağına ehtiyac qalmayacaq, Avrokubok biletini əldə edəcək. Bir sözlə, bu cütlüyün qalibi Avrokubokun qapısını aralayacaq. “Qəbələ” daha samballı oyunçulara malik olsa da, “Simurq” stabil oyunu ilə diqqət çəkən komandadır. Bizi çox gərgin iki oyun gözləyir.

Tarixdən sətirlər

“Qəbələ” -”Simurq” oyunu bu komandalar arasında kubokda ikinci duel olacaq. Qəbələ və Zaqatala klubları ilk dəfə 2007/08-ci il mövsümündə Azərbaycan Kubokunun 1/8 finalında rəqib olublar. Həmin vaxt bu mərhələnin qalibi iki oyunun nəticəsinə görə müəyyənləşdirilirib. İlk oyunda 1:0 hesablı qələbə qazanan “Qəbələ” cavab matçında da rəqibindən üstün olaraq mərhələ keçib – 2:1.

Ağdam (”Qarabağ”) və Bakı (”Bakı”) klubları bundan əvvəl 2 dəfə 1/4, 2 dəfə 1/2 finalda üz-üzə gəlib. 8 oyunda “Bakı” cəmi bir qələbə qazanıb, “Qarabağ” 5 dəfə sevinib, 2 oyun isə “sülh”lə bitib. Ağdamlıların 10 qoluna paytaxt təmsilçisi 5 qolla cavab verə bilib.

Ağdam klubu 4 haldan 3-də mərhələ adlayan tərəf olub. “Bakı” isə bir dəfə penalti seriyasını qazanaraq mərhələ keçib.

”İnter” və “Xəzər Lənkəran” komandaları indiyədək 2 dəfə yarımfinalda, 2 dəfə finalda qarşılaşıb və bu dəfəki matçlar 1/4 finalda 2-ci qarşılaşma olacaq. “İnter”lə “Xəzər Lənkəran” arasında baş tutmuş 8 oyunda penalti seriyası da daxil olmaqla “Xəzər Lənkəran” 4, “İnter” 2 dəfə qələbə qazanıb, 2 oyunda isə qalib müəyyənləşməyib. “Xəzər Lənkəran” iki dəfə finalda rəqibini udaraq kuboka sahib çıxıb.

”Xəzər Lənkəran” 2004-cü ildən bəri ümumilikdə 3 dəfə ölkə kubokuna sahib çıxıb və daha 2 dəfə finala qədər irəliləsə də, kuboku başı üzərinə qaldıra bilməyib. Belə ki, 2009/2010 mövsümündə “Bakı” və 2012/13 mövsümündə “Neftçi” ilə finalda qarşılaşan cənublular istəyinə çata bilməyib. Komanda 2 dəfə Ağasəlim Mircavadovun və bir dəfə rumın çalışdırıcı Mirça Rednikin rəhbərliyi altında kuboku Lənkərana gətirə bilib.

“Neftçi” – AZAL-la bağlı belə statistik rəqəmlər göstərə bilməyəcəyik. Çünki bu, komandalar arasında kubokda ilk görüş olacaq. Belə ki, “Neftçi” və AZAL belə bir turnirdə indiyədək rəqib olmayıb.

İlk və son qalib

Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışlar 1992-ci ildən keçirilməyə başlayıb. İlk final matçı İnşaatçı Bakı və Kür Mingəçevir klubları arasında baş tutub. Bu görüşdə 2:1 hesabı ilə qalib gələn “İnşaatçı Bakı” kubok qazanmanın sevincini yaşayan ilk klub kimi tarixə düşüb.

“Neftçi” Azərbaycan kubokunun sonuncu qalibidir. 2014-cü ilin may ayında Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”-”Qəbələ” matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxt müəyyənləşdirilib. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. “Neftçi” bu seriyada daha dəqiq oynayaraq Azərbaycan kubokunun sahibi olub. Onu da bildirək ki, “Neftçi” indiyədək 7 dəfə bu ada layiq görülüb ki, onun da üçünə penaltilər seriyası ilə nail olub.

Kubokun finalı… “Tofiq Bəhramov”da olmayacaq!

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları martın 13-də keçiriləcək. 1/2 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab oyunları aprelin 21-də təşkil olunacaq. Final oyunu isə iyun ayının 3-də baş tutacaq.

İyunun 3-də keçiriləcək futbol üzrə Azərbaycan kubokunun final matçı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmayacaq. Bu barədə “Report”a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, apreldən stadionda “Bakı-2015” I Avropa Oyunlarına hazırlıq işlərinə başlanılacaq. Arena kamandan oxatma yarışları üçün hazırlanacaq. Görüləcək işlərin qaçış cığırlarını əhatə edəcəyini deyən direktor ot örtüyünə hər hansı təsirin olmaması üçün çalışacaqlarını bildirib: “Stadionumuzda paralel olaraq, futbol matçları da keçiriləcək. Amma ölkə kubokunun final qarşılaşması Avropa Oyunları ərəfəsinə təsadüf edəcəyindən, görüşün bizim arenada təşkili mümkün olmayacaq”.

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-də start götürəcək. Kamandan oxatma yarışları isə 16 – 22 iyunu əhavə edəcək. Azərbaycan kubokunun final qarşılaşmaları əksərən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Ümumiyyətlə, kubokun final oyunları indiyədək iki dəfə (2005-2006 və 2011-2012-ci il mövsümlərində) başqa meydanlarda – “Şəfa” stadionunda və “Dalğa Arena”da təşkil olunub.

Məhəmməd Rəsulov