Avro qəpik səviyyəsinə düşdü: İtkimiz 1 milyard manata yaxınlaşır

427
Son zamanlar avronun məzənnəsinin milli valyutamıza (manat) nisbətdə ucuzlaşdığı müşahidə olunur.
 Cari ilin əvvəlindən keçən dövr ərzində avro manat qarşısında 7,4% ucuzlaşıb.  Mərkəzi Bankdan verilən məlumata görə, 2014-cü ilin ilk günündə bir avro 1,0780 manata bərabər olub. Dünən isə bu göstərici 0,9983 manata qədər düşüb. Eyni zamanda, son bir ay ərzində avro manata nisbətən 0,05% dəyərdən düşüb. Qeyd edək ki, manatla müqayisədə avronun məzənnəsi ən yüksək həddə 2009-cu ilin dekabr ayının əvvəlində (1 avro – 1,211 manat) çatıb. Lakin həmin tarixdən başlayaraq avro davamlı olaraq ucuzlaşmağa başlayıb. Hətta 2010-cu ilin iyun ayında avronun məzənnəsi tarixi ərzində ən aşağı səviyyəyə (1 avro – 0,9561 manat) düşüb. Sonrakı tarixlərdə yenidən yüksəlişə keçən avro, bu ilin əvvəlindən başlayaraq yenidən ucuzlaşmağa başlayıb. Bəs, görəsən avronun dəyərdən düşməsi ölkə iqtisadiyyatına necə təsir edəcək?

Avronun ucuzlaşması ixrac imkanlarımızı zəyiflədir

Avronun milli valyutamıza nisbətən dəyərdən düşməsi heç şübhəsiz ki, ilk növbədə xarici ticarət dövriyyəsinə təsir edəcək. Avronun ucuzlaşması Avropa dövlətlərinə satılan məhsulların azalmasına gətirib çıxaracaq. Eyni zamanda ixrac əməliyyatlarında əldə olunan real gəlirin həcmi azalacaq. Bu ilin əvvəlindən manatın məzənnəsinin avro qarşısında 7,4% bahalanması Avropaya satdığımız məhsullardan əldə etdiyimiz qazancın da eyni səviyyədə aşağı düşməsi deməkdir. Məsələn, ilin əvvəlində Avropaya satdığımız 100 manatlıq bir məhsulun qarşılığında 107,8 avro əldə edirdiksə, hazırda eyni dəyərdə məhsulun qarşılığında 99,8 avro əldə edirik. Qeyd edək ki, cari ilin ilk 9 ayı ərzində xarici ticarət sahəsində ixracın həcmi 17,3 milyard dollardan artıq olub. Bunun 9,25 milyard dolları və ya 53,4%-i Avropa ölkələrinin payına düşüb. Manatın avroya nisbətən möhkəmlənməsi ixrac imkanlarını zəiflətdiyi kimi Avropa ölkələrindən gətirilən məhsulların artmasına da səbəb olacaq. Bu isə yerli istehsala mənfi təsir göstərəcək.

 

Məzənnə dəyişikliyi Neft Fondunu 966,4 milyon manatdan mərhum etdi

Avronun ucuzlaşması eyni zamanda ölkəmizin rəsmi valyuta ehtiyatlarına da təsir edəcək. Qeyd edək ki, hazırda valyuta ehtiyatlarımızın 52,3 milyard dollardan çox olduğu bildirilir. Bu vəsaitlərin təxminən 37,3 milyard dollardan çoxu Neft Fondunun, 15 milyard dollardan bir qədər artığı isə Mərkəzi Bankın (MB) sərəncamındadır. MB-də valyuta ehtiyyatlarının 85%-i dollarla, 10%-i isə avro ilə saxlanılır. Rəqəmlərdən də göründüyü kimi, avronun məzənnəsində baş verən dəyişikliklər MB-nin valyuta ehtiyatlarına ciddi təsir etmyəcəkdir. Çünki, MB-də avro ilə saxlanılan vəsaitlərin həcmi elə də böyük deyildir. Təsadüfi deyil ki, bu ilin ötən dövrü ərzində avronun məzənnəsi manata nisbətdə 7,4% ucuzlaşsa da MB-nin valyuta ehtiyatlarında 7% və ya 990 milyon dollar artım qeydə alınıb. Neft Fondunda isə vəziyyət bir qədər fərqlidir. Burada vəsaitlərinin 50%-i dollar, 40%-i isə avro saxlanılır. Eyni zamanda, Neft Fondunda avro ilə saxlanılan vəsaitlər MB-nin valyuta ehtiyatlarından dəfələrlə çoxdur. Bu baxımdan avronun məzənnəsində müşahidə olunan enmə Fondda saxlanılan vəsaitlərin də azalmasına səbəb olacaq. Məzənnə dəyişikliyinin vəsaitlərə təsiri Fond tərəfindən açıqlanan statistik hesabatlarda da əks olunur. Belə ki, 2014-cü ilin ilk 3 rübü ərzində Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar xərcləri 966,4 milyon manata bərabər olub. ALLAHVERDI CƏFƏROV