“Avro-2020”: İngiltərə finalda

37

İyulun 7-də “Avro-2020″nin ikinci yarımfinal qarşılaşmasında İngiltərə və Danimarka milliləri üz-üz gəliblər. Londondakı “Uembli” stadionunda keçirilən görüşdə hesab 30-cu dəqiqədə açılıb. Danimarkalıların 21 yaşlı hücumçusu Mikkel Damsqaard cərimə zərbəsindən baxımlı qola imza atıb – 1:0. Bu, Avropa çempionatında öz qapılarını toxunulmaz saxlayan ingilislərin buraxdıqları ilk qol olub.

Qoldan sonra, xüsusilə birinci hissənin sonuna yaxın təzyiqi artıraraq bir neçə qol vəziyyəti yaradan İngiltərə komandası matçın 39-cu dəqiqəsində istəyinə çatıb. İngilislərin sağ cinahdan başladığı hücumda Sakanın cərimə meydançasındakı Rahim Sterlinqə ötürməsinə mane olmağa çalışan kapitan Simon Kyaer avtoqola imza atıb – 1:1.

İlk hissə bu hesabla başa çatıb.

Lakin hər iki komandanın cəhdlərinə baxmayaraq, ikinci hissədə qapılara top vurulmayıb.

Qalibi müəyyənləşdirnək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə vaxt oynanılıb.

Birinci əlavə vaxtın sonuna yaxın danimarkalı müdafiəçilərin cərimə meydançasında Rahim Sterlinqə qarşı törətdikləri qayda pozuntusuna görə hakim 11 metrlik cərimə zərbəsi təyin edib.

Harri Keyn matçın 114-cü dəqiqəsində cərimə zərbəsini yerinə yetirib. Qapıçı Kasper Şmayxel ilk zərbəni dəf etsə də, Harri Keyn təkrar zərbə ilə komandasını hesabda irəli çıxarıb.

Beləliklə, görüşdə 2:1 hesabı ilə qalib gələn İngiltərə milli komandası Avropa çempionatları tarixində ilk dəfə finala yüksəlib.

İyulun 11-də keçiriləcək final matçında İngiltərənin rəqibi İtaliya komandası olacaq. “Uembli” stadionunda keçiriləcək həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.