“Avro-2020”: Bakıda Azarkeş Zonası iyunun 12-də fəaliyyətə başlayacaq

0
193

Futbol üzrə “Avro-2020”yə həsr olunmuş Azarkeş Zonası – bileti olmayan azarkeşləri bir araya gətirəcək və onlara əsl futbol həyəcanı yaşadaraq möhtəşəm oyunların bir hissəsinə çevirəcək tədbir olacaq.

 AFFA xəbər verir ki, Azarkeş Zonası müxtəlif məhsulların satılacağı mağazalar və digər satış nöqtələri ilə yanaşı, əyləncə və qidalanma məkanlarını da əhatə edəcək.

Bu zonada qonaqlara müxtəlif əyləncə proqramları da təklif ediləcək. Canlı musiqi, ailələr üçün rəngarəng oyunlar və tədbirlər, eləcə də korporativ qurumlar üçün nəzərdə tutulan maraqlı proqramlar hər kəsin zövqünü oxşayacaq. Eyni zamanda, burada oyunları canlı izləmək imkanı yaradılacaq. “Avro-2020” haqqında ən son xəbərlərlə tanış olmaq üçün nəhəng LED ekranlar quraşdırılacaq.

Azyaşlı azarkeşlər üçün batut attraksionları və əyləncəli master-klaslar da fəaliyyət göstərəcək.

Yeni Bulvar ərazisində fəaliyyət göstərəcək Azarkeş Zonası iyunun 12-dən iyulun 13-dək davam edəcək. Məkan hər gün saat 14:00-dan 01:00-dək açıq olacaq.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə – Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun), İsveçrə-Türkiyə (21 iyun) qarşılaşmaları, eləcə də dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) Bakı Olimpiya Stadionunda oynanılacaq.