Avro-2016-da iştirak edəcək komandalar IV dəfə Avropa çempionu olmaq istəyən ölkə – İspaniya

545

2016-cı ilin iyun-iyul aylarında Fransada keçiriləcək futbol üzrə növbəti Avropa çempionatının favorit komandalarından biri də 3 qat Avropa çempionu İspaniya yığma komandasıdır. İspaniya yığma komandası İtaliya, Almaniya, Fransa və İngiltərə kimi Avropa çempionatında qalib gəlməyə layiq komandalardan biri hesab edilir. İspaniya yığması üstəlik son iki Avropa çempionatında (2008-2012-ci illərdə) qalib gəlib. Bu baxımdan İspaniya yığmasının növbəti dəfə öz uğurunu təkrar etməyə çalışacağı, ardıcıl olaraq 3-cü, ümumi hesabda isə 4-cü dəfə Avropa çempionu olmaq uğrunda mübarizə aparacağı şübhə doğurmur. Üstəlik futbol üzrə İspaniya yığma komandasını Avropa çempionatına hazırlaşdıran da 2010-2012-ci ilərdə bu komandaya dünya və Avropa çempionu titullarını qazandıran baş məşqçi Visente del Boskedir. Yeri gəlmişkən onu da deyək ki, Boskenin rəhbərliyi altında İspaniya 2010-cu ildə öz tarixində ilk dəfə dünya çempionu olub. Boskenin növbəti dəfə İspaniya yığmasının Avropa çempionatına hazırlaşdırdığını nəzərə alsaq, onda təcrübəli məşqçinin rəhbərliyi altında ispanların çempion titulunu yenidən əldə etmək üçün sona kimi mübarizə aparacağını söyləmək olar. Hər halda Boske Avropa çempionu titulu uğrunda mübarizə aparacaq digər güclü yığmaların, o cümlədən, Fransanın, Almaniyanın, İtaliyanın və İngiltərənin gücünə, oyun taktikasına yaxşı bələddir. Bu müstəvidə də Avropanın və dünyanın aparıcı futbol ölkələrindən biri hesab edilən İspaniya son illərdə qazandığı uğurlarla daim diqqət mərkəzində olub. Bu da təsadüfi deyil. Belə ki, İspaniya dünya futbolunun inkişafına daim özünün töhfələrini verərək istedadlı futbolçuları ilə milyonlarla futbolsevərin rəğbətini qazanan ölkələrdən birinə çevrilib. 1909-cu ildə yaradılan İspaniya Futbol (Kral) Federasiyası dünyanın ən qocaman futbol ittifaqlarından biri hesab edilir. 1913-cü ildə Beynəlxalq Futbol Federasiyasının (FİFA), 1954-cü ildə isə UEFA-nın (Avropa Futbol Federasiyası) üzvü olan İspaniya daim güclü klub komandaları ilə də Avropada və dünyada tanınıb. Ümumiyyətlə İspaniya La Liqası dünyanın ən güclü çempionatlarından biri hesab edilməkdədir. Təsadüfü deyil ki, İspaniya çempionatında dünyanın ən güclü komandalarından hesab edilən “Barselona”, “Real” Madrid, “Atletiko” Madrid, “Sevilya”, “Valensiya”, “Atletik” Bilbao kimi klublar çıxış edirlər. Bu klubların hər biri Almaniya, İngiltərə, Fransa, İtaliya çempionları ilə mübarizədə qalib gəlməyə qadir komandalar hesab edilirlər. Adı çəkilən klublardan hər birində kifayət qədər güclü oyunçular oynayırlar və onlar belə demək mümkünsə dünya futbolunun nəbzini müəyyən edirlər.

Uzun illər çempionluğa həsrət qaldı

La Liqada güclü oyunçuların oynamasına baxmayaraq İspaniya yığması uzun illər Avropanın tanınmış futbol ölkəsi kimi özünü tanıda bilməyib. Hər halda İtaliya, Almaniya və digərləri ilə müqayisədə İspaniya yığmasının dünyanın aparıcı futbol ölkəsi kimi özünü tanıda bilməsi üçün on illərlə vaxt lazım gəlib. Yuxarıda qeyd etdiyimiz kimi 1909-cu ildə İspaniya Futbol (Kral) Federasiyasını yaradan və 1913-cü ildə FİFA-ya üzv olan İspaniya yığması 1920-ci ildə keçirilən Olimpiya oyunlarında iştirak etməklə debut edib. Bu debut İspaniya yığması üçün uğurlu olub. Belə ki, ispanlar olimpiadanın gümüş medallarını qazanıblar. Lakin sonrakı illərdə İspaniya yığması bu uğurlarını təkrar edə bilmədi. İspaniya yığmasının ən böyük uğuru 1934-cü ildə keçirilən dünya çempionatının dörddəbir finalına kimi irəliləyə bilməsi oldu.

II dünya müharibəsindən sonra 1950-ci ildə keçirilən futbol üzrə dünya çempionatında İspaniya yalnız 4-cü yerlə kifayətlənməli oldu. Amma bundan sonra İspaniya yığması dünya çempionluğu uğrunda mübarizədə uğursuzluq zolağına düşdü və 2010-cu ilə kimi bu mötəbər yarışlarda fərqlənə bilmədi. 1954-cü ildə İspaniya yığması UEFA-ya üzv qəbul edildi. Avropa çempionu uğrunda 4 ildən bir keçirilən yarışların ilk dövründə İspaniya bir o qədər də yaxşı oyun nümayiş etdirə bilmədi. Yalnız 1964-cü ildə İspaniyada keçirilən Avropa çempionatında adı çəlilən ölkə yığması ilk uğurunu əldə edə bildi. Avropa çempionatının finalında SSRİ ilə qarşılaşan ispanlar rəqiblərinə qalib gələrək öz tarixlərində ilk dəfə ən böyük uğura imza ataraq Avropa çempionu oldular. O vaxt İspaniya yığmasının qazandığı uğurda baş məşqçi Hose Vilyalonqinin böyük xidmətləri oldu.

Bununla belə Avropa çempionu İspaniya yığması bundan iki il sonra 1966-cı ildə Londonda keçirilən futbol üzrə dünya çempionatında uğursuzluqla üzləşdi. İlk oyunda Argentinaya, sonra isə Almaniyaya məğlub olan İspaniya yığması vaxtından əvvəl yarışları tərk etməli oldu. Bundan sonra 1978-ci ilə kimi İspaniya yığması dünya çempionatının finalına vəsiqə qazana bilmədi. 1982-ci ildə İspaniyada keçirilən futbol üzrə dünya çempionatında isə İspaniya yığması yenə də uğursuz çıxış etdi. Bunun əvəzində 1984-cü ildə keçirilən futbol üzrə Avropa çempionatında ispanlar ikinci dəfə Avropa çempionu titulunu qazanmğa çox yaxın idilər. Lakin İspaniya yığması finalda meydan sahiblərinə Fransaya uduzaraq ikinci yerlə kifayətlənməli oldular. 1986-cı ildə keçirilən dünya çempionatında isə ispanlar dörddəbir finalda mübarizəni dayandırdılar. Bundan sonrakı illərdə (1990-1994-1998-2002 və 2006-cı illər) keçirilən dünya çempionatlarında da İspaniya yığması ciddi uğura imza ata bilmədi. Eyni zamanda 1992-1996, 2000-2004-cü illərdə baş tutan Avropa çemponatlarında da İspaniya yığması arzu edilən nəticə ilə azarkeşlərini sevindirə bilmədi.

İspaniya yığmasında Visente del Boskenin qızıl dövrü

Ümumiyyətlə İspaniya yığması ilk dəfə Avropa çempionu titulunu qazanandan sonra 44 il çempionluq sevinci yaşamağa həsrət qaldı. 2006-cı ildə keçirilən futbol üzrə dünya çempionatında uğursuz çıxışdan isə komada nəticə çıxardı. 2008-ci ildə keçirilən Avropa çempionatında baş məşqçi Luis Araqones komandasını qələbyə imza atdıra bildi. Avropa çempionatının finalına kimi irəliləyən İspaniya yığması güclü rəqib Almaniya üzərində 1:0 hesabı ilə qələbə qazanaraq ikinci dəfə Avropa çempionu olmaq sevinclərini yaşadı. Amma bu qələbədən sonra Araqones istefa verdi, onun yerinə isə Visente del Boske baş məşqçi təyin edildi.

Boskenin gəlişindən sonra xeyli güclənən İspaniya yığması 2010-cu ildə keçirilən dünya çempionatında da əsl mübarizlik əzmi nümayiş etdirdi. İspaniya yığması dünya çempionatının ilk oyununa İsveçrəyə 0:1 hesabı ilə məğlub olaraq başladı. Lakin sonrakı oyunlarda özünü toparlayan İspaniya yığması finala kimi irəliləyə bildi. Finalda əlavə vaxtda, oyunun 116-cı dəqiqəsində İnyestanın vurduğu qolla Hollandiya üzərində qələbə qazanan İspaniya yığması öz tarixində ilk dəfə dünya çempionu oldu. 2012-ci ildə keçirilən Avropa çempionatında da Boskenin komandası növbəti uğura imza atdı. Belə ki, İspaniya yığması Avropa çempionatının finalında İtaliyanın qapısından 4 cavabsız top keçirərək 3 dəfə Avropa çempionu titulunu qazanan və iki dəfə ardıcıl bu uğuru təkrar edən ilk komanda oldu. Bununla belə Boskenin komadası 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında yenidən uğursuz çıxış etdi. İspaniya yıpğması Hollandiyaya 1:5, Şotlandiyaya isə 0:2 hesabı ilə məğlub oldu. Düzdür, son oyunda ispanlar Avstarliyaya 3:0 hesabı ilə qalib gəldilər. Ancaq bu qələbə ispanlar üçün zəif təsəllidən başqa şey olmadı. Komanda ələnərək vaxtından əvvəl mübarizəni dayandırdı.

Boske qələbəyə inanır

Son dünya çempionatında İspaniyanın uğursuz çıxış etməsinə baxmayaraq Boske komandasını yenidən Avropa çempionu edə biləcəyinə inanır. O İspaniya yığmasının 4-cü dəfə Avropa çempionu titulunu qazanmaq üçün meydana çıxacağını söyləyib. Bu da əsassız deyil. Belə ki, Avropa çempionatının finalına vəsiqə qazanmaq uğrunda qrup mərhələsi çərçivəsində keçirilən 10 oyunda 27 xal toplayan İspaniya yığması oduqca gözəl oyunu ilə futbolsevərləri özünə heyran qoydu. Təsadüfi deyil ki, Boskenin komandası hazırda Avropanın ən güclü komandalarından biri hesab edilir. İspaniya yığması bu ilin fevral ayının FİFA reytinqində dünyanın ən güclü 3-cü komandasıdır. UEFA reytinqinə görə isə İspaniya yığması Avropanın ən güclü ikinci komandası elan edilib. İspaniya yığmasında Kasilyas, de Xea, Pike, Alba, Buskets, İnyesta, Fabreqas, Koke, Mata, Alkantara, Kasorla, Morata, Alkaser, Rodriges, Kosta, Nolita kimi güclü oyunçular oynayır. Onların hər biri eyni zamanda dünya futbolunun ən öndə gedən məşhur futbolçuları hesab edilirlər. Bir sözlə İspaniya yığması yenidən Avropa çempionu titulunu qazanmağa layiq komandalardan biridir. Əgər Boske komandasının qrup mərhələsində göstərdiyi mübariz oyun ruhunu qoruyub saxlaya bilsə, onda İspaniya yığması yenidən Avropa çempionu olmaq sevincini yaşayraq daha bir rekorda (3 dəfə ardıcıl Avropa çempionu olmaq) imza ata biləcək.

Əziz Mustafa