“Avrasiya İttifaqı ideyasının arxasında Rusiyanın imperiya ambisiyaları dayanır”

491
Müsahibimiz ehtiyatda olan polkovnik, hüquq elmləri üzrəfəlsəfə doktoru, hərbi ekspert Qabil Zamanlıdır.
Qısa məlumat:

Polkovnik Qabil Zamanlı Lvov Ali Hərbi Siyasi məktəbini bitirib.1983-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin, 1991-1993-cü illərdə Azərbaycan Respublikasının Daxili Qoşunlarında xidmət edib. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və yaralanıb. 1993-2011-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında döyüş və xidmət hazırlığı üzrə rəis müavini işləyib.  Hüquq elmləri namizədi, hərbi ekspertdir.

– Qabil müəllim, Avrasiya İttifaqı ideyası özünü doğruldacaqmı?

– Bildiyimiz kimi, aprel ayının 29-da Qazaxıstanın paytaxtı  Astana şəhərində Rusiya, Qazaxıstan və Belarus prezidentləri tərəfindən Avrasiya İttifaqının yaradılması barədə anlaşma imzalandı. Sənədə əsasən, Avrasiya İttifaqının paytxtı Sovet imperiyasında olduğu kimi, yenə də Moskva olacaq. Avrasiya İttifaqı ideyasının arxasında Rusiyanın imperiya ambisiyaları dayanır. Bununla bağlı yadıma hələ ötən əsrin 70-ci illərinin sonları, 80-ci illərin əvvəllərində Lvov Ali Hərbi Siyasi Məktəbində oxuduğum vaxt müəllimlərimdən birinin dedikləri düşdü. O dövrdə bizə hərbi iqtisadi coğrafiya fənnini polkovnik Voronin  deyirdi. O həmişə biz kursantlara deyirdi ki, sosializm genişlənəcək və bütün dünyanı əhatə edəcək və sizlər “sovet” yox, “rus zabitləri” Hind okeanında çəkmələrinizi çıxarıb, ayaqlarınızı yuyacaqsınız. Amma onun dedikləri kimi olmadı. İsti dənizlərə, Hind okeanına çıxmaq üçün Əfqanıstana qoşun yeridən SSRİ bununla da özünə, obrazlı şəkildə desək, ölüm hökmü imzaladı.

O dövrün sosializim ideyaları, Moskvanın dünyanı sosializm bloku altında birləşdirmək cəhdləri iflasa uğradı. Ona görə ki, bütün bunlar sosializm ideologiyası adı altında imperiya maraqlarına xidmət edirdi. SSRİ dağılandan sonra onun yerində yaradılan Müstəqil Dövlətlər Birliyi (MDB) də özünü doğrultmadı. Çünki MDB də Rusiyanın imperiyanı yeni müstəvidə bərpa etməsinə xidmət edirdi. Belə bir vəziyyətdə Putin indi də Avrasiya İttifaqı adı altında imperiyanı yenidən bərpa etmək istəyir. Amma  bunun da bir xeyri olmayacaq. MDB kimi, Avrasiya İttifaqı ideyası da boşa çıxacaq və bu baxımdan onun özünü doğruldacağına inanmıram.

–  Bununla belə, Rusiya keçmiş MDB məkanı ölkələrinin bəzilərini təzyiq, şantaj ilə yolu Avrasiya İttifaqına üzv olmağa məcbur etmək istəyir…

–  Zorla qurulan ittifaqların hamısının sonu faciə ilə bitib və Avrasiya İttifaqına zorla, təzyiq yolu ilə üzvlər qəbul etdirmək yaxşı heç nəyə gətirib çıxarmayacaq. Bilirsiniz, Rusiya hələ də imperiya ambisiyaları ilə yaşayan ölkədir. Amma tarixdə imperiyalar dövrü çoxdan keçib. Rusiya isə hələ də bu bəladan xilas ola bilmir və onlara elə gəlir ki, silah yolu ilə nəyə isə nail olmaq olar. Belə hesab edirəm ki, imperiya ambisiyalarından əl çəkə bilməməsi Rusiyanın sivil inkişafına mane olan ciddi problemə çevrilib. İmperiya siyasəti Rusiyanı az qala bütün ölkələrin düşməninə çevirib. Ona görə də Rusiyanın ətrafında dost ölkə tapa bilmək çox çətindir. Hətta  Rusiya ilə eyni kökdən olan əksər slavyan dövlətləri belə, Rusiyaya düşmən münasibət bəsləyirlər. Yenə də bunun kökündə Rusiyanın imperiya ambisiyaları dayanır. Belə davam edəcəyi təqdirdə isə Rusiya uçuruma sürüklənəcək.

–  Rusiyada keçirilən rəy sorğularından birində rəyi soruşulanlar Azərbaycanın Avrasiya İttifaqında görmək istədiklərini bildiriblər. Eyni zamanda bununla bağlı Azərbaycana müxtəlif səviyyələrdə təzyiqlər edildiyi barədə də mətbuatda məlumatlar gedir. Bu baxımdan bizə Avrasiya İttifaqı lazımdırmı?

– Azərbaycan hökuməti rəsmi şəkildə dəfələrlə bildirib ki, ölkəmiz hər hansı ittifaqda təmsil olunmaq, o cümlədən Avrasiya İttifaqına üzvlük fikrində deyil. Azərbaycan müstəqil dövlətdir və bütün ölkələrlə ikitərəfli əməkdaşlığa üstünlük verir. Bununla belə, SSRİ dağılandan sonra Azərbaycana təzyiqlər həmişə olub. Amma bu təzyiqlərin hamısı boşa çıxıb. Azərbaycan güclü dövlətdir və təzyiqlərlə ölkəmizi  tutduğu yoldan döndərmək mümkün deyil.

– Rusiya ilə Ukrayna arasında hazırda faktiki olaraq elan olunmamış müharibə gedir Bunun sonu nə ilə bitəcək?

–  Rusiyanın Krımı işğal etməsi faktiki olaraq Ukraynaya müharibə elan etməsi deməkdir. Hazırda Ukraynanın şərqində baş verən qanlı toqquşmalar da Rusiya tərəfindən körüklənir. Rusiya terrorçu separatçılara silahla yardım göstərərək, bu ölkəyə qarşı təcavüzkarlıq siyasətini davam etdirir.

Bir sözlə Ukrayniyanın şərqində baş verənlər və “qondarma Novorossiya” dövlətinin elan olunmasının da arxasında Moskvada hazırlanan ssenarilər dayanır. Amma Rusiya bundan çox şeylər itirəcək. Çünki Ukraynaya qarşı təcavüzə baş vurmaqla Rusiya Qərb ölkələrini Kremldən gələn yeni təhlükəyə qarşı birləşməyə məcbur etdi. Nəticədə Rusiya ətrafı dövlətlər də NATO hərbi gücünü artırmağa məcbur oldu. Qara dənizə yenidən NATO hərbi gəmiləri yeridildi. Nəhayət, Rusiyanın Ukraynaya təcavüzü Moskvanın “slavyan həmrəyliyi” illüziyasını və bu ad altında eyni kökə malik olan xalqları öz ətrafında toplama niyyətləri də boşa çıxardı. Əvəzində Rusiya bununla slavyan ölkələri arasında olan-qalan hörmətini də itirərək özünün simasında onlarda dişmən dövlət obrazı formalaşdırdı. Bu baxımdan  Rusiya Ukraynaya təcavüz etməklə daha bir düşmən dövlət qazandı. Əgər Əfqanıstana təcavüz SSRİ-ni çökdürdüsə, Ukraynaya təcavüz bu dəfə Rusiyanın eyni taleyi yaşamasına gətirib çıxaracaq. Bu müharibədən də Ukraynanın qalib çıxacağına heç kəs şübhə etməsin.

Nəhayət, Qərb ölkələrinin, dünyanın demokratik qüvvələrinin Rusiyaya iqtisadi və siyasi təzyiqləri davam edəcəyi halda, Moskva beynəlxalq aləmdən təcrid olunacaq. Bu da öz növbəsində Rusiyada imperiya siyasətindən uzaq demokratik güclərin hakimiyyətə gəlməsinə yol aça bilər. Onda dənizin ləpələri dəniz suyunun üzərində olan zibilləri təmizləyərək sahilə atdığı kimi, rus xalqı da V.Jirinovski və Rusiyanı qaranlıqlara aparan digər millətçiləri təmizləyib zibilliklərə atacaq.

– Rusiya Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə gedə bilərmi?

– Bilirsiniz, Ukraynaya təcavüzə baş vurmaqla Rusiya MDB məkanına və digər qonşu ölkələrə münasibətdə çirkin ssenarilər həyata keçirdiyini sübut etmiş oldu. Bu müstəvidə Dağlıq Qarabağ və MDB məkanındakı digər münaqişələr Rusiyanın əlində imperiyanı yenidən bərpa etmək kartına çevrilib. Rusiya bu kartlardan heç vaxt imtina etməyəcək. Yeri gəlmişkən onu da deyim ki,

Dağlıq Qarabağ münaqişəsi başlayanda mən DİN-in Daxili Qoşunlarında rəhbər vəzifələrdəydim. O zaman bizə bəlli idi ki, Azərbaycan öz tarixi torpaqlarında gedən savaşda məhz rus əsgərləri və Moskva tərəfindən silahlandırılan erməni quldur dəstələri ilə savaşır. İllər ötsə də Rusiyanın bu siyasəti dəyişməz olaraq qalmaqda davam edir. Ona görə də Dağlıq Qarabağ ətrafında 3 və ya 5 rayonu qaytarmaqla ölkəmizi Avrasiya İttifaqına üzv olmağa razı salmaq Azərbaycanın yenidən imperiya caynağına sürüklənməsinə yol aça və bizim üçün fəlakət ola bilər.

Azərbaycan özünün müstəqilliyinin itirilməsinə aparıb çıxaran belə oyunlara heç vaxt gedə bilməz və getməyəcək də.

–  Bir arada əksər siyasi müşahidəçilər tərəfindən “5-ci kolon” adlandırılan rusiyameyilli qüvvələr Azərbaycanda yenidən fəallaşmışdı.  Bu bir təsadüf idi, yoxsa haradansa körüklənirdi?

– Rusiya Krımı işğal edəndən sonra ölkə daxilindəki bəzi rusiyameyilli satqınlara elə gəldi ki, Moskvanın növbəti hədəfi Azərbaycan olacaq. Ona görə də onlar xəyanətkar simalarını büruzə verdilər. Əslində mən bu qüvvələrin “5-ci kolon” adlandırılmasının əleyhinəyəm. Bu qüvvələrə layiq olduqları adı vermək lazımdır. Onlar “5-ci kolon” deyil, satqın və öz dövlətinə xəyanət edənlərdir. Əgər onlar Rusiyanı çox sevirlərsə, onda gedib öz ağalarının yanında yaşaya bilərlər.

– Ermənistanın hərbi müttəfiqi olan  Rusiyadan aldığımız silahların etibarlı olmasına zəmanət varmı?

– Rusiya yeni silahlarını o zaman satışa çıxarır ki, ondan da yaxşısını əldə etmiş olsun. Ona görə də, zənnimcə, bu məsələdə olduqca ehtiyatlı olmalı, alınan silahların etibarlı olub-olmaması diqqətlə yoxlanılmalıdır. Çünki bir vaxtlar SSRİ-nin Səddam Hüseyn tərəfindən idarə olunan İraqa satdığı “Skad” raketlərinin çoxu yararsız çıxdı, onlar atılandan sonra ya havada partladı, ya da hədəfə gedib çatmadı. Üstəlik, biz Ermənistanın hərbi müttəfiqi olan ölkədən silah alırıq və Rusiyanın hərbi sənaye komplekslərində yüksək vəzifələrdə kifayət qədər erməni çalışır. Mən  bizim hərbi mütəxəssislər bu məsələni nəzərə alırlar.

ƏZIZ MUSTAFA