“Avrasiya İttifaqı həm də xidmətlər, investisiyalar və işçi qüvvəsidir”

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlığa dair memorandum imzalayıb. 
Bunu ölkəmizdə səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib. O, əlavə edib ki, bundan başqa, “Ümumrusiya sərgi mərkəzinin ərazisində Azərbaycan ticarət-sərgi mərkəzinin yaradılması haqqında” dövlətlərarası razılaşma, “İnvestisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında” dövlətlərarası anlaşma, texnoparklar haqqında, o cümlədən uzun müddət iqtisadi əməkdaşlığa dair proqramın imzalanması nəzərdə tutulur. Nazir qeyd edib ki, “İnvestisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında” sənəd iyulda imzalanacaq.

Bakının sürətli iqtisadi dinamikaya malik olduğunu deyən rusiyalı nazir Rusiya və Azərbaycanın oxşarlıqlarının çox olduğunu deyib. O, nəqliyyatın məhdudluğunun iki ölkə arasındakı iqtisadi potensialın daha da artmasına mane olan amillərdən biri olduğunu qeyd edib: “Biznesin zəruri nəqliyyatla müşayiət olunması üçün logistik mərkəzlər yaratmalıyıq. Nəqliyyat xərclərini azaltmalıyıq. Bundan başqa, hüquqi baza yaradılmalıdır”.

Aleksey Ulyukayev bildirib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaq məsələsinə baxa bilər. Nazir deyib ki, Aİİ ciddi iqtisadi imtiyazlar verir: “Əlbəttə, iqtisadi məsələlərlə yanaşı, bir sıra siyasi məsələlər də var, amma hesab edirəm ki, həll edilməsi mümkün olmayan məsələ yoxdur”.

Onun sözlərinə görə, digər inteqrasiya formaları kimi, Aİİ azaddır və iştirak üçün açıqdır: “Biz bu barədə danışdıq və bu məsələ müzakirə mövzusu olaraq qalır. Mənim nöqteyi-nəzərimcə, Azərbaycanın həmin sazişdə iştirakı məntiqli və doğru olardı. Axı Azərbaycan MDB-nin azad ticarət rejimindən istifadə edir. Bu istiqamətdə daha da irəli getmək lazımdır. Aİİ təkcə azad əmtəə bazarı deyil, həm də xidmətlər, investisiyalar, işçi qüvvəsidir. Bu, əməyin və biznesin müdafiə olunmasıdır”.

Rusiyalı nazir deyib ki, RF Azərbaycanın regional əməkdaşlığa malik olduğu yeganə tərəfdaşıdır: “Bu əməkdaşlığın nümunəsi kimi, iyunun 20-də Rusiya regionlarının iştirakı ilə Qəbələdə keçiriləcək biznes forumunu göstərə bilərəm”.