Avrasiya İqtisadi İttifaqı çökür

582

Halbuki bu qurumun fəaliyyətə başlamasına Rusiya ali dairələrində böyük ümidlə baxırdılar. Rusiyanı idarə edən Putin rejimi belə güman edirdi ki, yeni qurum keçmiş imperiyanın bərpasına yol açaraq, SSRİ-nin dağılması ilə müstəqilliklərini əldə edən postsovet respublikalarını yenidən bir çətir altına yığmağa imkan verəcək. Amma Putinin imperiyanın bərpası yönündə atdığı addımlar və bu müstəvidə qurulan Avrasiya İqtisadi İttifaqı ona olan ümidləri doğrultmadı. Buna da səbəb Rusiyanın Ukrayna ərazilərini, o cümlədən Krımı, Donbası və Luqanskı işğal etməsi nəticəsində Qərb tərəfindən Moskvaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar oldu. Halbuki Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin bəziləri, o cümlədən Qırğızıstan bu quruma üzv olmaqla iqtisadi vəziyyətlərini yüngülləşdirməyə ümid edirdi. Lakin onlar bu quruma üzv olmaqla nəinki iqtisadi vəziyyətlərini yüngülləşdiriblər, əksinə Rusiyaya tətbiq edilən sanksiyaların ağır təsiri altına düşüblər. Vəziyyətin gündən-günə ağırlaşdığını hiss edən Qırğızıstanda əhali təşvişə düşməyə başlayıb. Əhalinin maddi durumunun ağırlaşması öz növbəsində ölkənin siyasilərini də hərəkətə gətirib. Məsələn, Ata Məkan Partiyasının rəhbərlərindən biri hesab edilən Omurbek Təkəbayev: “Hökumət Avrasiya İqtisadi İttifaqına daxil olmaq barədə qərarını əsaslandırarkən bunun xalqımıza iqtisadi baxımdan xeyir gətirəcəyini, insanların maddi rifahının yüksələcəyini, yeni iş yerlərinin açılacağını, quruma üzv ölkələr arasında gömrük qurumlarının ləğv olunacağını, ölkəmizə daha ucuz malların daxil olacağını, eyni zamanda bizim ittifaq ölkələrinə böyük həcmdə kənd təsərrüfatı malları göndərəcəyimizi bəyan etmişdi. Bu məqsədlə də “Yol xəritəsi” hazırlanmışdı. Amma hanı hökumətin bizə verdiyi vədlər? Niyə bizim kənd təsərrüfatı mallarımızı sərhəddən buraxmırlar? Bütün bunlara görə, bu işə məsul olan Baş Nazir Sarıyevi parlamentə çağıraraq, ondan hesabat tələb etməliyik”,-deyib.
Öz növbəsində Qırğızıstanın “Avrasiya İqtisadi İttifaqına daxil olmasının ölkəni ağır vəziyyətə salmasına görə hökumət müxtəlif yollarla özünə haqq qazandırmaq istəyir. Məsələn, Baş Nazirin birinci müavini Oleq Pankratov siyasi partiya liderlərinin hökuməti tənqid etməsinə cavab verərkən deyib ki, heç kim Rusiyada böhran baş verəcəyini və nəticədə quruma üzv ölkələrin ağır vəziyyətə düşəcəyini öncədən görə bilməzdi. Oleq Pankratov: “Qırğızıstan Aİİ-yə üzv olarkən Rusiya böhran dövrünü yaşamırdı, neftin qiyməti ucuzlaşmamışdı, sanksiyalar və antisanksiyalar nəticəsində Rusiya və Qazaxıstanda milli valyutalar devalvasiyaya uğramamışdı. Bütün bunlar Aİİ-yə üzv ölkələrin iqtisadi vəziyyətinin pisləşməsinə yol açıb”,-deyib. Əlbəttə, Pankratovun sözlərində müəyyən qədər həqiqət var. Belə ki, iqtisadi sanksiyalar və neftin ucuzlaşması, həqiqətən, Aİİ-nin aparıcı lokomotivi olan Rusiya və Qazaxıstanı ağır vəziyyətə salıb və bu da qurumun digər ölkələrində də əhalinin maddi rifahının pisləşməsi yönündə özünü hiss etdirməkdədir. Lakin o da aydındır ki, Rusiya heç vaxt Aİİ-ni yaratmaqla buradakı kasıb ölkələrin, o cümlədən Qırğızıstan və Tacikistanı iqtisadi baxımdan süd gölündə üzdürməyi qarşısına məqsəd qoymayıb. Rusiya bu yolla imperiyanı keçmiş sərhədlər daxilində bərpa etmək niyyətindədir. Yəni bütün hallarda hətta sanksiyalar olmasaydı belə çətin ki, Qığızıstan və Tacikistan kimi ölkələr Aİİ-yə üzv olmaqla nə isə əldə edə biləcəkdilər. Yenə də məsələdən uzağa getmədən deyək ki, Pankratov məhz neftin ucuzlaşması və iqtisadi sanksiyalar nəticəsində yükdaşımaların qiymətinin artdığını, gömrük rüsumlarının qaldırıldığını iddia edərək, hökumətə haqq qazandırmağa cəhd edir.

Pankratov niyə Qazaxıstanı günahlandırır?
Halbuki bütün hallarda Aİİ-yə üzv ölkələr arasında gömrük rüsumları sadələşdirilməli, azaldılmalı, malların sərhəddən keçidi asanlaşdırılmalı idi. Ancaq faktiki olaraq, Aİİ-yə üzv ölkələr üçün nəzərdə tutulan prosedurlar işləmir. Əksinə, yaranmış vəziyyətlə bağlı quruma üzv ölkələrin hər biri öz maraqlarının təmininə xidmət edən addımlar atır və bununla da digər ölkələr üçün əlavə problemlər yaradırlar. Yenə də Qırğızıstanda yaranan ağır iqtisadi durumla bağlı Pankratov digər ölkələri, o cümlədən Qazaxıstanı günahlandırmaqda davam edir. Məsələn, Pankratov deyir: “Qazaxıstan son hadisələrlə bağlı yaranmış vəziyyətdən istifadə edərək bizi – qırğızları Rusiya bazarına buraxmaq istəmir və sərhəddəki sanitar nəzarətini götürməkdən imtina edir”.
Əslində Pankratov göründüyü kimi, günahı başqa yerdə axtarmaqla yenə də hökumətə haqq qazandırmaqda davam edir. Pankratovun Qazaxıstanı günahlandırması əslində bu iki ölkə arasında düşmənçiliyə də gətirib çıxara bilər. Halbuki qırğızlar və qazaxlar eyni millətin övladları, belə demək mümkünsə bir millət, iki dövlət olan ölkələrdir. Qazaxıstanda milli valyutanın ucuzlaşması, təbii ki, adıçəkilən ölkədən gündəlik tələbat malları gətirən qırğızlar üçün xoşagəlməz olub. Məsələn, əgər Qazaxıstanda, daha dəqiq desək, Almatıda şəkər tozunun bir kiloqramı 32 somdursa, bu şəhərdən cəmisi 220 kilometr məsafədə yerlşən Bişkekdə 42 somdur. Buna səbəb yol xərcləri və gömrük rüsumlarının artmasıdır. Almatıda Aİİ markalı benzinin bir litri 22 som, Bişkekdə isə 33 somdur. Yenə də buna səbəb nəqliyyat və gömrük xərclərinin artmasıdır. Halbuki Aİİ Nizamnaməsinə görə, qırğızlar Qazaxıstandan və ya quruma üzv digər ölkələrdən hər hansı mal alıb gələrkən sərhəddə onlardan gömrük rüsumu alınmamalıdır. Amma Aİİ Nizamnaməsində nəzərdə tutulanlara əməl edilmir. Qazaxıstandan gətirilən istənilən mal Qırğızıstana, az qala, ikiqat qiymətinə gəlib çıxır. Aİİ daxilində belə qeyri-normal durumdan isə həm əhali, həm də xırda ticarətlə məşğul olanlar çox narazıdırlar. Onlar əksər hallarda öz narazılıqlarını müxtəlif etiraz aksiyaları ilə rəsmi dövlət qurumlarının nəzərinə çatdırır, onlardan problemin həll edilməsini tələb edirlər.
Belə bir vəziyyətdə Aİİ-yə üzv olan ölkələr arasında hansı Azad İqtisadi Zonadan danışmaq olar? Nəhayət, bütün bunlara nəzarət etmək, pozuntuların qarşısını almaq üçün Aİİ-də Avrasiya İqtisadi Komissiyası fəaliyyət göstərir. Lakin bu komissiya baş verənləri görməzliyə vurmaqda davam edir. Bu baxımdan Aİİ daxilindəki hazırkı vəziyyət faktiki olaraq SSRİ dağılan dövrdəki vəziyyəti xatırladır. Burada hər bir üzv ölkə öz maraqlarını nəzərə alaraq, ona uyğun milli, iqtisadi siyasətini həyata keçirməyə üstünlük verir.
Türkiyə mallarına qoyulan sanksiya da Aİİ üzvlərinə ağır zərbə vurub
Aİİ-yə üzv ölkələrin ağır duruma düşməsinin bir səbəbi də Rusiyanın Türkiyədən gələn mallara qoyduğu qadağalar olub. Moskvanın bu addımı Aİİ-yə üzv ölkələrin hamısında ağır vəziyyət əmələ gətirib. Çünki Qazaxıstan, Qırğızıstan və Tacikistanda ucuz türk malları xırda ticarətlə məşğul olanların əsas gəlir mənbəyinə çevrilmişdi. Əhali də bu malları ciblərinə uyğun olaraq ala bilirdi. İndi isə tərsinə olub, Rusiya qırğız və tacik əhalini, türk malları hesabına xırda ticarətlə məşğul olanları bu qazanc yolundan da məhrum edib. Rusiya tərəfindən Türkiyə mallarına qarşı tətbiq edilən sanksiyalar nəticəsində Türkiyədən gətirilən 17 ərzaq növü qadağa altına düşüb. Türkiyə də buna Rusiyadan alınan 1,1 milyard dollarlıq buğdadan imtina ilə cavab verə bilərdi. Ancaq Türkiyə buna getmədi və bu məsələdə həm Rusiya, həm də Qazaxıstan, Qırğızıstan və Tacikistandakı kənd təsərrüfatı məhsulları istehsal edənlərin maraqlarını qorudu və beləliklə onların daha ağır duruma düşməsinin qarşısını aldı. Lakin Rusiyanın türk mallarına qoyduğu qadağalar Aİİ-yə üzv ölkələr, o cümlədən qurumun ən kasıb dövlətləri olan Qırğızıstan və Tacikistanda əhalinin maddi durumunun ağırlaşmasına yol açmaqdadır. Vəziyyətin belə davam etməsi və eyni zamanda Aİİ-nin Nizamnaməsində nəzərdə tutulan prinsiplərə əməl edilməməsi qurum daxilində mərkəzdənqaçma meyillərinin güclənməsi ilə müşahidə olunur. Bütün bunlar isə Putin tərəfindən imperiyanın bərpası məqsədi ilə qurulan Aİİ-nin dağılmasının qaçılmaz prosesə çevrildiyini göstərir.

Əziz Mustafa