AVMVİB vətənpərvəri qiymətləndirdi

829

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, professor  Mahirə Nağı qızı Hüseynova Azərbaycan Ordusunun döyüş ruhunun yüksəldilməsi, gənclərə hərbi vətənpərvərlik duyğusunun aşılanması istiqamətində bədii və pedoqoji yaradıcılığında geniş yer verdiyinə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbəsinin  Fəxri Fərmanı ilə təltif olunub.

Bu barədə “Azərbaycan bayrağı” ordenli, AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri,  müharibə veteranı, ehtiyatda olan polkovnik Elmar Hüseynov  “İki sahil” qəzetinə məlumat verib.

E. Hüseynov bildirib ki, vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır: “Ana Vətənimiz Azərbaycanımızın işğal altında olan torpaqlarını azad etmək üçün gənclərimizin vətənpərvərlik ruhunda yetişmələri vacibdir. Bu mənada yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Zənnimcə, vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi, mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan keçir. Bu gün mən deyərdim ki, Mahirə Hüseynova bu işin öhdəsindən bacarıqla gəlir. Belə ki, Mahirə xanım vətənpərvərlik hisslərini gənclərə bədii şəkildə elə aşılayır ki, valeh olmamaq mümkün deyil. Özü də həmişə deyir ki, həyatımın son anına qədər vətənpərvərlik hisslərini gənclərə aşılamaqda davam edəcəyəm”.

Qeyd edək ki, Mahirə Nağı qızı Hüseynova 15-ə yaxın kitabın müəllifidir.

Qvami Məhəbbətoğlu,

“İki sahil