Atamla bağlı xatirələrimdən

41

 

Atam, Babayev Qiyasəddin Həsənbala oğlunun kəndimizin ictimai həyatında nümunəvi insan, ağıllı və ədalətli təsərrüfat rəhbəri kimi tanınması həmişə məni seçim qarşısında qoyub. Odur ki, kəndimizdə önəmli vəzifələrdə çalışmış, hələ sağlığında ikən “El atası” adına layiq görülmüş,  Qvami Məhəbbətoğlunun ağır zəhməti ilə ərsəyə gələn “Alpan etüdləri” kitabında qeyd etdiyi kimi nağıla bənzər bir ömür yaşamış atamın imicinə xələl gətirməməyə çalışmışam. Bununla da öz övladlıq borcumu yerinə yetirməyə cəhdlər göstərmişəm. Lakin nədənsə atam barədə olan xatirələrimi, eşitdiklərimi hələ də bölüşməmişəm. Bu günlərdə Qvami Məhəbbətoğlunun “Alpan etüdləri” ilə bağlı kəndimizin ziyalılarının iştirakı ilə keçirilən tədbirdə bu susqunluğum mənə irad tutuldu. Mən də həmin iradı çox təbii qarşıladım. Odur ki, atamla bağlı bəzi xatirələrimi sizinlə bölüşmək qərarına gəldim.

 

“Yoldaş Babayev çörək verən kişi idi…”

 

Atam gənclərin təhsilinə, məşğuliyyətinə xüsusi diqqət yetirərdi. Hazırda yaşı səksəni ötən Ənvər (Güliyev-F.B.)kişi atamla bağlı xoş xatirələrini bölüşərək deyir: “Əsgərlikdən gəldiyimdən bir həftə keçmişdi. Lakin hələ də kənd içində hərbi paltarda, formada gəzirdim. Sözün düzü, mülki geyim almağa vəsaitim yox idi.

…Bir gün yenə də hərbi paltarda küçədə dayanmışdım. Rəhmətlik Qiyasəddin dayı məni görüb yanına çağırdı və dedi: “A bala, niyə bekar dayanmısan? Cavan oğlansan heç olmasa paltarını dəyiş”. O kişiyə, yəni  yoldaş Babayevə: “Dəyişik paltarım yoxdur”, – deməyə utandım. Buna rəğmən, özümü “sındırmadım” və sadəcə qeyri-ixtiyari dilləndim: “Yoldaş Babayev, siz mənə bir iş verin, paltarımı da dəyişərəm, üstəlik…”

Quşu gözündən vuran bu kişi  məni o saat başa düşdü. Başını yırğalayaraq bir az fikirləşəndən sonra diqqətini üzümə cəmləyib dedi: “Bala, elə indicə get briqadir Nizam (Əliyev-F.B.) kişiyə de ki, səni Quba yolunun üstündəki Əhməd dərədəki gilas bağına qarovulçu vəzifəsinə təyin etmişəm. Durma, özü də bu gündən işə başla”… Sözün düzü, o anda yoldaş Babayev bu sözləri ilə mənə sanki dünyanı bağışladı.

…Gilas yetişən vaxt idi. Sevincək  işə başladım. Bu ərazidə həm də kolxoz təsərrüfatına məxsus meşəlik ərazi var idi.  Nə gizlədim,  meşədən odun ehtiyatı görməklə, bir az  gilas bağından gəlir əldə etməklə, payıma düşən əmək günləri hesabını almaqla özümə paltar aldım, ailə vəziyyətimi də yaxşılığa doğru dəyişdim. Üstəlik, bir müddət sonra ailə həyatı da qurdum… Bir sözlə, yoldaş Babayev çörək verən kişi idi. Hanı indi elə kişilər?”

 

Hamletə deyərdi ki…

 

Böyük qardaşım Hamlet atamın istəyinin əksinə olaraq, yaxşı oxumurdu. Atam bu səbəbdən tez-tez hirslənər və deyərdi:

-Bax gözünə su ver… Adi kolxozçu uşaqları Şıxhəsənin (Qədirov-F.B.), Beykəsin (Qubatov-F.B.) uşaqları necə oxuyurlar, sənin nəyin çatmır, utanmırsan?

Eşitdiyimə görə, atam bu ailələrlə mütəmadi əlaqə saxlayar, imkan daxilində onlara yardım edərmiş. Yeri gəlmişkən, onu da deyim ki, Şıxhəsən və Beykəs kişinin övladlarının hamısı ali təhsil alaraq  cəmiyyətdə layiqli mövqe tutmuşlar. Qardaşım Hamlet isə traktorçu kimi fəaliyyət göstərmişdir. O ki qaldı mənə… Ailləmizdə atam da, anam da məktəb yaşım çatar-çatmaz məni “Fərhad müəllim” deyərək çağırmaqla  arzularının reallığa çevriləcəyinə özlərini inandırmağa çalışırdılar. Nə yaxşı ki, mən onların etimadını doğrultdum.

 

“Daş heykəl”

 

Orta məktəbin üçüncü sinfində oxuyurdum. Təhsil ilinin ikinci rübünün nəticələri ilə əlaqədar şagirdlərin iştirakı ilə valideyn iclası keçirilirdi. Atam da bu iclasın iştirakçısı idi. Müəyyən çıxışlardan sonra sinif rəhbərimiz şagirdlərin rüblük qiymətlərini elan etməyə başladı. Bir fənn üzrə “3” aldığım elan olunanda atam sərt şəkildə ayağa qalxdı, sürətlə sinifin qapısına tərəf yönəldi. Qapını açıb çölə çıxarkən acıqlı bir nəzərlə mənə tərəf boylandı. O gündən atamın o sərt, təəssüf dolu baxışı yaddaşıma bir daş heykəl kimi əbədi həkk olundu. Sonrakı illərdə həmin daş heykəl məni aşağı qiymət almaqdan çəkindirdi. Həyatda nail olduğum hər şeyə görə atamın yaddaşımda “ucaltdığı” o daş heykələ borcluyam.

…Bütün çətinliklərə rəğmən, atamın və anamın başlıca arzusunu yerinə yetirə bildim. Mühəndislik, siyasi-ideoloji kadr kimi fəaliyyətimdən sonra pedaqoji təhsil alaraq filoloq oldum və  müəllim kimi çalışdım.

 

Müslüməyə məsləhət: yolun düz ortası ilə getmə

 

Atam heç vaxt ağır güzəranları ucbatından kolxoz təsərrüfatlarından evlərinə çanta, heybə, xurcun və ya kisə ilə meyvə aparan şəxsləri saxlayıb onlara inzibatı cəza verdirməzdi. Onları nadir hallarda özünəməxsus tərzdə məzəmmət edərdi. Bu məqamda şahidi olduğum bir əhvalatı da nəql etmək istərdim.

Ailənin kiçik oğlu olduğumdan atam məni çox istəyər, avtomobilə çox həvəs göstərdiyim üçün dərsdən sonra məni kolxoz sədrinə xidmət edən “Vilis” deyilən Qaz-69 markalı maşında gəzdirərdi. Bu gəzintilər zamanı kolxozçularla atam arasında olan diaoloqlara da maraqla qulaq asardım.

Günlərin bir günü qonşumuz Nuhbala  kişinin Müslümə adlı həyat yoldaşı kolxozun bağından yığdığı yarım kisə alma ilə yolda qarşımıza çıxdı. Atam maşını saxlardırıb həmin qadını ədəb-ərkanla maşına əyləşdirdi. Əlbəttə, alma kisəsi ilə birlikdə… Maşın yola düşər-düşməz atam həmin qadına  dedi:

-A qonşu, yaşlı qadınsan, sənə neçə dəfə demişəm ki, kolxozun bağlarından meyvə apararkən yolun düz ortası ilə getmə… Elə adama rast gələrsən ki, heç canını qurtara bilməzsən. Bir qədər ehtiyatlı ol. Müslüməgilin evinə çatdıqda atam onu maşından düşürdü. Sürücüyə də tapşırdı ki, kisəni aparmağa ona kömək etsin.

 

Hə, onu da deyim ki, atam heç vaxt söyüş söyməzdi. Bəzən hirslənənda sadəcə, “qırışmal” və “əbhləh” sözlərini işlədərdi.

 

Buna ürək dözərmi?

 

Atam insanlarla münasibətdə nəzakətli, səbrli olsa da, hər bir hadisəyə özünəməxsus şəkildə büruzə verərdi. Yəni bütün problemləri ürəyinə salardı. Bu mənada onun ürəyində dərd-sər, əgər belə demək mümkünsə, yuva salmışdı.  Elə ürəyindəki bu dərd-sər də onu yıxdı.

Belə ki, ürək xəstəliyi şiddətləndiyi üçün atam kolxoz sədri vəzifəsindən istefa verdi və kənd soveti sədri vəzifəsinə təyin edildi. Burada çalışarkən atamın səhhəti daha da ağırlaşdı və o, Bakı şəhərinə stasionar müalicəyə göndərildi.

Həmin vaxt da “Xırman yeri” deyilən “Seyid daşı” ərazisinin yaxınlığında yolun genişləndirilməsi işləri aparılırdı. O zamanlar kəndin aparıcı şəxsi kolxoz idarə heyətinin sədri sayılırdı. Bu vəzifəni də kolxoz sədri işləmiş atamın müavini olmuş bir şəxs icra edirdi. Həmin şəxsin göstərişi ilə yolu daha da genişləndirmək məqsədilə qəbirstanlığın bir hissəsi də qazıldı, nəticədə orada uyuyan bir neçə rəhmətliyin sümükləri üzə çıxdı. Bu hadisədən xəbər tutan atam Bakıdan müalicəsini yarımçıq qoyub kəndə qayıtdı və həmin kolxoz sədrinin necə lazımdırsa dərsini verdi. Onun kolxoz sədrinə dediyi sözlər indi də qulaqlarımda səslənir: “Sənə kim ixtiyar verib ki, dünyasını dəyişənlərin gorlarını dağıdıb onların ruhlarını narahat edəsən? Əbləhlər utanıb qızarmırlar”.

Bu hadisədən sonra atamın vəziyyəti daha da pisləşdi. Yenidən onu Bakıya müalicəyə göndərdilər. Lakin artıq gec idi. Təxminən bir həftədən sonra atam dünyasını (1909-1960) dəyişdi. Onda mənim 10 yaşım vardı.

Fərhad Babayev