“Atamın istəyinə əməl etməməyim indi məni ağrıdır”

576
Məlikzadə Səməd İsgəndər oğlu Ağsu rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Göndərişə əsasən, Şamaxıda çıxan “Yeni Şirvan” rayon qəzetində, “Azərbaycan aqrar elmi” jurnalında, “Avrasiya”,  “Vətəndaş” qəzetlərində və “Exclusive” informasiya agentliyində redaktor işləyib. Bu imza “Zaman-Azərbaycan”ın oxucularına da yaxşı tanışdır.
Çünki Səməd bəy onaltı ildir ki, “cəbhə” yoldaşımızdır. Hazırda redaktor müavini və “Tumurcuq” uşaq qəzetinin redaktorudur.- Səməd müəllim, sizdə jurnalistikaya maraq nə vaxtdan yaranıb?

– Aşağı siniflərdə oxuyurdum. Atam bir neçə qəzetə abunə yazılmışdı. Kişinin işi-gücü çox olurdu, qəzet oxumağa vaxtı hardaydı. Poçtalyon da qəzetləri, adətən, toplayıb həftədə bir dəfə gətirirdi. Həmin qəzetləri götürüb çəkilirdim sakit yerə və birbəbir oxuyurdum.  Arabir atam soruşurdu ki, qəzetlərdə nə yazılıbə  Mən də oxuduqlarımdan danışırdım…

Qəzetlər çox şey öyrətdi mənə. Məni jurnalistikaya çəkən də yəqin ki, çox qəzet oxumağım olub.

– Mətbuatda dərc olunmuş ilk yazınızı xatırlayırsınızmı?

– İlini dəqiq xatırlamasam da, ilk yazım “Azərbaycan pioneri” qəzetində dərc olunub. Məktəbimiz haqqında yazmışdım. Sonra rayon qəzetində xəbərlərim çıxırdı. Səkkizinci sinifdə oxuyanda kəndimizin yolu ilə bağlı “Kirpi” jurnalına yazı gödərdim, çap elədilər. Həmin yazı atama başağrısı gətirdi, rayona çağırıb onu danladılar. Amma o, mənə heç nə demədi. Yalnız bir dəfə dedi ki, yazı-pozunu at kənara, dərslərinə fikir ver… Halbuki mən əlaçı idim.

– Bu sahədə sizin örnəyiniz kimlər olub?

– Təkcə təcrübəli jurnalistləri özümə örnək saymamışam. Yaşından asılı olmayaraq, kimin yazıları xoşuma gəlibsə, ondan bəhrələnməyə çalışmışam. Bu gün bizim qəzetdə də belələri var.

– “Zaman”dan əvvəl bir çox qəzetlərdə məsul katib, redaktor işləmisiniz. Bu yerdəyişmələr nə ilə bağlı olub?

– Bu, ilk növbədə əmək haqqı ilə bağlı olub. Çünki pis-yaxşı gərək ailəni dolandırasan. Ancaq bəzən gözlədiyimdən yüksək əmək haqqı təklif edən qəzetdə işləməkdən də imtina etmişəm. Elə də olub ki, redaksiyanın atmosferi xoşuma gəlmədiyindən ərizəmi yazıb oradan aralanmışam.

– Hərdən özünüzə sual verirsinizmi ki, mən niyə qabağa gedə bilmədim?…

– Mən həyatda, necə deyərlər, başımı aşağı salıb qəzetçiliyimi eləmişəm və tanıyanlar bilirlər ki, harada işləmişəmsə bacarığımı, təcrübəmi əsirgəməmişəm. Ancaq ürəyim istəməyən mövzunu da yazmamışam. Heç bir yazıma görə də xəcalət çəkmirəm.

Tam səmimi deyirəm, bu yaşımda da eyni qənaətdəyəm ki, mən qəzetçilikdən aldığım ləzzəti heç bir sahədən ala bilməzdim. Buna görə də öz peşəmə bağlanıb qalmışam. Ola bilər ki, uşaqlarıma lazımınca gün ağlamamışam, amma heç vaxt kimsənin mənim arxamca mənfi söz deyə biləcəyinə şərait yaratmamışam. Deyən olubsa da böhtan deyib. Balalarımı halal çörəklə böyütdüyümə görə həmişə fəxr edirəm.

Qaldi ki, jurnalist üçün redaktorluqdan yüksək vəzifə nə ola bilər, axı. Mən indiyədək dörd-beş qəzetin redaktoru olmuşam. Rəsmi dövlət vəzifələrinə getmək isə ağlımdan keçməyib. Aparsaydılar belə, yəqin ki, çox işləyə bilməzdim. Özün  bilirsən ki, mən hər şeyə “baş üstə”, “necə məsləhətdi” deyənlərdən deyiləm…

-16 ildən çoxdur bu redaksiyada çalışırsınız. Sizi “Zaman-Azərbaycana”a bağlayan nə olub?

– Bəzən hər hansı mövzu ilə bağlı məlumat toplayanda “Zaman-Azərbaycan”ın illik toplularını qarşıma qoyub vərəqləyirəm. O saylar mənim üçün bir qəzet olmaqdan başqa, ömrümün günləridir. Həmin səhifələrə baxdıqca hansısa iş yoldaşımın toy gününü, kiminsə ilk övladının dünyaya gəldiyi ayı, redaksiyamızın hansı ünvana daşındığını, hansısa tanınmış insanın qəzetimizə qonaq gəlişini xatırlayıram.

Bu dəqiqələrdə sanki qəzetin səhifələrindən çöhrəmə bir işıq süzülür… Bu fikirlər ürəyimdən keçir: “Zaman-Azərbaycan” arxalandığımız dağ, hər zaman arxasınca gedə bildiyim adam, heç zaman üzümə bağlanmayan qapı kimidir.” Yəqin xatırladın ki, mən bu fikirləri qəzetimizin 22 illiyi ilə bağlı yazımda da yazmışdım.

Məni “Zaman-Azərbaycan”a kimsə yox, qəzetin özü bağlayıb…

– Köşə yazılarınızda bir həzinlik, liriklik var. Xüsusilə kənd həyatı ilə bağlı yazılarınızda… Bunun gizlinləri varmıə Yaxud bu sizin şəhər mühitinə hələ də uyğunlaşa bilməməyinizdən irəli gəlirmi?

– İnsan yaşa dolduqca istər-istəməz uşaqlıq çağlarına tez-tez qayıdır. Doğma el-oba, ata yurdu sanki çağırır səni. Biz şəhərdə yaşayan kənd uşaqları zaman qəribləriyik. Çünki illərlə şəhərdə yaşayıb ev, ailə sahibi olsaq da, ürəyimiz tez-tez boya-başa çatdığımız yerləri istəyir. Bəlkə də, mənim bir neçə il əvvəl yazdığım “Yuxularımın kəndi “ silsilə yazımı xatırlayırsan.  Bu barədə o yazıda ürəyimdən keçənləri dilə gətirmişəm.

– Hərdən maraqlı insanlarla həmsöhbət olur, onlardan müsahibə alırsınız. İndiyədək yaddaşınıza həkk olunmuş müsahibiniz kim olub?

–  Belələri çoxdur. Şair Musa Yaqub, akademik Məmməd Salmanov,  Beynəlxalq qrossmeys, Qadın və Uşaq Problemlemləri üzrə Komitənin sədr müavini Aynur Sofiyeva və başqaları.

Xəzərin problemləri ilə bağlı yazı hazırlamalı idim. Buna görə də Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini, Akademiyanın müxbir üzvü Ramiz Məmmədovla görüşüb söhbətləşdik. Söhbətin sonunda Ramiz müəllim soruşdu ki, elmi dərəcən nədirə Dedim ki, elmi dərəcəm yoxdu. İnanmaq istəmədi.

– On ildir ki, “Tumurcuq” qəzetinin redaktorusunuz. Zəmanə uşaqları ilə dil tapmaq çətin deyil ki?

– Bu günün uşaqları ilə dil tapmaq asandı, onlar üçün yazmaq isə çox çətin.

– Yazılarınızın birində özünüzü xoşbəxt redaktor adlandırmısınız. Bu xoşbəxtliyin reseptini aça bilərsinizmi?

– əgər yazdıqlarını oxuyurlarsa, deməli həyatın, oxucunun nəbzini tuta bilirsən. Redaktoru olduğun qəzet, jurnal və ya internet portalı  populyardırsa, deməli xoşbəxtsən. Siz yaxşı bilirsiniz ki, “Tumurcuq” elə ilk saylarından çağdaş uşaq mətbuatımızın öncülü olub, böyük oxucu rəğbəti qazanıb və bu gün də belədir. Onu deyim ki, bu uğurda “Tumurcuq”un ilk redaktoru olmuş, bu gün də yanaşı əyləşib çalışdığım əli Çərkəzoğlunun payı daha böyükdür. əgər onun şirin qələmi məndə olsaydı, özümü həm də xoşbəxt yazar sayardım.

–  Siz etirafı sevən adamsınız. Bəlkə ömür yolunuzla bağlı bir etirafı dilə gətirəsiniz.

– Atam bir dəfə tərəvəz əkmək üçün bellədiyim yerə baxıb dedi ki, oğlanlarımdan torpağa daha çox bağlı olan sən idin, heyf ki, sən də oxuyub kənddən çıxacaqsan. Kişi istəyirdi ki, mən müəllim olub öz kəndimizdə yaşayım. Mən isə  jurnalstika fakültəsini seçdim.  Onu da deyim ki, nədənsə atam həmişə mənim gələcəyim barədə nigaran danışırdı. Sonralar başa düşdüm ki, onun seçimi daha düzgün imiş. Artıq o, haqq dünyadadı. Atamın istəyinə əməl etməməyim indi məni ağrıdır. Amma bunu heç vaxt dilə gətirməmişəm…

– Bir zamanlar öz fikirlərinizi qələmlə yazardınız. Son illər kompyuterlə yazmaq məcburiyyətindəsiniz. Yeniliklərə alışmaq çətin olmadı ki?

– Kompyuterdə yazmaqla, redaktə etməklə bağlı çətinliyim yoxdur. Ancaq səhifələrin dizaynını hələ lazımınca öyrənə bilməmişəm.  Bu işi babat bilsəm “Tumurcuq”u özüm səhifələyərəm, işimiz bir qədər yüngülləşər.

– Səməd müəllim, həyat yoldaşınız , oğlunuz və gəlininiz də jurnalistika sahəsində çalışır. Zənnimcə, ölkəmizdə belə ailələr o qədər də çox deyil. Bu mənada, sizin ailəni bir redaksiya adlandırmaq olar.

– Evin xanımı ilə tələbə yoldaşı olmuşuq. Universiteti bitirdikdən sonra mən göndərişə əsasən üç il Şamaxıda işlədim. Səidə isə əvvəlcə “Azərbaycan Tibb Jurnalı”nda, sonra iyirmi ildən çox Milli Təhlükəsizlik Nazirliyində çalışdı. Hazırda nəşriyyatlardan birində işləyir. Oğlum Nicat “Zerkalo” qəzetində şöbə müdiridir. Gəlinim də bilirsiniz ki, bizim “Moya semya” jurnalının tərcüməçisidir. Rus və ingilis dillərindən və əksinə tərcümələr edir.

– Ürəyiniz sıxılanda hara üz tutursunuz, yaxud kimi dinləyirsiniz?

– Ya tək gəzib-dolaşır, ya da bir məşğuliyyətlə özümü ovuduram.

– Bəs boş vaxtlarınızda hansı işlə məşğul olursunuz?

– Yaşadığım küçədə otuza yaxın ağac və gül kolu əkib böyütmüşəm. Hasarı-zadı yoxdu. Sadəcə, ikinci mərtəbədən mənzilimizin pəncərələri ora açılır. Buna görə də daşlı-kəsəkli yeri yumşaldıb həmin ağacları əkmişəm. O ərazi indi yamyaşıldı. Ağaclar bizdən bir mərtəbə də yuxarıya boy veriblər. Onu da deyim ki, bir vaxtlar kirayə yaşadığım ünvanlarda da quru yerlərə ağac əkib böyütmüşəm. Həmin ağacların xeyli hissəsi artıq qocalıb. Hərdən o ağacların görüşünə gedir, ötən günləri xatırlayıb, ağac dostlarımla “söhbətləşirəm”. Belə demək mümkünsə, mənim Bakıdakı ağac dostlarımın sayı, özümə dost bildiyim, oturub-durduğum adamların sayından qat-qat çoxdur.

Bir dəfə gördüm ki, bir nənə əkib-böyütdüyüm ağacdan tutları dərib nəvəsinə verir və uşaq da həvəslə yeyir. İnanın, sevincimdən kövrəldim…

Bir də boş vaxtlarımda nəvələrimlə – Ayla, əbdülxaliq, əbdülhəmid və Kənanla söhbətlər edirəm. Onlar üçün özümdən quraşdırdığım nağılları danışıram, gizlənpaç oynayıram. Ulularımız gözəl deyiblər: “dövlətdə dəvə, övladda nəvə.”

Kitab oxumağı çox sevirəm. Ancaq daha qalın romanları oxumağa səbrim çatmır. Görünür altmışdandı.

–  Səhv etmirəmsə, ömrünüzün 35 ilindən çoxu mətbuatda keçib. Ancaq indiyədək heç bir fəxri ad almamısınız. Bu, sizi narahat etmir ki?

– Diqqətinizə görə sağ olun. Qaldı ki, fəxri adı almırlar, verirlər. Mən isə heç vaxt ad-filan üçün kiminsə, hansı təşkilatınsa qapısını döyməmişəm. Versələr də sağ olsunlar, verməsələr də. əsas olan öz ömrünü insan kimi, vicdanla yaşamaqdır.

Qvami Məhəbbətoğlu