Atamın hava proqnozu

43

 

Həyatın içindən

 

 

 

 

 

 

 

 

Onlarla ziyalının da şahid olduğu bu əhvalat uzun illərin söhbətidir. Sumqayıtda, təhsil problemlərinə həsr olunmuş mötəbər bir toplantıda iştirak edirdik. İsti bir gün idi. Nahar fasiləsindən sonra on-on beş həmkarlarımızla həyətdəki uca çinar ağaclarının kölgəsində oturub söhbət edir, çay içirdik. Bilmirəm, necə oldusa başımı qaldırıb budaqların arasından mavi səmaya baxdım. Şimaldan boylanan bir topa bulud balasını itirmiş təlaşlı ana kimi hara gedəcəyini bilmirdi. Yaxınlığımda əyləşən bir neçə müəllim də maraqlı bir şey gördüyümdən şübhəlnərək göyə baxdılar.

– Xeyir ola, müəllim. Qəribə bir maraqla baxdınız, sanki yuxarıdan sizi kimsə səslədi, – deyib, gənclərdən biri gülüş də yaratdı.

– Deyəsən, bir azdan islanıb sərinləşəcəyik. O buluddan heç gözüm su içmir, ancaq onun Qubadan əliboş gələcəyinə də inanmıram.

Bu dəfə gülənlərin sayı bir qədər də artdı. Başımız qarışıb, bu söhbət yaddan çıxdı. Çalınan zəng hamımızı müxtəlif bölmələrdə iştirak etmək üçün auditoriyalara dəvət etdi. Bir saat keçməmiş bir leysan başladı. Fasilədəki söhbətin şahidlərindən olan bir-iki müəllim dönüb mənə baxdılar. Küçədə islanmamaq üçün qaçışanlara əlimdəki qələmlə işarə edib gülümsədim.

Tənəffüsdə bir neçə nəfərin məni axtardığını gördüm. Onlar: – Bayaq həyətdə söhbət zamanı yağış yağacaq deyən müəllim hanı? – deyərək dolaşırdılar. Yoldaşlardan biri qolumdan tutub, məni irəli çıxardı.

– Ay müəllim, siz nədən bildiniz ki, bir azdan yağış yağacaq! Bu sirri bizlərə də öyrədin, nə olar? – deyə müəllimlərdən biri dil tökməyə başladı. Söz verdim ki, növbəti gün bu haqda geniş danışacağam.

***

Ömrünün çox payını yaylaq-qışlaq yollarında keçirmiş atam hava haqqında bəzən elə dəqiq proqnozlar verirdi ki, gəl görəsən. Bəzən deyirdi ki, bu il qara qış olacaq, yəni ki, qar az yağacaq, çöl-bayır ağ qara bürünməyəcək. Nədən? Çöl siçanları daha çox qüzeylərdə yuva qurublar, qışın sərt kecəcəyini duyan siçanlar daha çox güney, güntutan ərazilərdə yuva qazrılarmış. Aydın səmalı axşamın səhərinin yağmulu olacağını deyirdi. Axşam örüşdən qayıdan qoyun-quzu mayallaq aşaraq, kəllələşərək gəlibmiş və s.

***

Təxminən keçən əsrin 70-ci illərinin əvvəllərində yaşadığım bu əhvalat isə heç yadımdan çıxmır. Avqust ayı idi. Quzu otaran bir dəstə məhəllə uşaqları ilə, günortadan sonra yığışıb çölə çıxmağa hazırlaşırdıq. Atam aynabəndsiz balkonumuzdan baxıb, yastıq boyda bir buludu göstərib dedi:

– Əyninzə paltar alın, çox uzaqlara da getməyin, havanın fikri başqadır.

Atamın yağmur haqqında dediyi heç ağlıma batmadı, eləcə çıxdıq çölə.

Getdikcə böyüyən, qanıqara adamlara bənzəyən bulud acığını tökməyə bəhanə gəzirdi.  Biçənəklər, zəmilər biçilmiş, kövşənlər şumlanmışdı. Səkkiz-on nəfər uşaq quzularımızla kənddən xeyli aralıdakı otlağa çatanacan bulud bir xeyli böyüdü. Günəşi pərdələyən bulud canımıza yayılan bir sərinlik yaratdı. Quzular arxayın otlayır, biz də oynayırdıq. Bir azdan havanın axşam qaranılğına büründüyünü gördük. Aramızda bizdən yaşca xeyli kiçik uşaqlar da vardı. Onlar daha tez vahimələnib ağlamağa başladılar. Nə qədər təsəlli versək də, alınmadı. Kəndə qayıtmağı qərarlaşdırdıq. Otlaq boyunca səpələnib otlayan quzuları bir yerə yığanacan göy elə çatladı ki, elə bildik özümüz param-parça olduq. Bir deyil, beş deyil, şimşək göyləri doğramağa başladı. Ardınca küləyəin ağzında elə bir yağış gəldi ki, qabağımıza sudan səd çəkildi. Canlarını qorumaq üçün yer axtaran quzular, uşaqların ağlaşması ağlımızı başımızdan aldı. Heyvanları sığındıqları ağacların altından çıxara bilmədik. Ağlayan uşaqları qucaqlayıb sakitləşdirməyə çalışdıq. Yağış və aramsız şimşəklər isə daha da güclənir, bizə zərrə qədər də olsa acımırdılar. Kövşənlərdə dövrün məşhur ağır texnikası olan DT-75 markalı traktorların şumladığı dərin şırımlar su arxlarına döndü. Ağacların gövdələrindən dam novalçaları kimi sular axırdı. Bir müddətdən sonra yorulmuş yağış və barıtı islanmış şimşəklər uzaqlaşdı. Qayıdıb gələcəklərindən  ehtiyatlanaraq tez quzularımızı topalyıb kəndə üz tutduq. Su və palçıq əlindən yeriyə bimirdik. Yolun yarısına çatmışdıq ki, bir atlının çöldəki insanları səsləyərək çapdığını gördük. Sonradan bildik ki, dağların qoynunda yerləşən Susay kəndindən poçtumuza zəng edib, Alpançayda çox güclü bir selin olacağını deyiblərmiş. Biz kəndə çatan bir azdan sonra çay ömründə ən güclü bir seli yola salmağa başladı Xəzər dənizinə. Sel sahildəki çox evlərin bağ sahələrini yuyub apardı. Yaşlı nəsil o dövrü yaxşı xatırlayır. Yastıq boyda bir bulud digər buludlarla birləşib Nuh tufanına bənzər vəziyyət yarada bilmişdi. O ki qaldı hava haqqında proqnoz verməyə, onu şərtləndirən amillər çoxdur, ancaq təcrübə hər şey olmasa da, çox şey olduğuna inanmamaq olmur…

***

Atam tez-tez göy üzünə baxardı,

Baxışları üfüqlərə axardı.

Oxşayardı hərdən soyuq daşları,

Çatılardı qırov tutan qaşları.

Nə sirri var, çomağına deyərdi,

Salam verib dağa, başın əyərdi.

Gec gələrdi – yola salıb axşamı,

Dan yeriydi səhərinin ağ şamı.

Gah aramsız yağışlara gülərdi,

Gah günəşdən küsüb yağmur dilərdi.

Quşların da ərki vardı əlində,

Duaları gül açardı dilində.

Külək əsib buludları yığardı,

Şimşək çaxar, çubuq-çubuq yağardı.

 

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi