Ata Corc Buşun anası Doroti Buş

0
507

ABŞ-ın tanınmış siyasi xadimləri arasında tarixboyu, belə demək mümkünsə, ölkəni idarə etmək uğrunda əsl savaş gedib. Adətən, bu savaşdan qalib çıxanların böyük əksəriyyəti məhz ailədə gələcəyin məşhur siyasətçisi olmağa təşviq edilənlər, bu sahəyə onların uşaqlıqdan hazırlanmaları önəmli rol oynayıb. Bu baxımdan ABŞ tarixinə iki böyük məşhur siyasətçi-ata və oğul Corc Buşları verən Doroti Uoker Buş Nositenin adı xüsusi ehtiramla çəkilir. Doroti haqqında danışan istənilən ABŞ araşdırmaçısı və ya siyasətçisi onu XX əsr dünyasının məşhur siyasətçilərinin anaları arasında xüsusi çəkiyə və hörmətə layiq olduğunu məhəbbətlə vurğulayır. Həqiqətən də, Doroti siyasətçilərin birinin də qeyd etdiyi kimi, əsl siyasət akademiyası, mahir pedaqoq-siyasətçi idi. Onun siyasi baxışları və mübarizə yolları barədə söylədikləri hamını heyrətə salırdı. Üstündən illər ötəndən sonra ata Corc Buş yarızarafat, yarıgerçək anası haqqında belə demişdi: “Anam dünyanı idarə etmək üçün bütün siyasi keyfiyyətlərə malik idi. O, ABŞ-ın ən böyük siyasi akademiyalarının gördükləri işlərdən daha çox işlər gördü. Harada olmasından asılı olmayaraq, həmişə ABŞ-ın milli maraqlarının təmin olunmasını, ölkəmizin dünyanın supergüc dövlətinə çevrilməsini önə çıxardı, siyasətçilərə güclü və qüdrətli Amerika uğrunda beynəlxalq aləmdə siyasi, iqtisadi mübarizə yollarını anlatdı, onlar arasında bunu təbliğ etdi. Mən ağlım kəsəndən anamın istər ailədə, istərsə də çoxsaylı tədbirlərdə, qonşularla söhbətində, hətta sırf mətbəxə aid məsələlərdə belə qadın rəfiqələri ilə siyasətdən bəhs etdiyini, güclü və qüdrətli ABŞ ideyalarını təbliğ etməsinin şahidi oldum. Hərdən oturub öz-özümə fikirləşirəm ki, anam olmasaydı, ata və oğul Buşlar Amerika prezidentləri olmazdı”.

Varlı ailədə dünyaya göz açdı
ABŞ-ın məşhur Prezidenti ata Corc Buşun anası, oğul Corc Buşun isə nənəsi olan Doroti Uoker 1901-ci ildə Men ştatının Kennebankport şəhərində anadan olub. Onun valideynləri ABŞ-ın tanınmış iş adamlarından hesab edilirdilər. Uokerlər ailəsi XVII əsrdə İngiltərədən Amerikaya köç etmişdilər. Ailə, əvvəlcə, Men ştatında məskunlaşdı. XIX əsrin ortalarında isə Uokerlər ailəsi Sent-Luisə köç edərək, orada yaşamağa başladılar. Uokerlər ailəsi qısa müddət ərzində varlana və imkanlı iş adamlarına çevrilə bildilər. Dorotinin atasının biznesi həmin dövrdə, belə demək mümkünsə, çiçəklənmə dövrü yaşayırdı. Nəticədə Dorotinin atası pullarını saxlamaq və bundan da qazanc əldə etmək üçün “Uoker Cup” bankını təsis edərək ona rəhbərlik etməyə başladı. Bu bank qısa müddətdə ABŞ-ın ən iri banklarından birinə çevrildi. Həmin dövrdə varlı ailədə anadan olması səbəbi ilə Doroti xüsusi qayğı ilə əhatə olunmuşdu. Ona hələ beşikdə ikən xüsusi dayələr təhkim edilmişdi. Bu dayələr gecə-gündüz Dorotinin başı üzərində əsir, onun hər şıltaqlığına dözür, eyni zamanda onu xüsusi proqram əsasında tərbiyə edirdilər.
Həmin dövrdə Dorotinin atasi qolf həvəskarı olduğundan tanışlarını da bu oyunu oynamağa həvəsləndirir, Amerikada bu oyunu təbliğ edirdi. Bu məqsədlə Uokerlər ailəsi qaliblər üçün xüsusi priz fondu təsis etmişdi. 1905-ci ildə Dorotinin 4 yaşı olanda atası və babası Kennebankportda istirahət evi inşa etdirdi. Bu evdə balaca Doroti ailəsi ilə birlikdə yay istirahətlərini keçirirdi. Yay evi Dorotinin ətraf mühitə münasibətdə xüsusi sevgisinin formalaşmasına yol açdı. Doroti yay vaxtları təbiətin qoynundan evə getmək istəmir, bəzən ay çıxana kimi geniş və olduqca yaraşıqlı bağlarında dincəlməyi, xəyala dalmağı çox sevirdi. Yaşa dolduqca ağlı, xüsusi məntiqi düşüncəsi ilə hamını özünə heyran edən Doroti həm evdə, həm də yaşadığı şəhərdə varlı ailələrdən olan övladların təhsil aldığı məktəbdə oxudu. Məktəbdə sualları ilə müəllimləri bezdirən və daha çox siyasi mövzuları müzakirə hədəfinə çevirən Doroti onlardan onu qane etməyən cavablar alanda əsəbiləşirdi. Siyasətə böyük marağını görən müəllimləri Dorotinin valideynlərinə ona siyasi sahədə təhsil verməyi məsləhət görmüşdülər. Amma Dorotinin varlı bankir valideynləri siyasətdən bir qədər uzaq idilər və onlar qızlarını daha çox dini ruhda tərbiyə etməyə, kilsə təhsili verməyə cəhd edirdilər. Çünki həmin dövrdə hər bir imkanlı ailə üçün övladlarına dini təhsil vermək, xüsusilə qızlarını dindar böyütmək üçün əllərindən gələni edirdilər. Bununla belə, Doroti kilsə təhsili, kilsə tərbiyəsi almaqla bərabər, siyasi yöndən də özünü yetişdirə bildi. Doroti həmin dövrdə ailəsinin imkanlarından yararlanaraq dünyəvi, o cümlədən siyasi təhsil verən Farminqton Akademiya-Məktəbinin fəaliyyətə başlamasına nail oldu. Bundan əlavə, Doroti Konnektikut ştatında Bluminton Hazırlıq Məktəbinin fəaliyyətə başlamasına da yardım etdi və bu işin əsas təşəbbüskarı kimi cəmiyyətdə tanındı.
Gənc yaşlarından həm də gözəlliyi ilə diqqəti cəlb edən və olduqca çevik hərəkətləri ilə hamının sevimlisinə çevrilən Doroti həm də yaxşı tennis və qolf oynayır, uzaq məsafələrə üzməkdə hamını özündən xeyli geridə buraxırdı. Həmin dövrdə o imkanlı ailələrdən olan çoxsaylı pərəstişkarları ilə əhatə olunmuşdu. Buna baxmayaraq, Doroti ona eşq elan edənlərin heç birini bəyənməmiş, ətrafında özü kimi eyni xasiyyətlərə malik olan gənc ər axtarmışdı. Ona görə də 21 yaşına kimi ərə getmədi.

Dorotı Preskott Buşa
“yox” deyə bilmədi
Dorotinin xəyalında olan ərini, gələcək həyat yoldaşını tapa bilməsi də, belə demək mümkünsə, sırf bir təsadüf nəticəsində baş verdi. 1920-ci ildə Uokerlər ailəsinin Kennebankportdakı bağ evlərinin yaxınlığına digər bir tanınmış bankir Buş ailəsi köçdü. Həmin dövrdə Buş ailəsinin Preskott adlı olduqca mədəni təsir bağışlayan gənc oğlu Dorotini görən kimi ona vuruldu. Olduqca gözəl olan və ağlı, məntiqi ilə ilk tanışlıqdanca Buş ailəsinin xüsusi hörmətini qazanan Doroti ilk vaxtlar Preskotta adi pərəstişkarlarından biri kimi baxır və onunla münasibətlərdə də uzaqlara getməyəcəyini düşünürdü. Lakin az sonra Doroti anladı ki, Preskott da özü kimi siyasətə bağlı, onun kimi düşünən mərifətli, eyni zamanda mədəni və təvazökar gənclərdən biridir. Onların ölkə daxilində və xaricdə baş verən hadisələrə münasibətdə fikirləri, demək olar, üst-üstə düşürdü. Bütün bunlar da 1921-ci ildə onların ailə həyatı qurmasına gətirib çıxardı. Gənc ailə Preskottun işi ilə bağlı Tennessi, sonra da Massaçusets ştatına köçdü. 1924-cü ildə gələcəyin prezidenti olacaq Corc Buş anadan oldu. Corcdan əvvəl isə onun böyük qardaşı atasının adı ilə adlandırılan Preskott Buş anadan olmuşdu. Ümumiyyətlə, Doroti ərinə 3 oğul və bir qız bəxş etdi. Övladlarının hamısını siyasi baxımdan gələcək həyata hazırlayan Doroti Corcdan daha çox razı idi. Corc xarakter etibarilə anasına oxşayırdı, o da eyni ilə siyasəti sevir, anasının ona etdiyi siyasi tövsiyələri yaddaşında möhkəm saxlayırdı. Ona görə də Doroti Preskotta: “Corc gələcəkdə bu ölkəni idarə edə biləcək ən tanınmış siyasi adamlardan biri olacaq. Onun gələcəyinə inanıram”,-demişdi.
Ailədə çoxlu işinin olmasına baxmayaraq, Doroti həm də həmin dövrdə Qırmızı Xac, “Qrinviç” ictimai təşkilatında, sosial müdafiə üzrə agentlikdə çalışırdı. Ona görə də ətrafda onu ən tanınmış ictimai xadim kimi tanıyırdılar.

“Daha rahat ölə bilərəm”
Buş ərinin də siyasi həyatda uğur qazanmasında mühüm rol oynadı. Preskott Buş 1952-ci ildə Respublikaçılar Partiyasından Konektikut ştatının senatoru seçildi. O, 1963-cü ilə kimi senator kimi fəaliyyət göstərdi. Həmin dövrdə Corc Buş da anasının səyləri nəticəsində artıq siyasi həyatda tanınmağa başlamışdı. Preskott Buş 1972-ci ildə dünyasını dəyişdi. Bundan sonra Dorotinin arzularını Corc həyata keçirməyə başladı. Ötən əsrin 70-ci illərində siyasətə ilk gəlişi uğursuz alınsa da, Corc anasının məsləhətləri ilə 80-ci ildə ilk uğura imza ata bildi. O, Ronald Reyqanın seçki kompaniyasında fəal iştirak edərək onun qalib gəlməsinə öz töhfəsini verdi. Ona görə də Reyqan prezident seçiləndən sonra Corc vitse-prezident funksiyasını həyata keçirməyə başladı. Doroti bundan çox məmnun olmuş və üzünü ona tutaraq: “Oğlum, Reyqandan sonra növbəti prezident sən olacaqsan”,-demişdi.
Həqiqətən də, Buş 1988-ci ildə keçirilən prezident seçkilərində qalib gəldi. Oğlunun prezident seçilməsini görəndən sonra Doroti ətrafındakılara: “Mən həyatım boyu bu xoş anları gözləmişəm. Oğlum prezident oldu. Bundan sonra daha rahat ölə bilərəm”,-demişdi.
Həyatını güclü və qüdrətli ABŞ-a həsr edən və bu yolda ölkəni idarə edən Corc Buşu yetişdirməyə nail olan, həmçinin nəvəsi balaca Corcu siyasi zirvələrin fəthinə hazırlayan bu böyük qadın – Doroti 1992-ci ildə dünyasını dəyişdi. Onun ölümündən sonra Corc Buş belə demişdi: “Anamın arzuları, tərbiyəsi ilə prezident oldum, anamın ölümü ilə də siyasi karyeram başa çatacaq”.
Elə də oldu. Növbəti prezident seçkilərində ata Buş məğlub oldu… Amma nənənin tərbiyə etdiyi nəvə Buş atasının məğlubiyyətinin əvəzini çıxaraq, 8 il müddətində ABŞ-ı idarə etdi.

Əziz Mustafa