Aşura özünlə üzləşmə məqamıdır

509

Qədimdən bəri ölkəmizdə Aşura mərasimləri keçirilib. Bu mərasimlərə münasibət də hər zaman fərqli olub. Cəlil Məmmədquluzadə də bu məsələyə qələm bulayıb və bu mərasimləri cəhalətin görüntüsü adlandırıb. Təkcə Məmmədquluzadə deyil, ondoqquzuncu əsrdə Avropa, Rusiya yellərinə qapılanların, demək olar ki, hamısı bu məsələyə təxminən eyni münasibət bəsləyiblər.
Sovet dövründə belə, xalqımız bu ənənəni davam etdirib, müxtəlif rayon və kəndlərimizdə hər il məhərrəm ayının onunda Kərbəla hadisələrini bir daha yaddaşlarda təzələmək üçün tamaşalar düzəldiblər. Bu tamaşalara “şəbih” deyərdilər. Hətta həmin tamaşaların hazırlanması ilə bağlı bir söhbət də var ki, nə qədər doğru olub-olmadığını deyə bilmərəm.

Deyirlər ki, şəbih göstərmək üçün hazırlıq mərhələsində böyük bir çətinlik ortaya çıxır. Belə ki, heç kim Yezid olmaq istəmir. Yezidsiz də şəbih olmaz ki. Uzun götür-qoydan, yalvar-yaxardan sonra bir nəfəri Yezid olmağa razı sala bilirlər. Bəli, məhərrəmin onu olur və meydanda şəbih başlayır. Şəbih də o qədər təbii, o qədər canlı alınır ki, özünü tuta bilməyən camaat hücum çəkir Yezidin üstünə, vur ki vurasan. Üst-başı cırılmış, ağzı-burnu qan içində “Yezid” canını qurtarmaq üçün: “Ay camaat, daha məni niyə öldürürsünüz, gələn il sizə Yezid lazım olmayacaq?” – deyir.

Hələ uşaqlıq illərimdən yaxşı xatırlayıram ki, həmin günlərdə babam bizə televizoru, radionu açmağı qadağan eləyərdi. Kəndimizdə İmam ehsanı adı ilə ət paylandığını da yaxşı xatırlayıram. İndi bütün bunlar mənim üçün həm əlim çatmayan kəndimizi, həm də o ənənələri xatırlatdığı üçün çox dəyərlidir.

Aşurada Əhli-Beyt kədəri var, sevimli Peyğəmbərimizin (s.ə.s.) əlində-ovcunda böyütdüyü, “Reyhanım” deyib qoxladığı İmam Hüseynin və ən yaxın əqrəbasından 72 canın şəhid olunduğu gündür Aşura. O gün mənim üçün, sözün əsl mənasında, kədər, üzüntü günüdür. Həm də təkcə İmam Hüseyn üçün yox, bütün İslam aləmi üçün. Aşura, bəlkə də, Peyğəmbərimizdən sonra müsəlmanların ən böyük uğursuzluğa düçar olduğu bir imtahan idi. Aşuranın mahiyyətində zülmə, haqsızlığa qarşı müqavimət var. İmam Hüseyn o müqavimətin, o dirənişin təmsilçisi kimi ortaya çıxmışdı. Ortaya çıxdı və qiyamətə qədər bizə zülmün qarşısında necə dayanmağın örnəyini göstərdi. Bu mənada “Aşuranı ağlayaraq keçirməkdənsə, düşünərək keçirmək daha xeyirlidir” deyə bilərik. Guya o zülm, o haqsızlıq tarixə qovuşdumu? Bu gün İslam aləmi qan içində çalxanmırmı? Demək, biz başımıza gələnlərdən dərs ala bilmirik. Elə ona görə də eyni bəlaları dönə-dönə yaşamalı oluruq. O zaman Kərbəlada İmamın və ailəsinin canına qıyanlar, Peyğəmbər qanını axıdanlar indi də eyni coğrafiyada qızların-qadınların namusunu kirlətmirlərmi, onları qul kimi bazarlarda satmırlarmı, qoca, cavan, uşaq demədən, xoşlarına gəlməyənləri öldürmürlərmi?.. Yezid öldü, amma yezidlik ölmədi.

Dünyanın harasında olur-olsun, Aşuranın mahiyyətini anlayan gərək dönüb özünə nəzər salsın, yaltaqdırsa, Aşuradan utansın; ikiüzlüdürsə, Aşuradan utansın; haqqın deyil, nahaqqın yanında yer alırsa, Aşuradan utansın; yalandan kiminsə üzünə durursa, Aşuradan utansın; dünya malı üçün kiminsə könüllü köləsi olubsa, Aşuradan utansın… Yəni Aşura, bir növ, hər kəsin özü ilə üzləşmə məqamıdır.

Bir Aşuranı da yola saldıq, anlayan anladı, ağlayan ağladı… İçindən gələn səmimi duyğularla ağlaya bilmək böyük nemətdir. Dünyani, axirəti, aqibəti düşünərək ağlamaq qeyrətsizlik deyil, qeyrətin özüdür. Allah bizi islah eləsin, haqqı batildən, xeyiri zərərdən ayıra bilməyi və sevdiklərinin yolu ilə gedib Haqqa qovuşmağı nəsib eləsin! Vəssalam. a.mecid@zaman.az