Astaradan rayonlara gedən təndirlər…

0
730

Rasim Məmmədli
Çox az adam tapılar ki təndir çörəyini xoşlamasın. İsti-isti, təzə təndir çörəklərinin pulunu verib, alıb yeyirik. Belə asan əldə eləyəndə adama o qədər də çətin gəlmir. Amma hər işdə olduğu kimi, bu işdə də müəyyən çətinliklər var. Söhbətimiz çörəyin bişirilməsindən deyil, təndirin necə əmələ gəlməsi haqdadır. Həftəsonu Xaçmazda bir təndirsatanla rastlaşdıq. Malik Kazımov adlı təndir satanla söhbətimizdə təndir haqda bəzi şeyləri öyrəndik. Masallıda yaşayan bu zəhmətkeş adam, Astarada hazırlanan təndirləri maşınının üstünə yığaraq rayon-rayon, kənd-kənd gəzərək təndir satır. Təndirin necə hazırlanması ilə bağlı sualımıza cavab verən M. Kazımov bildirdi ki, bu təndiri əsasən Cənub bölgəsində hazırlayırlar: “Bu, Fatma nənənin təndiri adlanır. Allah hamıya xeyir bərəkət qismət eləsin. Evdə çörək bişirirlər. Çörəkdən əlavə, təndirdə cücə ləvəngisi, balıq ləvəngisi hazırlanır. Bu təndirlərin ömrü uzundur. Yanacaq az istifadə edir. Ev üçün istifadə edəndə azı 10 il istifadə etmək mümkün olur. Amma çörək bişirilib satılan yerlərdə 2-3 il işlədilir. 50 manatdan 100 manata qədər ölçüsünə görə qiymətləri var. Bu təndirlərdən azərbaycanlılar Rusiyaya da aparırlar. Təndiri ortadan iki hissəyə bölürlər, sonra apardıqları yerdə yapışdırıb istifadə edirlər. Təndir torpaqdan, gildən hazırlanır. Torpaqla gili qarışdırıb ayaqla tapdalayırlar. Sonra az-az üst-üstə yığa-yığa beş ədədi birdən hazırlanır. Hər gün təxminən 20-30 sm hündürlükdə az-az yığılır. Hazırlanandan sonra odunun içində yandırırlar. Yəni bişirirlər. Ondan sonra onu ağartmağa ehtiyac yoxdur. Gecə-gündüz çöllərdə oluram. Azərbaycanın, demək olar ki, hər yerinə gedib təndir satıram”. Təndir satan Malik Kazımovla söhbətimiz zamanı Xaçmazın bir neçə kənd sakini təndir aldı. İki təndiri 140 manata razılaşdılar. Təndirin bir rayondan başqa bir rayona, kəndə gəlib çıxması bir neçə adamın zəhməti bahasına başa gəlir. Şimal regionlarından arana qədər, hər yerdə təndir satmaqla ruzisini qazanan həmsöhbətimiz Lənkəran çayı da satırdı.