Astarada möhtəşəm dənizkənarı bulvar salınır

493
Paytaxt Bakıdan sonra rayonlar arasında ilk dəfə Astarada dənizkənarı bulvarın tikilməsinə başlanılıb. Tikinti işləri ilə yerindəcə tanış olmaq və dənizkənarı bulvar haqqında məlumat əldə etmək üçün Astaraya yollandıq. Mövzu ilə bağlı suallarımızı Astara Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Rəhmətulla Rufullayev cavablandırdı.
“Astarada bulvar tikilməsi təşəbbüsü Qəzənfər Ağayevdən gəlib”

Rəhmətulla Rufullayev bildirdi ki, rayonun ən böyük problemlərindən biri ərazidəki (hal-hazırda bulvar tikilən yer – M.Q) yolun bərbad vəziyyətdə olması idi: “Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bu bərbad yolun düzəldilməsinə nail oldu. Bundan öncə isə bu yolun bərbadlığı ucbatından ağırtonnajlı yük maşınları Astara şəhərinin içərisindən keçirdi. Bu isə həm yolları dağıdır, həm əhaliyə əziyyət verirdi. Amma yolun düzəldilməsindən sonra vəziyyət yaxşılaşdı. Buradakı əhalinin qışdakı palçıqdan, yaydakı toz-torpaqdan canı qurtuldu. Bu ərəfələrdə Qəzənfər Ağayev burada bir bulvar tikilməsi təşəbbüsü ilə çıxış etdi. Memarlar bu layihə üzərində işləyəndən sonra tikintiyə başlanıldı. Hal-hazırda da tikinti davam etdirilir. Bulvar rayonun daxili imkanları hesabına tikilir”.

Rəhmətulla Rufullayev bildirdi ki, dənizkənarı bulvarın tikintisinə cari ilin mart ayının əvvəllərindən başlanılıb: “Əraziyə 240 min kubmetr torpaq tökülüb. Buranın bir hissəsi müəyyən qədər bataqlıq olduğundan torpağın tökülməsi lazım oldu. Dənizkənarı bulvarın ümumi ərazisi 8 hektar təşkil edir. Buraya yürüş yeri, əyləncə mərkəzləri, yaşıllıq ərazi və çimərlik daxildir. Ərazidə amfiteatr da nəzərdə tutulub. Burada müxtəlif tədbirlərin keçirilməsi, konsertlərin verilməsi mümkün olacaq. Eyni zamanda burada ikimərtəbəli restoran da fəaliyyət göstərəcək. Bulvardakı dənizkənarı yürüş yerinin uzunluğu 600 metr olacaq. Bundan başqa, dənizin içinə 30 metrlik giriş də olub. Eyni zamanda ərazidə yol boyunca çinar ağaclarının əkilməsi də nəzərdə tutulub. Burada həmçinin dəmirağacı, çökə ağacı, dekorativ ağaclar da əkiləcək. Bunların hər biri üçün də damcı üsulu ilə suvarma təşkil olunacaq”.

Ərazidə nəzərdə tutulan çimərlikdə isə mini-futbol, voleybol sahələri də olacaq. Astara Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdirinin sözlərinə görə, çimərlikdən əhalinin rahat istifadəsi üçün hər cür şərait yaradılacaq.

“Çimərlikdən istifadə pullu olacaq, yoxsa pulsuz?” sualımıza isə Rəhmətulla Rufullayev belə cavab verdi: “Hər halda ümumi qiymət tənzimləməsi olacaq. İstər attraksionlardan, istərsə də çimərlikdən istifadəyə görə müəyyən qiymət müssəyyənləşdiriləcək. Çünki çimərliyin təmiz saxlanılması üçün müəyyən qədər maddi vəsait lazımdır. Yoxsa, bura zibilliyə dönər”

Müşahidələrimizə əsasən deyə bilərik ki, bura həm sakinlərin istirahəti üçün, həm də qonaqların, turistlərin istirahəti üçün gözəl yer, məkan olacaq. Çünki bu ərazidəki dənizkənarı bulvarın Bakıdan bir üstünlüyü də var. Bu da bulvarın qərb tərəfindən seyr edilən Talış meşələrinin gözəlliyidir. Beləliklə, bir tərəfi dəniz, bir tərəfi də meşə olan bu gözəl yerdə belə bir bulvarın inşası hər halda çox uğurlu olacaq. Bizə də “xeyirli olsun!” demək qalır.

Mərdan Qurbanov, Astara