Aslan Kərimov: “Peçin üstündə şişi görəndə başladım… ağlamağa”

0
574

Aslan Kərimov… Onu idman aləmimizdə kim tanımır ki? Yox, bu yazımızda onun əldə etdiyi uğurlardan ətraflı söz açmaq istəmirik (Amma təkcə bir faktı xatırladaq ki, o, milli çempionatımızda 382, milli komandanın heyətində isə 80 oyun keçirib). Çünki məqsədimiz futbol aləmimizdə öz dəst-xətti olan bu idmançının daxili dünyası ilə oxucularımızı daha ətraflı tanış etməkdir. Beləliklə, həmsöhbətimiz Aslan Kərimovdur.

Qvami Məhəbbətoğlu

– Adətən, müsahib müsahibədən əvvəl özünü kökləməyə çalışır. Siz necə, özünüzü kökləmisiniz?

– Əlbəttə.

– Elə isə sarı simlərdən başlayaq. Sizə elə gəlmirmi, tarı atmağınızla musiqimiz heç nə itirmədi?

– Elədir.

– Bəlkə, bundan futbolumuz nəsə qazanıb?

– Nə qədər qazandığını deyə bilmərəm. Amma milli komandanın səviyyəsinə gəlib çıxan bir oyunçu, yəqin ki, nə isə qazanıb.

– Yeri gəlmişkən, eşitdiyimə görə, tanınmış tarzən Qurban Pirimovun tarını dilləndirmək sizə nəsib olub…

– Qurban müəllimin yox, onun ana babam Hüseynağa kişiyə bağışladığı tarı dilləndirmək mənə nəsib olub: Xalq artisti, məşhur tarzən Qurban Pirimov əslən Novxanıdan olan və şeirə, musiqiyə marağı ilə çeçilən ana babam ilə (o, müəllim olub) dostluq edib. (Babam bir müddət təyinatı üzrə müəllim kimi Yardımlıda fəaliyyət göstərib və elə orada ailə qurub). Hüseynağa kişi həm də tar çalmağı çox xoşlayardı. Elə bu səbəbdən məşhur tarzən ona tar bağışlayıb.

– Musiqiyə marağınız bu tardan başlayıb?

– Onu dəqiq deyə bilmərəm. Amma uşaqlıqdan nağara çalmağa həvəsim olub. Hətta hərdən stoldan, stuldan nağara kimi istifadə etməklə ritm tutar və bununla da hamının diqqətini özümə cəlb edərdim. Bu sahədəki peşəkarlığımı görən valideynlərim məni Biləcəridəki 18 saylı musiqi məktəbinə aparıblar. Lakin orada nağara bölməsində qəbul planı dolduğunu, kamança, piano və tar bölmələrində boş yerlərin olduğunu söyləyiblər. Anam evdə tarın olduğunu əsas gətirərək tar sinfinə yazılmağımı məsləhət bilib (Onda ikinci sinifdə oxuyurdum). Beləcə, mən 5 il musiqi təhsili aldım, və oranı əla qiymətlərlə bitirdim.

– Həmin tar indi də sizdədir?

– Bizdədir, amma etiraf edim ki, son 10 ildə onu əlimə almamışam.

– Bölmədə yer olsa idi, yəqin babat nağaraçalan olardınız?

– İnanmıram. Etiraf edim ki, tara da həvəsim olmayıb. Çünki elə illərdə başımda bir top sevdası vardı.

– Tardan qaçdınız… Atanız buna görə siz tənbeh etmədi?

– O vaxtı evdəkilərin futbola getməyimdən xəbərləri yox idi. Hətta iş o yerə çatmışdı ki, musiqi dərsi adı altında evdən çıxırdım. Tarı xalamgilə qoyub qaçırdım futbola. Bir gün Kamal müəllim atamı görüb soruşub ki, oğlun iki dərsə gəlməyib, bu nə məsələdir? Atam da deyib ki, hər gün dərsə gəlir axı. Nə isə… Atam evə gələn kimi başladı məni məzəmmət etməyə. Hələ bu azmış kimi dedi: “Ayağını şişlə dağlayacağam ki, bir də futbol oynamayasan”. Mən elə bildim ki, bu sözü elə-belə deyir. Amma peçin üstündə şişi görəndə başladım ağlamağa. Son anda atama: “İstəyirsən yandır, sağalacaq, gedib yenidən oynayacağam”, – sözlərini deməyə özümdə cəsarət tapdım. Atam bu qətiyyətim qarşısında yumşaldı və şərt qoydu: “Gərək dərslərini də yaxşı oxuyasan, musiqi məktəbini də bitirəsən”.

– Peşəkar futbol aləminə gəlişinizin tarixçəsi necə olub?

– Biləcəridə bir futbol komandası vardı: “Lokomotiv”. Bu komanda Biləcərinin parkındakı stadionda məşq edirdi. Günlərin bir günü ora gəldim və mənə bir sarı mayka verdilər. Amma elə oldu ki, ertəsi gün məşqə gedə bilmədim. Növbəti gün ora gedəndə maykanı əlimdən aldılar. Mənim gözlərim doldu. Onda da Bəxtiyar Musayev (o, mənimlə bir məktəbdə, amma paralel sinifdə oxuyurdu) dedi ki, Aslan, eybi yox, gedək “Spartak”a yazıl. Məşqçiyə deyərəm, səni yoxlayar, inanıram ki, oyunun onun xoşuna gələcək (O “Spartak”da məşğul olurdu). Beləcə, “Spartak”a gəldim və Şamil Heydərovun rəhbərliyi altında məşqlərə başladım.

Haşiyə:

– Aslan bəy, bu suallarım atalar sözləri əsasında olacaq. Siz onlara futbol ahəngi qatmaqla cavablandırmağa çalışın. Elə isə ilk sualım belədir: Hər oxuyan Molla Pənah olmaz, bəs hər top qovan?

– Hər top qovan Maradona olmaz.

– Alıcı quş dimdiyindən bilinər, bəs yaxşı oyuncu?

– Topa ilk toxunuşundan…

– Yaxşı at nalı gözlər, yaxşı igid dalı, bəs yaxşı oyunçu?

– Ümumi komanda oyununu…

– Tək əldən səs çıxmaz, bəs tək ayaqdan?

– Tək ayaqdan da heç nə çıxmaz.

“O komandanı

udmaq borcumuz idi”

– Aslan Kərimov “Qarabağ” klubunda ilk oyununu 28 fevral 1992-ci ildə “Azəri Bakı” komandasına qarşı keçirib. Bu oyunda 90 dəqiqə meydanda olmusunuz və oyun 2-0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb. Bunu xatırlamağımın müəyyən səbəbi var. Maşallah, xeyli klub (”İnşaatçı” (Şamaxı), “Dinamo” (Bakı), “Azəri Bakı”, “Qarabağ”, “Neftçi”, “Kəpəz”, “Baltika”, “ANS Pivani”, “Şəmkir”, “Qarabağ”, “Sumqayıt”) dəyişmisiniz, həmin komandalardakı bütün ilkləriniz belə uğurlu olub?

– Yox… Məsələn, milli komandadakı ilk oyunumuzda 5:2 uduzmuşuq.

– Uduzmaqdan söz düşmüşkən, Lixtenşteynə uduzmağınızı deməzdim, uduzmağımızı necə “qeyd etdiniz”?

– İnanırsınız, məğlubiyyət mənə necə təsir etmişdisə, oyundan sonra uşaq kimi ağladım. Əhalisi 40 min nəfər, sahəsi 160 kv.metr olan bir ölkənin komandasına uduzmaq doğrudan da mənə dəhşətli gəldi. Halbuki o komandanı udmaq borcumuz idi. Biz isə 2:1 hesabı ilə məğlub olduq.

– Daha hansı oyun sizi ağladıb?

– Sonrakı məğlubiyyətlərimiz səviyyəli komandalara olduğundan bir o qədər də təəssüflənməmişəm.

– Karyeranız boyunca 10-dan çox komanda dəyişmisiniz. Bu nədən irəli gəlirb?

– Məsələn, mən “Qarabağ”da ilk dəfə çıxış edəndə (1993-1997-ci illərdə) bu komandadan heç yerə getmək fikrim olmayıb. Amma maddi durum səbəbindən…

– Sizə elə gəlmirmi bizimkilər elə maddi durumun qurbanı olurlar?

– Deyəsən, belə bir sual verməkdə tələsdiniz (Qaçanlar olub, amma mən özümü pul dalınca qaçan futbolçu saymıram). Maddi durum dedikdə mən heç də Aslan Kərimovun durumunu nəzərdə tutmuram. Məsələn, mən 2003-2011-cü illərdə də “Qarabağ”ın heyətində olmuşam. O illərdə mənə oyunumun müqabilində daha çox pul təklif edən komandalar olub. Lakin “Qarabağ”ı tərk etməmişəm. Çünki onda bu komanda daha yaxşı formada idi. Yəni heyətinə daha yaxşı oyunçular cəlb edə bilirdi, normal komanda formalaşdırmağa nail olmuşdu. Bu mənada həmişə yaxşı komandada çıxış etmək istəmişəm.

– O vaxt 09-u yox, 06-nı seçdiniz. O vaxt belə seçimlər qarşısında çox qalmısınız?

– O vaxtlar klublar oyunçulara ya maşın, ya da pul təklif edirdilər. Bəli, o vaxt mən milli komandanın üzvü idim. Yaxşı da formada idim. 1994-cü ildə “Neftçi”dən mənə təklif gəlmişdi. Hətta dedilər ki, istəsən, sənə bir “VAZ 2109” da verərik. Kapitanımız Elşad Əhmədov bu söhbətdən duyuq düşən kimi “Qarabağ”ın rəsmilərinə dedi ki, bəs Aslana “elçi” düşüblər, gəlin biz də ona nəsə hədiyyə edək, 3-4 ildir ki komandadır, təmənnasız oynayır. Amma elə edək ki “Neftçi” verənə uyğun bir şey olsun. Adil Nadirov da dedi ki, mən “06” verə bilərəm. Razılaşdıq. Mən “06”-nı, daha doğrusu, “Qarabağ”ı – komandamı üstün tutdum. Bununla bir daha sübut etdim ki, mən pula həris olmamışam. Həris olsaydım, daha bahalısını, yəni “09”-u seçərdim.

Gizlətmirəm, bəzən pul seçimləri qarşısında çox qalmışam. Belə məqamlarda komandaların heyətlərini, eləcə də mənim orada necə oynaya biləcəyimi daha çox götür-qoy etmişəm.

– Siz özünüzü hansı komandanın yetirməsi hesab edirsiniz?

– “Qarabağ”ın yetirməsiyəm…

Haşiyə:

– Aslan bəy, abad kənd tüstüsündən bilinər, bəs abad komanda?

– Oyunçularından, baş məşqçidən, hə, bir də komandanın idarəedicilərindən.

– Söz bir olsa dağa oynadar yerindən, bəs komanda bir olsa?

– Qələbələri ard-ardınca sıralayar.

– Ac toyuq yuxuda darı görər, bəs tox futbolçu?

– Tox futbolçu heç nə görə bilməz. Çünki futbol özü aclıq tələb edir. Belə bir motivasiya olmalıdır ki, nəyə isə nail olasan… Ümumiyyətlə, basketbol, voleybol, o cümlədən futbol idmanın elə bir idman növüdür ki, gərək kimisə qabaqlayasan. Toxluqla buna nail olmaq qeyri-mümkündür.

– Bal tutan barmaq yalar, bəs hücumçunu tutan müdafiəçi?

– Sarı, yaxud qırmızı kart.

“Futbol balet deyil ki…”

– Aslan Kərimov futboldan oyunçu kimi erkən ayrılmağına görə təəssüflənmir ki?

– Erkən niyə? 38 yaşadək meydanda olmuşam. Hətta məni hələ də futboldan gec ayrılan futbolçu kimi tanıyırlar.

– Yəni sonuncu komandadan – “Qarabağdan” heç bir inciklik olmadan ayrılmısınız?

– Ümumiyyələ, heç bir komandadan incik olmamışam. Mənə elə gəlir ki, heç məndən də inciyən olmayıb.

– 2007-ci ilin 13 oktyabrı. Tofiq Bəhramov adına Respublika stadionu. Dirsəyə tuş gəlmiş Ronaldo. Bu adlıq cümlə xatirinizə nələr saldı?

– Nələri yadınıza saldı deyəndə, təbii ki, Avro-2008-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Portuqaliya oyununu (Hansı ki, həmin qarşılaşmada Portuqaliya 2:0 hesablı qələbə qazandı). Və bir də… matçın baş hakimi, xorvat referi İvan Bebek tərəfindən qırmızı vərəqə alaraq meydandan qovulmağım.

– Amma nədənsə Aslan Kərimovun dirsəyindən söz açmadınız?

– Hə, epizodların birində Kriştiano Ronaldo topu yanımdan atıb məni keçmək istədi. Mən də məcbur olub ona əlimlə mane olmağa çalışdım. Amma tərslikdən dirsəyim ağzına tuş gəldi. Oyundan sonra videotəkrarda həmin epizodu dönə-dönə izlədim. Və həqiqətən, dirəsəyimin bir qədər yuxarıda olduğunun fərqinə vardım. Və hakimin ədalətli qərar verdiyinə şübhə yerim qalmadı. Amma onu da deyim ki, meydanda olanda, ümumiyyətlə, gözümə heç nə görünmür. Yəni rəqibin kimliyinin fərqinə varmıram. Hətta deyərdim ki, həmin epizodda atamla (təbii ki, futbolçu kimi nəzərdə tuturam) üz-üzə gəlsəydim belə, yenə ona bu şəkildə mane olmağa calışacaqdım. Bir də unutmayın ki, futbolda kimi dağıdıcı, kimi yaradıcı, kimi təşkilatçı oyunçu kimi tanınır. Mən daha çox dağıdıcıya uyğun gəlirəm. Bir də mənim fikrimcə, futbolçu bir qədər sərt olmalıdır. Futbol balet deyil ki…

– Amma siz Ronaldoya dirsək göstərən ilk azərbaycanlı kimi bizim, eləcə də Portuqaliyanın futbol tarixinə düşmüsünüz.

– Çox istərdim ki, məni başqa əməllərimlə tanısınlar, o cür yox… Hə, bir də mənə elə gəlir ki, həmin epizodda Ronaldo özünü bir az da artistliyə qoydu.

Haşiyə

– Yiyəsinə baxıb atın nallayarlar, bəs məşqçiyə baxıb?

– Oyunçularına qiymət verərlər.

– Könlü balıq istəyənin quyruğu suda gərək, bəs bombardir olmaq istəyənin?

– Bombardir olmaq istəyənin başı gərək həmişə cərimə meydançasında olsun.

– Araba aşanda yol göstərən çox olar, bəs komanda müflis olanda?

– Oradan qaçan çox olar.

– İtən baltanın sapı qızıl olar, bəs itirilən xalın?

– İtirilən xal da qızıl olar elə…

– Qismətdən qaçmaq olmaz, bəs məğlubiyyətdən?

– Ondan da qaçmaq olmaz, o da elə qismət kimi bir şeydir.

– Başını itirən tel üçün ağlamaz, bəs şansları itirən?

– Qol üçün ağlamaz.

“Adam… məni tərifləyər”

– Aslan bəy, bəlkə “İmarət”i də xatırlayaq?

– Mən “Qarabağ”a keçəndə komanda Mingəçevirdə məskunlaşmışdı. Oyunlardan bir gün öncə Ağdama gələrdik. Çünki o zaman rayon ermənilər tərəfindən atəşə tutulurdu. Hətta oyunların gedişində belə qradlar stadiona da düşürdi. O günləri xatırlayanda kövrəlməmək mümkün deyil. Onu da deyim ki, indiyədək bir çox stadionlarda çıxış etmişəm. Amma heç birindən “İmarət”in qoxusunu ala bilməmişəm. İndi də o qoxunun həsrətindəyəm. Bəli, “İmarət”in çox səfalı mənzərəsi vardır. Çinarlarla əhatə olunmuş stadionda ağacların kölgəsi birbaşa meydançaya düşürdü… Bir də oranın fərqli bir azarkeş mühiti vardı.

– Bəlkə, bu yerdə komandanın baş məşqçisi Qurban Qurbanovdan da söz açasınız?

– Qurban Qurbanovla ilk dəfə rəqib kimi qarşılaşmışam. Onda o Zaqatalanın “Daşqın”ının hücumçusu idi, mən isə “Qarabağ”ın müdafiəçisi. Onunla Kalininqradın “Baltika”sında, bir də millidə birgə çıxış etmişəm. Yəni Qurban Qurbanovonla, əgər belə demək mümkünsə, həm duelə çıxmışam, həm də duet ifa etmişəm. Yeri gəlmişkən, Qurban, həm də onun qardaşı Musa bir az dalaşqan, vuruşqan futbolçu idi. Yəni top uğrunda sonadək mübarizə aparan bir oyunçu idi. Bir sözlə, qorxaq deyildi.

– Futbolçunun da qorxaqı olur?

– Niyə olmur ki? Futbolda bəzən elə hücumçular olur ki, arxasında müdafiəçinin nəfəsini hiss edən kimi topdan 2 metr kənar qaçırlar.

– Mənə belə gəlir ki, Aslan bəy ölkə səviyyəsində futbolçu kimi sözünü deyib, bəs məşqçi kimi (”Sumqayıt”, U-15, U-16) necə?

– Məşqçi kimi özümə hələ ki, sıfır qiymət verərəm. Yəni demək istəyirəm ki, bu sahədə bir nailliyyətə imza atmamışam.

– “Sumqayıt”ın baş məşqçisi Bernard Raabla və millinin baş məşqçisi Berti Foqtsla və 15 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Nikolay Adamla birgə işləmisiniz. Onları necə xatırlayırsınız?

– Berti Foqts bizim media əhlil tərəfindən heç də birmənalı qarşılanmırdı. Bu da səbəbsiz deyildi, çünki o, mediaya yuxarıdan aşağı baxırdı. Yəni Avropa, dünya çempionu olmuş (üstəlik, məşqçi kimi də Avropa çempionu olmuş) bir insan futbol aləmində öz sözünü deməmiş bir ölkənin jurnalistlərinin suallarını cavablandırmağı sanki həzm edə bilmirdi. Bir də o, bizim mentalitetlə ayaqlaşmağa çətinlik çəkirdi. Halbuki məşqçi fəaliyyət göstərdiyi ölkənin ənənələrinə də bələd olmalıdır. Bu onun digər müsbət xüsusiyyətlərinə kölgə salırdı. Amma onun komanda quruculuğunda, təşkilatçılığında, məşq zamanı özünü aparmasından öyrəniləsi çox şey vardı. Mən də onları öyrənirdim.

Bernarda Raab məşqçi kimi çox savadlı idi. Lakin o da Azərbaycan mentalitetinə o qədər bələd deyildi. Buna baxmayaraq, ondan da öyrəniləsi şeylər çox idi. Nikolay Adamın isə instruktor sahəsindəki pedaqoji görüşlərinə söz ola bilməzdi.

– Bəs Prosineçki barədə nə deyə bilərsiniz?

– Onun məşqlərində iştirak etməmişəm. Amma müşahidələrimə əsasən deyə bilərəm ki, o, idmançılarla münasibətdə, onlarla dil tapmaqda, mentalitetimizə bələdlilkdə Berti Foqtsdan çox qabaqdadır.

– Prosineçkidən nə gözləyirsiniz?

– Komanda quruculuğu baxımından ondan çox şey gözləyirəm.

– Millimizə Torres, Foqts, Prosineçki rəhbərlik edib. Onları necə sıralayardınız?

– Foqts… Torres… Hacıyevski… O ki qaldı Prosineçkiyə… Ondan ətraflı söz açmaq isə mənim üçün hələ ki çətindir.

– Təsəvvür edin ki, onlara sizinlə bağlı sual veriblər. Görəsən, onlar nə deyərdilər?

– Foqts, yəqin, deyər ki cavan, perspektivli məşqçidir, amma təcrübəsi çatışmır, hələ üzərində çox işləməlidir. Bernard təxminən belə deyər: gəncdir, karyerası hələ qabaqdadır. Adama gəldikdə isə… o məni tərifləyər. Hətta deyər ki məşqçi kurslarını apara biləcək yeganə şəxs Aslan Kərimovdur.

“Bu təkcə mənim imkanım daxilində olan bir iş deyil”

– Dəmiryolu dedikdə yadınıza nə düşür?

– Yaşadığım yer. Axı mən Biləcəridəki Dəmiryol Stansiyasının yaxınlığında yaşayıram. Hə, bir də atam, anam. Yeri gəlmişkən, atam Səməd kişi dəmiryolçu olub, anam Fəridə xanım isə Biləcəridəki Dəmiryolçular xəstəxanasında tibb bacısı kimi çalışıb.

– Soğan yeməyən uşaq görəndə kim yadınıza düşür?

– Özüm. Çünki bağçada soğan yeməzdim. Tərbiyəcidən xəbərsiz xörəyin içindən soğanları çıxarıb cibimə yığardım.

– Son zəng çalınanda könlünüzdən nələr keçir?

– Həmişəki kimi futbol, futbol, yenə də futbol… Onu da deyim ki, son zəngimizdə mən futbolda olmuşam.

– Ona görə peşmansınız?

– Yox. Doğrudur, ən sevimli anlarım məktəblə bağlı olub, amma fikrim daim futbolda olub. Bəlkə də elə bu səbəbdən məktəbdə bir o qədər də sevinməmişəm.

– Hər gün içdiyiniz içki?

– Su…

– Biləcəridən o yana keçənlərin arasında sizin də adınız var. Amma 6 ay. Darıxdınız, yoxsa..

– Bayaq dediyim kimi, Kalininqradın “Baltika” komandasında oynamışam. Oradan tez ayrıldığıma gəldikdə isə bunun bəlli səbəbləri var. Əvvəla, mən o günə qədər Azərbaycandan ayrılıb harasa getməmişdim. İkincisi, həmin komandanın məşqçisi ilə münasibətim o qədər də yaxşı deyildi. Deyərdim ki, peşəkarlığımın yüksək səviyyədə olmaması ucbatından belə legioner həyatı yaşamışam.

– Bu sizin ilk və son…

– Bəli, bu mənim ilk və son legioner həyatım olub.

– 346 rəqəmi görəndə nə yadınıza düşür?

– Qarabağın heyətində çıxış etdiyim oyunların sayı…

– Atanız Yardımlıdan, ananız Novxanıdan… Yardımlıda sonuncu dəfə nə vaxt olmusunuz?

– Neçə il öncə orada bir yas mərasimində olmuşam.

– Bəs Yardımlıda futbol olmaması Aslan Kərimovu narahat etmir?

– Çox istərdim ki, bu rayonda da futbol inkişaf etsin. Amma belə düşünürəm ki, bu təkcə mənim imkanım daxilində olan bir iş deyil. Yeri gəlmişkən, tanınmış futbolçular Arif Əsədov, Şahin Diniyev, Rasim Abışev də Yardımlıdandırlar.

– Futbolda müdafiəçi də var, yarımmüdafiəçi də, bəs niyə yarımhücumçu yoxdur?

– Yəqin ki, bu hücumçuların sayının azlığı ilə bağlıdır.

– Özünüzü dünyaca məşhur olan hansı futbolçu ilə müqayisə edərdiniz?

– Heç kimlə…

– Anatoli Banişevski deyərdi: “Kaş 20 il sonra doğulaydım”. Hərdən siz də belə düşünürsünüz?

– Hə…

– Azərbaycan futbolçularından ibarət bir stend yaratmaq fikrində olsaydınız, ilk yerdə kimin fotosuna yer verərdiniz?

– Heç düşünmədən Banişevksini…

“Bu… sayanların bostanına atılan daşdır”

– Hazırda nə işlə məğulsunuz?

– AFFA-dakı Məşqçilərin Maarifləndirmə Departamentinə rəhbərlik edirəm. Bilirsiniz, futbolda məşqçi kimi çalışmaq üçün lisenziya önəmlidir. Hazırda bizdə ən aşağı səviyyədən tutmuş “Pro”ya qədər lisensiyalar verilir. O sənədləri də UEFA təsdiqləməlidir.

– Məşqçilərdən söz düşmüşkən, hərdən onların bostanına daş atırsınız. Məsələn, pro lisensiyası ala bilməyən haqqında danışarkən demisiniz: “Böyükağa Hacıyevin “Neftçi”ni Avroliqanın qrup mərhələsinə çıxarmasına gəlincə, bu, onun lokal uğurudur. Hansısa məşqçi komandasını Avroliqanın qrupuna çıxarırsa, bu, hələ onun top-məşqçi olmasından xəbər vermir”.

– Sadəcə bu, məşqçilərə ünvanladığım ümumi bir fikirdir. Yəni bu özünü böyük məşqçi sayanların bostanına atılan daşdır. Ola bilsin ki, Böyükağa Hacıyevlə bağlı mənə kompromat suallar veriblər, mən də bunun müqabilində belə bir cavab vermişəm. Amma onun savadına qiymət vermək mənim həddim deyil

– Bizdə futbol yoxdur deyirlər və yaxın müddətdə də olmayacaq. Bu fikrə münasibətiniz.

– Yoxdur fikri doğru deyil, futbol bizdə aşağı səviyyədədir demək daha doğru olar. Bununla razılaşmamaq mümkün deyil. Çünki bunun qarşısına bir arqumen qoya bilmədiyimizə görə bir söz deyə bilmirik. Bir də bu heç də o demək deyil ki bizdəki məşqçilər, oyunçular pisdirlər. Bunun müxtəlif səbəbləri var.

– Bəs bu nə deməkdir?

– Bu o deməkdir ki, bizim mentalitetimiz komanda şəklində əla idmançı yetişdirmək üçün o qədər də əlverişli deyil.

– Bəs futbolumuzun inkişaf yolunu nədə görürsünüz?

– İdman adamlarının özlərində dəyişiklik etmələrində… Bu da ailədən başlamalıdır.

“Gözünün altında

göy var idi”

– Ayağınız işləkdir. Əlləriniz necə? Yəni başqa bir işlə məşğul olursunuz?

– Hərdən bıçaq düzəldirəm. Hətta bıçaqlardan ibarət kolleksiyam var.

– Bəs ovla aranız necədir? Vidadi Rzayev yaxşı ovçudur, yoxsa siz?

– Vidadi məndən qat-qat üstündür.

– Hansı tərəflərdə ov edirsiniz?

– Samux, Şəki, Şamaxının ərazilərində…

– Ən uğurlu ovunuz?

– Nə qədər gülməli olsa da, çaqqal.

– Deyirlər, nə vaxtsa ceyran da vurmusunuz?

– Yox, onu Vidadi vurub.

– Səməd Vurğunun sözünə niyə əməl etməmisiniz? Axı o deyirdi: “O çöllər qızını ayırma bizdən…”

– Ov elə bir şeydir ki, oyunda olduğu kimi sanki adamın gözü tutulur. Onda heç nəyin fərqinə varmırsan?

– Çəkindiyiniz hücumçu kim olub?

– Vidadi Rzayev və Samir Ələkbərov…

– Ən çox nəyə təəssüflənirsiniz?

– Ronaldonu vurmağıma. Bəlkə də həmin epizodda qırmızı verməmək olardı, sarı ilə keçinmək olardı.

– Bununla bağlı daha nələr açıqlamaq istərdiniz?

– Bilirsiniz, daxili çempionat oyunlarında onu vurmuşdular, yəni gözünün altında göy var idi. Mənim də dirsəyim təsadüfən o hissəyə tuş gəldi və o da artistlik edərək yerə yıxıldı. Həmin o göy də yazıldı mənim ayağıma.

– Sizə elə gəlmirmi hakimlər ulduz futbolçulara sanki xüsusi qayğı göstərirlər?

– Elə deməzdim. Amma mənim bildiyimə görə, hakimlər ulduz oyunçuları qorumaq zorundadırlar. Çünki minlərlə azarkeş məhz ulduza görə stadiona gəlir.

– Bu gün meydanımızın Aslan Kərimovu kimdir?

– Qara Qarayev…

– Bəs meydanımızın aslanı kimdir?

– Yaşa dolsa da, Rəşad Sadıqov…

– Siz həm də oyunları analiz edirsiniz? Bu sahədəki boşluğu doldurmağa nail olursunuz?

– Qismən…

– Bəs şərhçilərimiz barədə nə deyə bilərsiniz? Onlardan kimi fərqləndirmək istərdiniz?

– Rüstəm Əfsərlini, Siyavuş Əliyevi…

– Bəs siz özünüz…

– Mən, ümumiyyətlə, oyunlara şərhsiz baxmağa üstünlük verirəm. Çünki heç bir şərhçi həmin oyunu mənim kimi, yaxud futbolçu, məşqçi kimi görə bilməz.