“ASAN vətəndaşlara xidmət üçün müxtəlif innovativ tətbiqlər həyata keçirir”

505

 

 

Müasir dünyada qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət almasında sürətlə inkişaf edən və yayılan İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) mühüm əhəmiyyəti danılmazdır. İKT-dən geniş istifadə olunması ölkələrin inkişafında müstəsna rol oynayır. Azərbaycanda da İKT-nin və elektron xidmətlərin davamlı və hərtərəfli inkişafı istiqamətində məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata keçirilir və ölkəmiz bu sahədə mühüm nailiyyətlər əldə edib. Hazırda İKT-nin geniş şəkildə tətbiq olunduğu sahələrdən biri “ASAN xidmət” mərkəzləridir. “ASAN xidmət” mərkəzlərində İKT-nin hansı səviyyədə tətbiq olunduğu və eyni zamanda Mərkəzin fəaliyyəti barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) mətbuat xidmətinin rəhbəri Anar Hüseynovla söhbətləşdik.

– Anar müəllim, İKT-nin “ASAN xidmət” mərkəzlərində tətbiqi hansı səviyyədədir və bu sahədə prioritetiniz nələrdir?

– Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsini həyata keçirir. Digər tərəfdən, agentliyin əsas fəaliyyət istiqamətlərindən biri də dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası və elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsindən ibarətdir.

Hər bir dövlət xidməti “Elektronlaşma və əlaqəlilik səviyyəsi”, “İnformasiya açıqlığı və əldəolunma səviyyəsi” və “İstifadə rahatlığı səviyyəsi” meyarları üzrə qiymətləndirilir.  2013-cü ildən bəri həyata keçirilən qiymətləndirmə prosesi 42 dövlət orqanını və onlar tərəfindən həyata keçirilən 446 xidməti əhatə edir.

“Elektron xidmət növlərinin siyahısı”na davamlı olaraq xidmət növlərinin əlavə edilməsi vətəndaşların xidmətlərdən maneəsiz yararlanmasına yardım edir. Bu xidmətlər dövlət xidmətlərinin vətəndaşa çatdırılmasında operativlik, şəffaflıq və rahatlıq prinsiplərinin təmin edilməsində vacib əhəmiyyətə malikdir.

Müasir informasiya kommunikasiya texnologiyaları vətəndaşlara dövlət orqanına getmədən, olduğu yerdən xidmət almağa, xidmət haqqı və rüsumu onlayn ödəməyə imkan verir. İnnovativ texnologiyalar bu sahədə yeni üfüqlər açır. Mobil xidmətlərin tətbiqi, yeni identifikasiya imkanları, elektron sənəd və elektron imzadan istifadə ilə ölkəmizdə vətəndaşlara göstərilən xidmətlər daha da optimallaşdırılmaqdadır.

“ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşların xidmət prosedurasının asanlaşdırılması üçün müxtəlif innovativ tətbiqlər həyata keçirilir.

Qeyd edə bilərəm ki, mərkəzlərdə SMS məlumatlandırma funksiyası tətbiq edilib. SMS məlumatlandırma “ASAN xidmət” mərkəzlərində müvafiq xidmətlər üzrə növbə götürmüş vətəndaşların öz növbə müddətinin yaxınlaşması barədə məlumatlandırılmasına imkan yaradır. Belə ki, mərkəzlərdə müvafiq xidmətlər üzrə növbə götürülən zaman şəxs mobil nömrənin yazılması qeyd olunan xananı doldurmaqla SMS məlumatlandırma funksiyasından yararlana bilər. Mobil nömrə qeyd edildikdən sonra şəxs öz növbəsinin çatmasına 5 və daha çox növbə sayı üçün xəbərdarlıq edilməsi ilə bağlı sorğunu cavablandırmalı və növbə biletini çap etdirməlidir. Bundan sonra şəxs öz növbə müddətinin çatmasına müvafiq olaraq seçdiyi növbə sayı qaldığı zaman mobil telefonuna gələn SMS vasitəsilə məlumatlandırılır.

Həmçinin “ASAN xidmət”in “www.asan.gov.az” internet saytında onlayn növbə funksional bölməsi fəaliyyət göstərir. Bu bölmə vətəndaşlarımıza imkan verir ki, onlar müvafiq hissədə qeyd olunan zəruri xanaları doldurmaqla öncədən növbə tuta və mərkəzə müraciət zamanı müvafiq xidmətdən asanlıqla yararlana bilsinlər.

“ASAN xidmət” mərkəzlərinin “www.asan.gov.az” internet səhifəsində mərkəzlərin növbə göstəricilərini elektron formada əks etdirən funksional bölmə yaradılıb.

“Növbə göstəriciləri” funksional bölməsində “ASAN xidmət” mərkəzləri üzrə gün ərzində müvafiq müddət çərçivəsində xidmət göstərilən və növbədə gözləyən şəxslərin sayı, həmçinin xidmət üzrə orta gözləmə vaxtı da əks olunur. Bundan başqa, istifadəçilər növbə götürmüş və xidmət göstərilməsi üçün nəzərdə tutulan növbəti müraciətlərin sayını da izləmək imkanı əldə edirlər. Qeyd olunan innovativ tətbiqlər xidmətlərimizdən faydalanmaq istəyən şəxslərə zamanlarının daha səmərəliliyini təmin etməyə imkan verir.

– Vətəndaş məmnunluğunu təmin etmək üçün “Çağrı mərkəz”i fəaliyyət göstərir. Əsasən hansı sahələrdə nöqsanlar aşkar olunur?

– 1 fevral 2013-cü il tarixindən etibarən isə “ASAN xidmət” mərkəzlərində həyata keçirilən bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi və ictimai rəyin oyrənilməsi məqsədi ilə Dövlət Agentliyinin struktur bölməsi olan 108 “Çağrı” mərkəzi fəaliyyət göstərir. Respublikanın istənilən regionundan stasionar telefonlardan 108 nömrəsinə zəng edərək, ödənişsiz olaraq xidmətdən faydalanmaq mümkündür.

– Yeni “ASAN xidmət” mərkəzlərinin açılması və xidmət siyahısını artırmaq gündəminizdə varmı?

– “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlər Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə müəyyən edilir. Əgər bu sahədə yeni fərman və ya sərəncam imzalanarsa, “ASAN xidmət” mərkəzlərinin üzərinə düşən vəzifə həmin fərman və ya sərəncamdan irəli gələn məsələləri icra etməkdir.

– “Səyyar ASAN xidmət”in fəaliyyətində yenilik gözlənilirmi?

– Ötən 1 il 6 ay ərzində regionlarda həyata keçirilən “Səyyar ASAN xidmət” vasitəsilə ümumilikdə 120 minə yaxın sakinə xidmət göstərilib. 20 sentyabr 2014-cü il tarixindən etibarən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar olaraq həyata keçirilən “Səyyar ASAN xidmət” çərçivəsində 6 rayonda 2000-dən çox müraciət qəbul olunub. Müvafiq “Səyyar ASAN xidmət” çərçivəsində ümumilikdə 12 rayonun əhalisinə xidmətlərin həyata keçirilməsi nəzərdə tutulub.

– Qarşıda duran hədəflər barədə nə deyə bilərsiniz?

– Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi inkişaf edən xidmət mərhələsində növbəti addım kimi “ASAN 2” konsepsiyasını tətbiq edəcək. Bu konsepsiyaya əsasən xidmətlər elektronlaşdırılacaq və daha əlçatan olacaqdır. Məmur və vətəndaş arasında təmas və dialoqun minimallaşdırılması məqsədilə “ASAN xidmət” mərkəzlərindəki özünəxidmət köşkləri mühüm rol oynayacaqdır. Bunun üçün köşklər biometrik məlumatların götürülməsi, nağd və plastik kartlar vasitəsilə ödənişlərin aparılması imkanı ilə təmin ediləcəkdir.

Elvin Əliyev