“Arzularımız cehizlərimizin içində Qarabağda qaldı”

715
Onlar şikayət etmirdilər, sadəcə olaraq, düşdükləri durumdan çıxış yolu axtarırlar.

“Daxilimizdən gələn bir sual bizi rahat buraxmır. Görəsən, didərgin salınmış, pərən-pərən olmuş, yurd Yerləri darmadağın edilmiş Qarabağlılar bir daha cənnət güşələrinə qayıda biləcəklərmi?” Bu sözləri bizimlə söhbət edərkən yurd-yuvasından perik düşmüş köçkün qadınlarımız dedilər. Onlar şikayət etmirdilər, sadəcə olaraq, düşdükləri durumdan çıxış yolu axtarırlar. Onların da səbir kasası dolub…

”Sizin üçün gözəl şərait yaradılıb, yeni mənzillərlə təmin edilirsiniz, nədir sizi bu qədər ağrıdan?” sualımıza 54 yaşlı Rəna Əsədova dərindən bir ah çəkib, fikrə getdikdən sonra belə cavab verdi: “Ömrümün ən əsas hissəsi köçkünçülükdə keçdi. Çətinlik, şəraitsizlik, kasıbçılıq, onun-bunun məzəmməti – nə deyim. Cavan gəlin idim qaçqınçılıq düşəndə, heç gəlin köçdüyüm otağımda ürəkli oturmadım. Yaxınlarımızı, ata-babalarımızı itirdik. Doğmalarımızın qəbirləri erməni tapdağı altında qaldı. Onların yoxluğu bizi çox sarsıdır. Hələ də bəzəkli gəlin otağım üçün burnumun ucu göynəyir. Ata evimdən gətirdiyim cehizlərim ermənilərin ayaqları altında batıb getdi. Kəlbəcərin səfalı havasını bir daha sinəmə çəkmək istərdim. Arzularımız var idi, gəlin köçəndə. Onlar da elə cehizlərimizin içində Kəlbəcərdə qaldı. Mən 23 ildir Mingəçevirdə, balaca bir vaqonun içində ailəmlə birlikdə yaşayıram. Burada artdıq, çoxaldıq, amma yenə də yurdumuzu-yuvamızı, ata-baba ocağımızı istəyirik. 5 övlad anasıyam. İndiki şəraitimiz çox acınacaqlıdır. Yayın istisində vaqonda bişirik, soyuqda da donuruq. Bu bölgüdə də bizə ev düşmədi. Yəni bu yaşdan sonra mən bir rahatlıq görəcəyəmmi, hər cür şəraiti olan eyvanlı ev görəcəyəmmi? Artıq canım xəstə düşüb. Yoldaşım da xəstədir. Biz bu zülmü çəkdik, istəyirəm ki, heç olmasa, balalarım bir gün görsünlər. Yəqin o günlər mənə qismət olmayacaq”.

Digər bir köçkün – Atayeva Fatmanisə də Kəlbəcər köçkünüdür. O deyir ki, mənzil ümidlərini bu bölgüyə bağlayıblar: “Köçkünlük həyatında başımıza gəlməyən hadisə qalmadı. Yoldaşım xəstə düşdü. Yaxınlarımı itirdim, sanki onlar elə bil heç yoxmuşlar. Hər gün qulağım səsdədir, elə bilirəm ki, bu dəqiqə qapı açılacaq, itkin düşmüş əzizlərim geri gələcəklər. Vallah, hər şeyə dözdük, çətinliyə alışdıq, qismətimizə köçkünlük yazılıb dedik, buna da qane olduq. Amma bu qədər də olmaz. 23 ildir qadınlıq nə demək olduğunu bilmirəm. Bilmirəm mən qadınam, yoxsa robotam. Hazırda yaşadığım yer toyuq fermasına bənzər bir evdir. Neçə dəfə sel gələndə batmışıq. 4 övladım var, qızımın biri onkoloji xəstəlikdən əziyyət çəkir. Bu şəraitdən qaynaqlanan xəstəliklər bizi rahat buraxmır. 8 nəvəm var, onlar da evsizlikdən mənimlə bərabər toyuq hininə oxşayan yerdə yaşayırlar. Göyün üzünə bulud gələndə qorxudan qaçıb gizlənirik ki, yenə sel gələcək. Bu zaman qurbağa, ilan, pars dolur evlərimizə. Yaşımızın çoxu gedib, azı qalıb. Heç olmasa, son günlərimizi bir babat yaşamaq istərdik”.

Daha bir neçə xanım da bu dərddə idi. Onlar da öz problemlərini dilə gətirərək köçkün düşdükdən bu günə qədər dözülməz şəraitdə yaşadıqlarını bildirdilər.

Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir şöbəsinə müraciət etdik. Bildirildi ki, şəhərdə məskunlaşan hər bir köçkün ailəsi evlə təmin olunacaq.

Zaman ən yaxşı təbibdir… Onun sağaltmadığı dərd yoxdur. Onlar da nə vaxtsa öz torpaqlarına qayıdacaqlar. Zəhmət çəkib, tər töküb torpaqları yenidən dirçəldəcəklər. O günlərə az qalıb…

Esmira Hidayətova Mingəçevir