Arzu Hüseynova diaqnostik qiymətləndirmədə 100 faizlik nəticə göstərdi

1009

Aran-Qarabağ bölgəsi üzrə orta ümumtəhsil müəsisələrində çalışan müəllimlərin diaqnostik qiymətlədirilməsi başa çatıb. Mingəçevir şəhər Texniki-Humanitar Liseyində riyyaziyyat fənnini tədris edən Arzu Hüseynova diaqnostik qiymətləndirmədə pedaqoqlara təqdim olunan bütün sualları cavablandıraraq 100 faizlik nəticə göstərib. Arzu Hüseynova deyir ki, imtahandan öncə hədəfi 60 sualın hamısını doğru cavablandırmaq olub. O, imtahanda bütün sualları cavablandırmaq üçün ayrılan 90 dəqiqənin 44 dəqiqəsindən istifadə edib. Müəllimin sözlərinə görə, öncədən imtahana yüksək səviyyədə hazırlaşıb: “Düzdür, ixtisasa o qədər də çox vaxt ayırmadım. Nədən ki, bu gündəlik işimizdir. Amma kurikulumla bağlı suallar üzərində ciddi çalışdım. Sözün düzü, arzum yüksək nəticə əldə etmək idi. Və buna da nail oldum”.

Yeri gəlmişkən onu da qeyd edək ki, Arzu Hüseynova müəllim kimi fəaliyyət göstərdiyi 20 ildə bir çox mükafatlara layiq görülüb. Belə ki, ona Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı verilib. Bundan savay, “İlin müəllimi” müsabiqəsinin qalibi olub. O həm də Prezidentin sərəncamı ilə Əməkdar müəllim adına layiq görülüb.

Arzu Hüseynovanın sözlərinə görə, pedaqoqların bilik səviyyəsi üçün keçirilən monitorinq diaqnostik qiymətləndirmə gələcəkdə təhsilin yüksəlməsinə və tədrisin stimullaşdırılmasına müsbət təsir göstərəcək.

Xatırladaq ki, Bərdə şəhərində 25-30 aprel tarixində keçirilən diaqnostik qiymətləndirmənin 2-ci mərhələsində Mingəçevir şəhərinin orta ümumtəhsil müəssilərində çalışan 1270 nəfər müəllim iştirak edib.

Esmira Hidayətova, Mingəçevir.