Arzu edirəm ki…

At ilini, 2014-ü deyirəm, yola saldıq. Daha dəqiq bilmirəm, o mənzil başına çatdı, ya yox? Belə düşünməyim əsla səbəbsiz deyil. 
Çünki bizim məmləkətimizdə kimi isə, nəyi isə yola salmaq çox müşkül məsələdir. Ona görə ki, küçələrimizdə tıxaclar baş alıb gedir. Bu tıxaclardan çıxmaq isə heç də asan deyil. Bu mənada Atın mənzil başına nə vaxt çatacağını söyləmək çox çətindir. Bu isə o deməkdir ki, At, yəni 2014 hələ bir müddət məmləkətimizdə “kişnəyəcək”. Heç onun təpik atması da işə yaramayacaq. Hə, az qala yadımdan çıxacaqdı. Gömrük işçilərimizdən xahiş edirəm ki, At sərhəddi keçəndə onu əməlli-başlı yoxlasınlar. Çünki o, bir sıra məqamlarda özünü çox şübhəli apardı, üstəlik, bizə bir babat sevinc bəxş edə bilmədi. Deyirəm, bəlkə, gedəndə məmləkətimizdən nə isə çıxarmağa cəhd edə? İndi kimə etibar var ki? Bu məmləkəti o qədər talamaq istəyən var ki?

“At ili bizə bir babat sevinc bəxş edə bilmədi” deyəndə mən heç də ötən ildə görülən işlərə kölgə salmaq niyyətində deyiləm. Mənim aləmimdə əsas problemimiz həll olunmayıbsa, deməli elə bir ciddi iş görməmişik. Hamı kim mən də gözləyirdim ki, heç olmasa, bu il Dağlıq Qarabağ probleminə son qoyular və biz Cıdır düzündə at oynadarıq. Həm atların könlü şad olardı, həm Cıdır düzünün, həm də bizim… Ən əsası, Qarabağın canı o vəhşilərdən qurtulaydı. Amma ATƏT-in məşhur “troykası” 2014-də də o biri illərdəki kimi “Madrid”, “Lissabon”, “Praqa”, “Moskva” “havalarını” ermənisayaq çalmaqla işlərini bitmiş hesab etdilər. Və bununla da onlar, necə deyərlər, bizə atdılar. Nə atdılar, necə atdılar, niyə atdılar… Bu alayı bir söhbətdir. Xahiş edirəm, “atdılar” sözünü başqa cür yozmayasınız. Yəni vurğunu lazımı yerində işlədin ki, mən biçarə sonradan vurğu altına düşməyim.

Bəli, biz neçə ildir ki, bu arzudayıq. Hər ilə ümidlə baxırıq. İllər isə öz “heyvanlıqlarına” salaraq (Meymun, Xoruz, İt, Qaban, Siçan, Öküz, Pələng, Dovşan, Əjdaha, İlan, At, Qoyun) öz sabit sürəti ilə, yəni 365-lə keçib getməkdə. Allahdan savayı bir kimsə onların bu gediş-gəlişindən baş aça bilmir. Amma nədənsə, həmişə il başa çatanda onu yola salmaqdan ağız dolusu danışırıq. Əslində isə, mənim fikrimcə, biz illəri deyil, illər bizi yola salır desək, səhv etmərik. Məsələn, ötən il yaşımın üstünə bir yaş da əlavə olundu, yəni yaşlandım. Məcazi mənada desək, həm də yaşlaşdım. Bu isə hər şeydən əvvəl, ilin hökmündən başqa bir şey deyil. İndi mən necə durub deyim ki, mən ili yola saldım? Deyəsən, illərdə çox gəzişdim axı.

Xülasə, Atı Qoyun əvəz edir. Qoyun ilində bizi nələr gözlədiyini, yenə deyirəm, Allahdan savayı bir kimsə bilməz. Bu mənada proqnoz-filan verməyin də heç bir mənası yoxdur. Lakin mənası olan bəzi həqiqətlər var ki, onları hər kəs bacarar. Məsələn, mən xoşlamıram ki, kimsə baş verənlərə illərin adlarına uyğun hərəkətlərlə cavab versin. Yəni Meymun ilində meymunluq etməklə, Siçan ilində pişiklə oynamaqla iş aşırmaq… olmaz. O ki qaldı, 2015-ə, yəni Qoyuna… Arzu edirəm ki, baş verənlərə, yəni neqativ olaylara ən azı qoyun kimi baxmayaq, qoyun kimi mələməklə reaksiya verməyək. Əks halda, hələ çox qoyun, çox dovşan, çox it, çox meymun… bizi yola salacaq.

Hə, lap az qala unudacaqdım. Əsas məsələ bizim həmrəy olmağımızdır. Amma nədənsə bu, hələlik, bizdə günün tələbləri səviyyəsində alınmır ki, alınmır. Əgər bunu bacarsaq, inandırım sizi, çox qarlı dağlar aşarıq, əsrin tarixini yazarıq. Allah, sən bizim həmrəyliyimizə özün yardımçı ol!!! Bundan başqa, səndən heç bir diləyim yoxdur.

Qvami Məhəbbətoğlu