Arxa cəbhənin fəalları mükafatlandırılıblar

165

Qüdrətli ordumuzun şanlı qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində  arxa cəbhədə fəallıq göstərən  fəallar mükafatlandırılıblar.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu öz şərəfli missiyasını yerinə yetirdi. Bu mübarizədə arxa cəbhənin ictimai fəalları da  fərqləniblər. Belə ki, onlar 44 günlük Vətən müharibəsində  Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarına qoşularaq rəşadətli Azərbaycan Ordusuna  həmrəyliklərini nümayiş etdiriblər.

Bu günlərdə onlardan biri – Nuru Paşanın əsgərlərindən olmuş Abdulla Şamxalovun oğlu, Birinci Qarabağ döyüşlərinin iştirakçısı, Mingəçevir sakini Məhərrəm Şamxalovla görüşüb həmsöhbət olduq. Məhərrəm Şamxalov dedi ki, hələ Tovuz döyüşlərindən öncə də onlar orduya 20 min ədəddən artıq işlənmiş təkər toplayıb göndəriblər: ”44 günlük Vətən müharibəsində könüllü olaraq bizə qoşulan birinci Qarabağ müharibəsinin  döyüşçüləri də oldular. Sağ olsun şəhərimizin təəssübkeş  oğlanları. Yardım  karvanına bölgənin insanları da qoşulublar. Yeri gəlmişkən qeyd edim ki, “MRT İnşaat” komandası 44 gün davam edən Vətən müharibəsində öz dəstəyini də əsirgəməyib. Hətta  bu vətənpərvərlik nümunəsinə görə “MRT inşaat” Müdafiə Nazirliyi İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev tərəfindən Fəxri Fərmanla təltif olunub”.

O daha sonra dedi: “Bu işdə mənimlə bərabər Birinci Qarabağ müharibəsinin veteranı Xanbaba Abdullayev, Nazim İsmayılov, Abdullayev kimi oğlanların da  böyük əməyi olub. Mən türk oğlu türkəm, həmişə çalışmışam ki, ordumuzun yanında olum. Yardım apararkən təhlükə ilə dəfələrlə üz-üzə qalmağımıza baxmayaraq, yenə öz missiyamızdan əl çəkmədik. Bununla biz göstərdik ki, bir yumuruq kimi hər an dövlətimizin yanındayıq və daim yanında olacağıq. Bizim də əməyimiz qiymətləndirilib. Belə ki, Vətən Müharibəsi Veteranları Birliyinin Mingəçevir bölməsinin sədri Natiq Həsənov tərəfindən “Böyük zəfər”medalı ilə təltif olunmuşuq”.

Qeyd edək ki, Məhərrəm Şamxalovun da qardaşı ərazi bütövlüyümüz   uğrunda gedən döyüşlərdə şəhid olub.

Esmira Hidayətova, Mingəçevir