Armen Sarkisyan: Ermənistan hazırda böyük böhran içindədir

0
41

 

İşğalçı Ermənistan uzun illərdir insanların beyninə yeritdiyi faşizm ideologiyasının açısını yaşayır. Belə ki, 44 günlük müharibə və acı məğlubiyyət  Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin  mənəvi-psixoloji duruma səbəb olub və ölkədə daxili qarşıdurma pik həddə çatıb. Bunu ölkədə keçirilən sosioloji sorğular da təsdiqləyir. Belə ki, bu günlərdə rəyi soruşulan insanların əksəriyyəti ölkənin  acınacaqlı durumda olduğunu bildirib. Digər tərəfdən, proqnozlara görə, Ermənistanın ümumi dövlət borcu 8 milyard ABŞ dollarını ötəcək ki, müharibədəki məğlubiyyətdən sonra gözlənilən defolt, yəni borc öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi bu ölkənin xarici borc öhdəlikləri sahəsində ciddi çətinliklərin meydana çıxmasına rəvac verəcək. Bir sözlə, ağır hərbi məğlubiyyətindən sonra Ermənistanın  sosial-iqtisadi tənəzzülü daha da sürətlənib. Noyabrın 10-dan etibarən isə ölkədə, demək olar ki, hakimiyyətsizlik və siyasi xaos baş alıb gedir. Son günlər İrəvanda bu məğlubiyyətin səbəbləri araşdırılır, günahkarları axtarılır.

Artıq Ermənistanın rəsmiləri də ölkədəki mövcud durumun məğlub olduqları müharibə nəticəsində idarəolunmaz səviyyəyə düşməsini açıq-aydın etiraf edirlər.  Onlar ölkədə vəziyyətin bu həddə çatmasında baş nazirlə yanaşı,  ondan əvvəl hakimiyyətdə olanların da günahkar olduqlarını bildirirlər. Bəziləri isə qeyd edirlər ki, bütün bunların təməlində Ermənistanın regional layihələrdən kənarda qalması, işğalçılıq siyasətinə aludə olması, elə bu kimi səbəblərdən inkişafdan çox geridə qalması təşkil edir.

Bu günlərdə Ermənistan prezidenti Armen Sarkisyan da ölkədəki mövcud durumla bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Ermənistan hazırda böyük böhran içindədir. Bu böhran ölkənin bütün sahələrini çulğulayıb. İş o yerə çatıb  ki, hazırda Ermənistanda cəbhədən qayıdan yaralılara belə kömək göstərmək, yardım etmək,  müşkül məsələyə çevrilib. İndi erməni əsgər anasının naləsini Ermənistanda eşidən yoxdur. Minlərlə gəncin ölümü isə həm cəmiyyət, həm onların ailələri üçün böyük faciələr yaradıb. Çünki onların taleyi ilə bir kimsə maraqlanmır.

Onun fikrincə, Ermənistanın məğlubiyyəti yalnız dövlətçilyə deyil, eyni zamanda erməni xalqının psixoloji durumuna da öz təsirini göstərib. Onun bu sözlərindən belə qənaətə gəlmək olar ki, erməni xalqı artıq depressiyadadır. Halbuki xalq iki il yarım öncə yaxşı bir həyat yaşayacağını düşünüb ayağa qalxmışdı. Amma onların bütün ümidləri puca çıxıb. O, həmçinin bildirib ki, bu ağır məğlubiyyətin yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşımalı olacaq. Armen Sarkisyan bütün bunları “Biz təkcə dövlətin deyil, millətin böhranını yaşayırıq” sözləri ilə xarakterizə edib. Amma diz üstə çökən Ermənistan bu vəziyyətdən çıxmalıdır. Amma necə? O, bu çıxış yolunu da göstərib: hökumət istefaya getməli, Ermənistanda referendum keçirilməli,  Konstitusiya insana xidmət halına salınmalıdır.

Amma bir bir faktdır ki, Nikol Paşinyan hələ də iki ayağını bir başmağa dirəməkdə davam edir.  Belə ki, xəbər verildiyi kimi, artlq neçə həftədir ki, Ermənistanda mitinqlər, küçə yürüşləri davam edir. Etirazçılar 44 günlük müharibədəki ağır məğlubiyyətlə barışmaq istəmir, buna görə də baş nazir Nikol Paşinyanın məsuliyyət daşıdığını və istefa verməli olduğunu bildirirlər. Nikol Paşinyan isə onun istefasını tələb edənlərə qarşı repressiya siyasəti həyata keçirir. Belə şərait düşmən ölkədə vəziyyəti daha da kəskinləşdirir, vətəndaş qarşıdurmasını gücləndirir.

Belə bir şəraitdə nəinki xarici ölkələr heç erməni disaporu da artıq Ermənistan əl tutmur. Sanki Ermənistan hakimiyyəti diasporu ilə Ermənistan arasında Berlin divarı çəkib. Odur ki, fəaliyyət göstərdiyi xarici ölkə ərazisində özünə rahat şərait yaradan erməni diasporunu Ermənistanın üzləşdiyi problemlər indi qətiyyən maraqlandırmır. Əksinə, diaspor Ermənistan hakimiyyətinin onun diktəsi ilə hərəkət etməsi üçün daim rəsmi Yerevanı böyük təzyiq altında saxlamağa çalışır.

Ermənistan prezidentinin bu fikirləri ölkənin hansı acınacaqlı durumda olduğunu göstərir. Şübhəsiz, Ermənistanın bu duruma düşməsinin əsas səbəbi onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir. Elə  Ermənistan prezidenti Armen Sarkisyan da Azərbaycanın bu müharibənin həm döyüş meydanından, həm də siyasi müstəvisindən qalib çıxdığını dolayısı ilə vurğulayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”