Arktika uğrunda savaş qızışır

499

 
Son illərdə dünyada yanacaq-energetikaya olan tələbatın ildən-ilə artması və bu sahədə dünyanın ən zəngin neft-qaz ölkəsi olan Rusiyadan olan asılılığı azaltmaq üçün Qərb müxtəlif addımlar atmaqdadır. Bu baxımdan Türkmənistan qazının Avropaya nəqli məsələsində müəyyən problemlərlə üzləşən Qərb ölkələri, eyni zamanda, Yaxın Şərqdə davam edən münaqişələr nəticəsində çıxış yolunu Arktikada axtarmağa başlayıblar. Bu da təsadüfi deyil. Hazırda qlobal səviyyədə istiləşmənin davam etməsi Arktikanın da iqliminə təsir edərək, bu insan yaşamayan qitədə buzlaqların əriməsi ilə müşahidə olunmaqdadır. Bu isə Arktikanın zəngin yeraltı sərvətlərindən, o cümlədən neftindən və qazından istifadə edilməsi məsələsini gündəmə gətirib. Belə ki, ABŞ Geoloji Kəşfiyyat Xidmətinin hesablamalarına görə, Arktika regionunda 412 milyard barrel neft və qaz ehtiyatı var. Bu isə dünyanın yanacaq-energetika ehtiyatlarının 30 faizi deməkdir. Bunu nəzərə alaraq, məşhur “Şell” şirkəti Arktikanın neft-qazla zəngin yataqlarının işlədilməsi üçün kəşfiyyat işləri həyata keçirməkdədir. Amma ötən ildən başlayaraq, dünya bazarında neftin və qazın qiymətinin sürətlə ucuzlaşması “Şell”i Arktikada həyata keçirmək niyyətində olduğu layihələrin bir çoxunu dondurmağa məcbur edib. Bununla belə, Böyük Britaniyanın tanınmış ekspertlərinin fikrincə, 2020-ci ildə Arktika uğrunda bu əraziyə iddia edən dövlətlər arasında əsl mübarizə başlayacaq. Bu da təsadüfi deyil. Belə ki, hər il Arktikanın zəngin yeraltı sərvətlərindən pay almaq istəyən dövlətlərin sayı artmaqda davam edir. Əgər əvvəllər Arktika ilə sərhəd olan dövlətlər, o cümlədən Rusiya, ABŞ, Danimarka, Norveç, Kanada bu əbədi donuşluq qitəsinin neft-qaz ehtiyatlarını özününkü hesab edirdilərsə, indi Hindistan, Çin və Yaponiya da hərəkətə keçiblər. Onlar Arktikadan öz ərazilərini əldə etmək, yeni torpaqlar tutmaq niyyətindədirlər. Bu baxımdan Rusiya Arktikanın, demək olar, yarısına iddia edir. Rusiya bunu Şimal Buzlu okeanı sahillərinə, Arktikaya birbaşa sərhədinin olması ilə əlaqələndirir və digər ölkələri oraya buraxmaq niyyətində olmadıqlarını nümayiş etdirir. Lakin Kanada da rəsmi şəkildə bəyan edib ki, Arktika Kanada ərazisidir və oranı heç kimin işğal etməsinə imkan verməyəcək. Kanada rəsmiləri deyirlər ki, indi 15-ci əsr deyil ki, Rusiya haraya gəldi bayrağını taxaraq “bura mənim ərazimdir” desin. Kanada Arktikanı işğal edən hər hansı dövlətə layiqli cavab verəcəyini bildirib. Bu müstəvidə də hərəkətə keçən Kanada Arktika üzərində suverenliyini qorumaq üçün onun sahillərində hərbi dəniz, hava və quru qoşunlarının birgə təlimlərini keçirir.

Rusiyanın Arktika iddiası
Arktika uğrunda savaş isə ildən-ilə yeni mərhələyə keçir. Bu müstəvidə də Rusiya Arktikanın böyük hissəsinin özünə aid olduğunu sübuta yetirmək üçün onun sahillərində hərbi dəniz güclərini artırmaqda davam edir. Yeri gəlmişkən xatırladaq ki, Rusiya hələ illər bundan əvvəl Arktikanın böyük hissəsinin ona aid olmasını təsdiqləyən bir addım atıb. Ümumittifaq Rusiya Mineral Ehtiyatlar və Geoloji Elmi Tədqiqatlar İnstitutunun əməkdaşları Şimal Buzlu okeanın dibinə (4 min metr dərinliyində) Arktikanın 1,2 milyon kvadratkilometr hissəsinin ona aid olmasını bildirən xüsusi sərhəd nişanı qoyub və bu ərazilərin onlara məxsus olduğunu bəyan edib. Bundan sonra Vaşinqtonla Moskva arasında gərginlik yeni müstəviyə keçdi. ABŞ buna sərt reaksiya verərək, Arktikanın Rusiya tərəfindən özəlləşdirilməsinə imkan verməyəcəyini bəyan edib. Dövlət Departamentinin xüsusi nümayəndəsi Rusiyanın hərəkətlərinin hər hansı bir beynəlxalq hüquq normasına sığmadığını söyləyib. Dövlət Departamentinin rəsmisinin sözlərinə görə, təktərəfli şəkildə Şimal Buzlu okeanın 4 min metr dərinliyində bu ərazilərin Rusiyaya məxsus olmasını göstərən metal və ya rezin bayraq qoyulmasının ABŞ üçün heç bir əhəmiyyəti yoxdur. Dövlət rəsmisi sualtı silsilə qayalıqların okean mənşəli olduğunu söyləyərək, onların Moskvanın iddia etdiyi kimi kontinental şelfin davamı olmadığını bildirib. Lakin o vaxt Rusiya ABŞ Dövlət Departamentinin bu açıqlamasını rədd etdi. Xarici işlər naziri Sergey Lavrov bununla bağlı bildirmişdi ki, Arktikanın Sibir kontinental şelfinin davamı olduğunu elmi faktlarla sübut etməyə hazırdırlar. O xatırladıb ki, Beynəlxalq Konvensiyaya görə, okeanlarda xarici sərhədin müəyyən edilməsi hər bir dövlət üçün(dünya okeanlarına çıxışı olan dövlətlər nəzərdə tutulur) 12 mil nəzərdə tutulub. 200 millik məsafə isə iqtisadi zona üçün müəyyən edilib. Bu zona hər bir dövlətin iqtisadi sərhədləri hesab edilir. Əgər hər hansı dövlət sübut edə bilsə ki, 200 mildən kənarda qalan iqtisadi zona onun sahil şelfinin davamıdır, onda həmin dövlət bu ərazilərə təkbaşına nəzarət etmək hüququ əldə edir. Lavrov məhz bu əsasda Arktikanın Sibir platformasının okeanaltı davamı olduğunu söyləyərək, bunun sübutu üçün əllərində kifayət qədər elmi əsasların olduğunu vurğulayıb.

ABŞ da Arktikada hərbi gücünü artırır
Qeyd etdiyimiz kimi, Rusiya ilə ABŞ arasında Arktika uğrunda mübarizənin açıq müstəviyə keçməsinin səbəbi oranın neft-qazla zəngin olmasıdır. Rusiya alimlərinin Arktikada apardıqları son tədqiqatlara görə, orada ən azı 412 milyard barrel neft və qaz ehtiyatları var. Bu isə Arktikaya sahib olmaq uğrunda ABŞ-Rusiya arasında qarşıdurmanı daha da dərinləşdirib. Məhz Arktikanın zəngin neft-qaz ehtiyatlarına nəzarəti ələ keçirmək və orada öz maraqlarını qoruyub saxlamaq üçün ABŞ müxtəlif tədbirlər görməyə başlayıb. ABŞ sahil mühafizə xidmətinə məxsus “Xili” atom buzqıran gəmisi Sietl limanından çıxaraq Arktika sahillərində lövbər salıb. Gəmi heyətinin qarşısında qoyulan əsas vəzifə Arktikanın hər hansı bir dövlət tərəfindən təkbaşına nəzarətə götürülməsinə imkan verməməkdir. Lakin bu da Vaşinqton üçün yetərli olayıb. Rusiyanın Arktikaya qarşı iddiasının qarşısına sədd keçmək üçün Ağ Ev oraya daimi nəzarəti həyata keçirəcək xüsusi təyinatlı hərbi dəniz donanması göndərməyi planlaşdırıb. Bunu hələ bir neçə il bundan əvvəl Senatdakı müzakirələr də təsdiq edib. Senatın Ticarət, elm və nəqliyyat komitəsinin iclasında sahil mühafizə xidmətinin ehtiyacları üçün 8,2 milyard dollar ayrılması barədə qərar qəbul edib. Bu vəsaitin böyük hissəsi Arktikada nəzarəti həyata keçirəcək sahil mühafizə xidməti üçün müasir atom buzqıran gəminin inşa edilməsinə xərclənib. Amma bu iki buzqıran gəmisinin inşasını başa çatdırmaq bir neçə ildən sonra mümkün olacaq. Bundan əlavə, ABŞ “Qütb ulduzu” adı verilən atom buzqıran gəmilərini modernləşdirməyi nəzərdə tutub. Nəhayət, Arktikada nəzarəti həyata keçirmək üçün Pentaqon (ABŞ Müdafiə Nazirliyi) sahil mühafizə xidmətində xidmət edən hərbi dənizçilərin sayını 45 min nəfərə çatdırmağı planlaşdırır.
Rusiya da Arktikada öz maraqlarını qorumaq üçün müasir atom buzqıran gəmiləri inşa etdirmək niyyətindədir. Lakin bunun üçün maliyyə vəsaiti çatışmır.
Nəqliyyat Nazirliyi belə hesab edir ki, atom buzqıran gəmisinin inşasını ancaq 2020-ci ildə başa çatdırmaq mümkün olacaq. Xatırladaq ki, hazırda Rusiya Hərbi Dəniz Donanması sovet dövründən qalma 7 atom buzqıran gəmisinə malikdir. Onlardan yalnız biri (inşasına 1995-ci ildə başlanan və 2006-ci ildə çətinliklə istifadəyə verilən “50 let Pobedı” atom buzqıran gəmisini çıxmaq şərtilə) müasir tələblərə cavab verir.
Amma Rusiya və ABŞ-dan başqa, digər dövlətlər də Arktikanı öz əraziləri hesab edirlər. Məsələn, qeyd etdiyimiz kimi, Kanada Arktikanın onların ərazisi olmasına heç kimin şübhə edə bilmədiyini vurğulayır. Kanada Arktikanın öz ərazisi olduğunu sübuta yetirmək üçün təcili tədbirlər həyata keçirir. Kanadada nəşr olunan “Ekonomiya” yazdığına görə, Ottava Arktikaya digər dövlətləri buraxmamaq üçün təcili şəkildə 8 müasir sahil mühafizə xidməti gəmisi inşa etmək niyyətindədir. Bu məqsədlə dövlət büdcəsindən 7 milyard dollar ayrılıb. Lakin Kanada da Arktikaya iddia edən son dövlət deyil. Danimarka hələ 2004-cü ildə ölkənin sahil şelfini Qrenlandiya ilə birləşdirən və “Lomonosov” adı ilə tanınan sualtı qayalıqların onlara məxsus olmasını iddia etmişdi. Bunu elmi şəkildə sübuta yetirmək üçünsə dövlət büdcəsindən 25 milyon dollar ayrılmışdı. Danimarka ilə yanaşı, Norveç də Arktikanın müəyyən hissəsinin ona aid olmasını iddia edir. Beləliklə, Rusiyanın son hərəkətləri Arktika uğrunda mübarizəni qızışdırıb. Bu isə gələcəkdə beynəlxalq aləmdə yeni münaqişə ocaqlarının yaranması, ən yaxşı halda “soyuq müharibə”ni yenidən təhlükəli həddə çatması ilə nəticələnə bilər.

Əziz Mustafa