Arifin, Samirin və Əsgərin əsgərliyi və yaxud “kamsavad”lar

0
527

Hərdən mənim yazılarımı oxuyanlar deyirlər ki, guya sayıqlayıarm. Mən də onlara heç nə demirəm. Çünki bilirəm ki, oxucu hər zaman haqlıdır. Odur ki, bu dəfə elə yazmaq qərarına gəldim ki, kimsənin qınaq obyektinə çevrilməyim. Bu “razmenka”dan sonra keçirəm əsas mətləbə…
Əsgər getmək… Bu ifadə, yəni hərbi qulluğa getmək, yəqin ki, hamınıza tanışdır. Onu da ərz edim ki, hərbi qulluğun müddəti ali məktəbi bitirənlər üçün bir, digərləri üçün ilyarımdır. Amma bəzən elə olur ki, hərbi xidmətdə olan bəzi şəxslərdə bu və ya digər fiziki qüsurlar üzə çıxır ki, onları da “kamsavad” edib evlərinə yola salırlar. Maşallah, məmləkətimizdə belələrinin sayı kifayət qədərdi. Mən elə bilirdim ki, bu “kamsavad” məsələsi yalnız orduya xas olan xüsusiyyətdir, amma sən demə… Deyəsən, bu da “razmenka” oldu axı? Bizim Məşədi İbad demişkən, amma bir o qədər də yox… Bu sadəcə mətləbə giriş idi…
Bir neçə gün öncə “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayevi də rəhbərlik “kamsavad” edib zurna-qavalla evinə yola saldılar (Əsas komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq klubun idman direktoru Vəli Qasımova həvalə olunub). Ötən ilin noyabr ayının 14-də “xidmətə” çağrılmış bu biçarənin xidməti 3 aydan bir neçə gün çox çəkdi. Onda “fiziki qüsur” kimi Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Neftçi”nin “Qəbələ”yə məğlubiyyəti (1:2) əsas götürüldü.
Ümumiyyətlə, son illər bu komandada baş məşqçi kimi xidmət etmək, sözün həqiqi mənasında, problemə çevrilib. Belə ki, Böyükağa Hacıyevin “yararızlığı” aşkar olunandan sonra Arif Əsədov 2014-cü ilin sentyabrından “Neftçi”də xidmətə başladı ki, onun xidməti düz 9 ay çəkdi: Azərbaycan Kubokunun finalı çərçivəsində baş tutmuş “Qarabağ” – “Neftçi” matçından dərhal sonra “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirildi və tanınmış yazar Çingiz Abdullayevin rəhbərlik etdiyi Müşahidə Şurası onu hərbi hissədən, bağışlayın klubdan uzaqlaşdırdı… Ondan sonra burada xidmətə başlamış Samir Əliyev isə təxminən 5 ay bu postda duruş gətirə bildi. Və onun yerinə Əsgər Abdullayev çağrıldı. Bayaq qeyd etdiyim kimi, o da sələflərinin taleyini yaşadı. Başqa sözlə desək, ona da bir “quş” qoyuldu. Bu sadaladıqlarımın simasında belə bir nəticəyə gəlmək olar ki, bu komandada baş məşqçiləri “kamsavad” etmək artıq adətə çevrilib.
Mənə belə gəlir ki, “Neftçi”nin Müşahidə Şurasınının başında hələ də əcnəbi məşqçi fırlanır. Çingiz Abdullayev də dəfələrlə bəyan edib ki, məqsədimiz komandaya əcnəbi baş məşqçi gətirmək və bununla “Neftçi”ni bəlarlardan xilas etməkdir. Artıq şura rəsmiləri yerli məşqçilərin bir şeyə yaramadıqlarını ərz etdiyim şəkildə sübut etməklə bu arzunu reallaşdırmağın astanasındadırlar. Bizə ancaq “Allah bazar versin” demək qalır ki, onu da deyirik.
Amma kim nə deyir-desin, Məşqçilər Şurası nədənsə adlarını çəkdiyim bu məşqçilər postlarında olarkən əllərinə kəsərli, məsələn, nizam-intizam silahı vermək istəmədi. Əgər onların əllərində “silah” olsaydı, Rəhman Hacıyevin hər oyunda “damarı” tutmazdı, Aylton rəqibə qol pası verməzdi, Jaironu, Meli öz havalarında… oynamazdı. Halbuki postda olan hər kəsin əlində silahın olması vacibdir. Bu hərbi də belədir, elə digər iş yerlərində də…
Nə gizlədim Arifə də, Samirə də, elə Əsgərə də mənim yazığım gəlir.