“Araz Vadisi İqtisadi Zonası” Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının inkişafında mühüm rol oynayacaq

23

Vətən müharibəsi möhtəşəm qələbəmizlə başa çatandan dərhal sonra düşməndən təmizlənən ərazilərimizin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlərə başlanıldı. Həmin torpaqların zəngin iqtisadi potensialından və geniş turizm imkanlarından səmərəli istifadə etməklə nəzərdə tutulan bütün layihələrin vahid proqram əsasında icrası üçün o ərazilərin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması zərurəti yarandı. Buna görə də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları təsis olundu.

Bunu azərtac-a açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O bildirib ki, Şərqi Zəngəzurun inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən layihələrin icrasının önəmini həm də bu bölgədə İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıq zəruri edir. Belə ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər bölgələri ilə birləşdirəcək nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətdə tranzit daşımalar bu ərazinin perspektiv imkanlarını şərtləndirir. Başqa sözlə, dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə məsələləri regional iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Azərbaycan Prezidenti İlham Əliyevin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında 4 oktyabr 2021-ci il tarixli Fərmanı da bu baxımdan mühüm önəm daşıyır.

Sənəddə vurğulandığı kimi, nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühüm əhəmiyyətə malik məsələdir. Ona görə də düşməndən təmizlənən Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması üçün əlverişli şəraiti gerçəkləşdirir.

Emin Bağırov qeyd edib ki, Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğunu da nəzərə alsaq, o zaman bu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da adı çəkilən sənaye parkının səmərəli fəaliyyətinə müsbət təsir göstərər. Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən, tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilən digər rayonların da bərpasını sürətləndirər.

Fərmanla “Araz Vadisi İqtisadi Zonası”nda logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların məhsuldar çalışmalarına və özəl bölmənin inkişafına kömək edən infrastrukturun qurulması qarşıya mühüm vəzifə kimi qoyulub. Bununla yanaşı, sözügedən parkın fəaliyyətinin təşkili, onun idarə edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə tapşırılıb. Burada müvafiq fəaliyyətin təşkili və infrastrukturun yaradılması məqsədilə 2021-ci il dövlət büdcəsində işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılması qərara alınıb.

Emin Bağırov açıqlamasının diqqəti bir məsələyə də yönəldib. Bildirib ki, son illərdə Azərbaycanda qeyri-neft sənayesinin inkişafı prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, bu sahədə məhsul istehsalı ildən-ilə artır. Son rəsmi statistikaya əsaslanıb qeyd edə bilərəm ki, ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) 35 faizə yaxın hissəsi sənaye sahələrindən formalaşır. Bu göstəriciyə görə, Azərbaycan Avropa qitəsində ən çox sənaye cəhətdən inkişaf edən, bu istiqamətdə yüksək göstəricilər qazanan ölkələrdən biridir. Şübhəsiz ki, bu tərəqqidə son illər ərzində yaradılan sənaye parklarının və məhəllələri də önəmli rol oynayır.

Yeri gəlmişkən, hazırda respublikamızda 6 sənaye parkı və 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Həmin sənaye zonalarında ümumilikdə 9 min 300 nəfər çalışır.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, son 3 ildə sənaye parkı və məhəllələrində fəaliyyət göstərən əməkdaşlara rezidentlər tərəfindən 320 milyon manat əmək haqqı ödənilib. Onların Dövlət Sosial Müdafiə Fonduna ödənişləri isə 80 milyon manatı ötüb.

Məhsul istehsalına gəldikdə isə qeyd edə bilərəm ki, son 3 il ərzində bu park və məhəllələrə 2,6 milyard manat dəyərində məhsul satılıb. Həmin məhsullardan 760 milyon manatlıq hissə isə ixrac edilib.

Bütün bu uğurlu göstəricilərə əsaslanıb deyə bilərəm ki, Azərbaycanda bu sahənin inkişafına göstərilən həssas münasibət yeni yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının da sürətli inkişafına təkan verəcək və Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının resurslarını, Zəngəzur dəhlizinin açılması ilə yaranacaq tranzit potensialını, İran və digər cənub bazarlarına çıxışın mövcud olmasını və nəhayət, regionda gedəcək bərpa-quruculuq layihələrini reallaşdıracaq. Bunu həm də bu sənaye parkının böyük inkişaf potensialına malik olması da deməyə əsas verir.