“Araşdırma aparmadan qəbul imtahanlarında sualların asan və ya çətin olduğunu demək düz deyil”

0
524

“Sınaq imtahanlarının sualları, 1 və 2 saylı “Abituriyent” jurnallarında təqdim etdiyimiz model testlər ictimaiyyətə təqdim edilib. Dekabr ayından etibarən bu materiallar var.

Biz bu materialı ictimaiyyətə təqdim edəndə 2014-cü ildəki imtahanların da sualları məlum idi. O zaman heç bir araşdırma aparılmadı. İndi imtahanlardan sonra uşaqların nəticələrini araşdırmadan sualların asan və çətin olması ilə bağlı fikir söyləmək düz deyil”. Bunu Tələbə Qəbulu üzrə Komissiyanın (TQDK) sədri Məleykə Abbaszadə bu il qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərinin sayının çoxluğunun sualların asan olması ilə əlaqələndirildiyi barədə suala cavab verərkən deyib.

Komissiya sədri bildirib ki, sentyabrın 15-dən etibarən TQDK-da Elmi-metodiki seminarlar fəaliyyətə başlayacaq: “Bu haqda bütün pedaqoji ictimaiyyətin məlumatı var. Hansı suallar imtahanda istifadə olunub, suallara neçə faiz abituriyent cavab verib, neçə faiz sualdan imtina edilib, hansı tipik səhvlər olub – bütün bunlar hamısı müzakirə olunacaq. Bundan sonra, ümumi variant bütün proqramı nə dərəcədə əhatə edir, bu məsələyə baxılır. Bu, çox mürəkkəb işdir”.

M. Abbaszadə qeyd edib ki, TQDK-da 14 Elmi-metodiki seminar keçiriləcək: “Bizim seminarların qapısı hamının üzünüzə açıqdır. Bu seminarlarda nəinki Bakıda yaşayan müəllimlər iştirak edə bilər. Bizim 8 regional şöbəmiz var. Həmin o seminarları internet vasitəsilə də izləmək olar. İndi belə müzakirənin mövzusu üçün hazırda əlimdə kifayət qədər məlumat yoxdur. Biz aprel ayında ilkin sınaq imtahanları keçirdik və model testlər məlum idi. O vaxt kimsə demədi ki, yanvarda çap edilən model testlərlə aprel ayında aparılan imtahanların arasında fərq var, bu suallar sınaq imtahanlarındakı suallardan asandır. Bu fikirlər niyə o vaxt səslənmirdi?”

“Keçid balının düşməsi və ya qalxması kimdənsə asılı deyil”

“Müsabiqəyə buraxılma şərti elan olunub. Bu, keçid balı deyil. Keçid balı müsabiqə zamanı ixtisaslar üzrə formalaşır. Bunun aşağı düşməyi, ya da yuxarı qalxmağı təkcə abituriyentlərin nəticələrindən yox, eyni zamanda onların istəyindən asılıdır”. Bunu TQDK sədri Məleykə Abbaszadə deyib.

Komissiya sədri bildirib ki, keçid balının aşağı düşməsi və ya yuxarı qalxması kimdənsə asılı deyil: “Hər şey müsabiqə vəziyyətindən asılıdır. “Keçid balı” ifadəsini işlədənlərdən xahiş edirəm ki, bunu düzgün istifadə etsinlər. Müsabiqəyə buraxılmaq şərti elan olunub və bu şərt dəyişməyəcək. Məsələn, keçən il bir ixtisasda plan yerləri az, müsabiqə vəziyyəti yüksək idi və ora müsabiqə zamanı yüksək keçid balı formalaşmışdı. Bu il həmin o ixtisasa plan yerləri tutaq ki, 4 dəfə artıbsa, iddiaçıların sayı isə eyni qalıbsa, təbii ki, orada müsabiqə vəziyyəti azalacaq”.

M. Abbaszadə qeyd edib ki, müsabiqədə öz balı ilə iştirak edən hər bir şəxsin istədiyi ixtisasları seçməyə imkanı var: “Müsabiqəyə buraxılan hər bir qrupda müvafiq olaraq təxminən 10 min, 11 min, 9 min şəxs var. Onlar 15 ixtisas seçə bilərlər. İxtisasların da sayını bilirsiniz. Bir qrupda 60, digər bir qrupda 30 ixtisas var. Təsəvvür edin ki, nə qədər variasiyalar ola bilər. Məsələn, IV qrupda bizdə illər boyu ən sevimli ixtisas “Müalicə işi” olub. Ola bilər ki, bu il IV qrupda ən sevimli ixtisas “Baytarlıq” olsun. Nəzəri cəhətdən bu ola bilər. Birdən hamı baytar olmaq istəyə bilər və hamı birinci baytarlığı yazar. Bu zaman baytarlıq ixtisasında çox yüksək müsabiqə vəziyyəti yaranacaq. Bunu nə mən, nə də başqaları bilə bilər. Bunu heç kim bilmir. Uşaqlara nə təsir edəcək?! Valideynlərin təsiri və ya başqa amillər olacaq”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here