“Aralıq dənizində ölən afrikalıların taleyinə gündəlik hadisə kimi baxılır”

707
Musa Qasımlı: “İnsan hüquqlarını qoruyan təşkilatların susması onların riyakarlığını göstərir”. Aydın Mirzəzadə: “Yüzlərlə mühacirin Aralıq dənizində batmasında Avropa ölkələri də günahkardırlar”.
Son 3 ay ərzində Afrikadan Avropaya keçmək istəyən 1800 mühacir Aralıq dənizində bataraq həyatını itirib. Avropa ölkələrinin bu məsələyə laqeyd münasibəti dünyanın qınaq obyetkinə çevrilməkdədir. Sözügedən məsələyə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun da münasibəti sərt olub. O bu barədə fikirlərini şəxsi “Twitter” hesabı vasitəsilə yayıb: “Aralıq dənizi artıq bir böyük qəbiristanlığa çevrilib. Bu dənizə “Arada ölənlər dənizi” adı vermək daha məntiqli olar. İnsan haqlarına bu qədər “qayğı” göstərən bəzi Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır”.

Mövzumuzla bağlı suallarımızı cavablandıran millət vəkili, professor Musa Qasımlı da bildirdi ki, Aralıq dənizində mühacirləri Avropaya daşıyan gəmilərin batması, günahsız insanların ölməsi müasir dövrün qara səhifələrindəndir: “Bu insanlar nə üçün öz doğma yurd-yuvalarını tərk edib, Avropaya üz tuturlar? Onları öz ev-eşiklərindən didərgin salanlar kimlərdir, hansı ölkələrdir?” Bir çox beynəlxalq təşkilatların yüzlərlə mühacirin Aralıq dənizində batmasına laqeyd münasibətləri insanlıq adına utancdır. Hesab edirəm ki, insan hüquqlarını qoruyan təşkilatların susmaları onların riyakarlığını göstərir”.

Millət vəkili Aydın Mirzəzadə isə söylədi ki, Azərbaycan rəsmisi çox ciddi bir məsələyə toxunub. Belə ki, vaxtaşırı Aralıq dənizində yüzlərlə afrikalı mühacirin həyatını itirməsi ilə bağlı xəbərlər eşidirik: “Dünyanın bu məsələyə ciddi diqqət yetirməsinin artıq vaxtı çatıb. Əgər insanlar öz ölkələrində iş yeri tapsaydılar, sosial qayğı hiss etsəydilər, onda heç bir zaman həyatlarını təhlükəyə atmazdılar”. A. Mirzəzadə qeyd etdi ki, məsələnin çox sadə çıxış yolu var: “Avropa bugünkü imkanlarının müəyyən hissəsini Afrikanın inkişafına yönəltməlidir. Ona görə ki, Avropa öz yaxşı yaşayışını Afrikanın sərvətləri hesabına əldə edib”. “Yüzlərlə mühacirin Aralıq dənizində batmasında Afrika ölkələri ilə yanaşı, Avropa ölkələri də günahkardırlar”,- deyən müsahibimiz sözlərini belə davam etdirdi: “Demokratiya, insan hüquqları anlayışı ilk olaraq, Afrika ölkələrindən keçməlidir. Bu kimi hadisələr artıq Avropaya qarşı ittihamlara çevrilib. Dünya vəziyyətin bu həddə çatmasına görə Avropanı ittiham edir”.