Aralın xilası üçün 3 milyard dollar…

Orta Asiyanın və dünyanın ən unikal göllərindən biri hesab edilən Aral gölünün quruması ilə bağlı bölgədə əmələ gələn təhlükəli ekoloji vəziyyət region ölkələrini və beynəlxalq aləmi bununla bağlı müvafiq tədbirlər görməyə vadar edir.
 Bu çərçivədə də ötən gün Özbəkistanın Urgənc şəhərində keçirilən “Aral hövzəsi ölkələrinin gölün quruması ilə əlaqədar ekoloji fəlakətin yüngülləşdirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi” adlı beynəlxalq konfransda bir sıra  tədbirlərin həyata keçirilməsi qərara alınıb. Konfransın nəticələrinə əsasən, Aralı Xilasetmə Beynəlxalq Fondu tərəfindən Aral gölünün qurumasının qarşısının alınması və onun özü ilə bölgəyə gətirdiyi ekoloji fəsadları aradan qaldırmaq üçün 3 milyard dollar ayrılıb. Bununla bağlı məlumat verən Özbəkistan Baş Nazirinin birinci müavini Rüstəm Əzimov deyib ki, ayrılan vəsaitin 1,9 milyard dolları güzəştli kredit, təxminən 1 milyard dolları isə texniki xarakterli  vəsait və qrantlardır. Konfransda həmçinin beynəlxalq tədbir iştirakçılarına BMT baş katibi Pan Gi Mun tərəfindən invanlanan videomüraciət nümayiş etdirilib. Videomüraciətdə baş katib beynəlxalq maliyyə təşkilatlarını Aralın xilas edilməsi üçün daha çox vəsait ayırmağa çağırıb. Yeri gəlmişkən, qeyd edək ki, Aralı Xilasetmə Beynəlxalq Fondu 1993-cü ildə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan tərəfindən təsis edilib. 2008-ci ildən isə bu təşkilat BMT Baş Assambleyasında müşahidəçi statusu alıb. Fond 2003-2010-cu illərdə Aralın xilas edilməsi və ekoloji fəsadların aradan qaldırılması məqsədi ilə 2 milyard dollar xərcləyib. Hazırda Aralı Xilasetmə Beynəlxalq Fondu tərəfindən beynəlxalq maliyyə qurumları, o cümlədən Ümumdünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi və donor ölkələrlə əməkdaşlıq çərçivəsində 2011-2015-ci illər üçün nəzərdə tutulan üçüncü proqramın yerinə yetirilməsi üzərində iş gedir. Bu müstəvidə də Aralın xilas edilməsi və  gölün quruması nəticəsində onun əmələ gətirdiyi ekoloji fəsadların aradan qaldırılmasına xidmət edən və ümumi dəyəri 8,5 milyard dollar olan 300 layihənin reallaşması üzərində iş gedir.  Aralın qurumasının qarşışının alınması üçün çoxsaylı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, göl qurumaqda davam edir. Buna səbəb isə əvvəllər Arala tökülən Amudərya və Sırdərya çaylarından çoxsaylı təsərrüfat məqsədləri üçün istifadə edilməsidir. Nəticədə son 50 ildə Arala tökülən Amudərya və Sırdərya çaylarının ümumi su həcmi təxminən 5 dəfə azalıb. Buna görə Aralın həcmi ötən müddət ərzində 14 dəfə azalıb və gölün duzluluq səviyyəsi 25 dəfə artıb. Bu da əvvəllər göldə yaşayan 12 növ kiçik canlıların, o cümlədən 26 növ quşun və 11 növ bitkinin tamamilə yox olması təhlükəsini əmələ gətirib. Aralın quruması nəticəsində onun yerində əmələ gələn 5,5 milyon hektar duzlu qum sahəsi isə, öz növbəsində, ekoloji fəlakət mənbəyinə çevrilib. Nəticədə hər il güclü küləklər 100 milyon tondan artıq tozu və zəhərli duzları havaya qaldıraraq onlarla kilometr uzaqlara aparır. Bu da, öz növbəsində, Araldan uzaq ərazilərə, necə deyərlər, toz və zəhərl duzlar yağışının yağmasına səbəb olaraq, minlərlə hektar sahənin sıradan çıxmasına və insanlar arasında  tənəffüs yolları xəstəliklərinin geniş yayılmasına gətirib çıxarıb. Bunun qarşısını almaq üçün mütəxəssislər tərəfindən hazırlanan layihələr isə, hələlik, arzuedilən effekti vermir. Bu baxımdan Aralın xilas edilməsi üçün daha səmərəli layihələrin həyata keçirilməsinə ciddi ehtiyac duyulur. Xatırladaq ki, hələ SSRİ dövründə Aralın xilas edilməsi məqsədi ilə şimal çaylarının bəzilərinin bir hissəsinin bu gölə axıdılması məsələsi gündəmə gəlmiş və hətta bununla bağlı müvafiq layihələr də hazırlanmışdı. Ancaq bu layihələr müxtəlif səbəblər üzündən reallaşmadı. Əslində bu gün də əksər mütəxəssislərin fikrincə, Aralın quruması və bunun nəticəsində onun gətirdiyi ekoloji fəlakətlərin qarşısını yalnız bolsulu şimal çaylarından bəzilərinin suyunun bir hissəsini bu gölə axıtmaqla almaq olar. Əks halda, Aralın xilas edilməsi üçün ayrılan milyardlarla dolların heç bir xeyri olmayacaq.

Əziz Mustafa