Arada pis kişi yenə mən olacağam

491
Tövbə, tövbə! Bir də hətərən-pətərən şeylər yazıb, külli-aləmi özümə düşmən eləmərəm. 
Nə çoxdur mövzu… Mən də hamı kimi başağrıtmaz, daha doğrusu, odda yanmaz, suda batmaz mövzulardan yazıb başımı girləyərəm. Nəyimə lazımdır insanı gözdən salan yazılar? Bir də axı mən nə vaxta qədər vəzifə sahiblərinin ayranına turş, qatığına qara deyəcəyəm? Bununla da, necə deyərlər, başımdan yekə qələtlər edəcəyəm? Tövbə, tövbə… Bir də kor atı minib, köndələn çapsam, dərələrdən sel kimi, təpələrdən yel kimi keçərək yetənə yetib, yetməyənə daş atsam, əlim klaviaturanın üstündə qurusun, dilim ağzımda söz tutmasın… Tövbə, bir də elə şeylər yazıb bu fani dünyada özümə düşmən qazanmaram. Qazandıqlarım bəs deyilmi? Axı mənim nəyimə lazımdır ki, filan rayonun filan kəndinin sakini Kasıb İmkansız oğlu Yoxsulov qəribə vəziyyətlə üzləşib? Üzləşib üzləşib də… Axı necə yazım ki, öz halal həyətyanı sahəsində toyuq damı tikmək istəyən bu kişidən icra başçısının adından rüşvət istəyirlər. Özü də nə az, nə çox 1500 manat… İstəyirlər, istəsinlər də… Eh, o qədər buna oxşar olaylar olur ki… Bu yerdə durub desəm ki, ay vətəndaş məmurlar, siz düzgün hərəkət etmirsiniz, bilirəm ki, bu, onların xoşuna gəlməyəcək. Bunu bilə-bilə mənim dillənməyimin bir mənası varmı? Həmin şəxslər mənə deməzlərmi ki, balam, niyə bizə sataşırsan? Yazmağa başına mövzu qəhətdir? Məgər görmürsən ki, nə qədət taleyüklü mövzular var, get onlardan yaz, vətəndaşlıq borcunu yerinə yetir də… Deyərlər, deməzlər? Təbii ki, deyərlər. Belə deməyə lap haqları da var. Buna görə adamı təhqir edərlər, etməzlər? Təbii ki, edərlər. Bir də həmin adamlar deməzlərmi ki, balam, xeyir ola, gözün təkcə bizi görür? Olmaya, bizdən umacağın var? Elə isə gəl, səni də yola verək, sus. Yüzünü yola vermişik, sən də ol yüz birinci də… Olmaya sən aydan arı, sudan durusan? Yox da, deyərlər, deməzlər? Və yaxud durub desəm ki, balam, görəsən, nə vaxtdan insanların öz həyətlərində toyuq damı tikməsi qanunla qadağandır, axı bunun kimsəyə aidiyyatı olmamalıdır, həmin o gözünə döndüklərim deməzlərmi ki, balam, nə qanun-qanun salmısan? Olmaya sən qanun-qaydanı bizdən çox bilirsən? Bilsəydin, sənə də bir babat vəzifə verərdilər. Deyərlər, deməzlər. Təbii ki, deyərlər. Lap tutalım ki, mən Kasıb kişinin bugünkü durumunu çıxartdım mətbuat səhifələrinə… Onda mən həmin rayona gedəndə başçının adamları məni topa tutarlar, tutmazlar? Təbii ki, tutarlar. Üstəlik, yaxamdan yapışıb silkələməzlərmi ki, sən özün görmüşdün bizim ondan pul istəməyimizi? Niyə bizə şər atırsan, heç bilirsən buna görə adamı neyləyərlər? Onda mən nə deyərəm? Onlara nə cavab verərəm? Bu yaşımda bu mənə lazımdır?

Tövbə, tövbə! Mənim nəyimə lazımdır ki, hansısa rayonun başçısının qanunsuz əməlləri nəticəsində uzun illərdir ki, bir qrup adam öz halal torpağını əkib-becərə bilmir. Nə var, nə var kimlərsə öz havadarları sayəsində saxta sənədlər düzəldərək onların əmlakına sahib çıxıblar. Durub indi mən yazsam ki, bəs həmin vətəndaşların mülkiyyət hüququ pozulub, deməzlərmi ki, olmaya onlar səni vəkil tutublar? Deməzlərmi ki, ay key, məgər sən hələ də bilmirsən ki, vəkillər ancaq hind filmlərində qalib gələ bilirlər. Durub desəm ki, balam, axı ölkə başçısı sizə dəfələrlə tapşırıb ki, camaatın qayğısına qalın, siz isə. Vallah, onda, təbii ki, ara qarışıb, necə deyərlər məzhəb itər. Həmin adamlar dişlərini qıcıyıb mənə deməzlərmi ki, balam, niyə qoymursan “dədə-baba” qaydası ilə işləməya, niyə camaatı oyadıb üstümüzə qaldırırsan? Lap tutaq ki, onlara belə işləməyin mümkünsüzlüyünü başa salmağa çalışdım. Guya mən deyən kimi onlar qollarını çırmalayıb işə girişəcəklər, camaata gün ağlayacaqlar? Təbii ki, yox, sadəcə, arada pis kişi yenə mən olacağam. Bütün bunları bilə-bilə niyə özümü urvatsız edim e… Tövbə, tövbə. Aqillər demişkən, bu dünya belə gəlib, elə belə də gedəcək. Bizim kimi yel dəyirmanlarının da çaxçaxı elə özünə qalacaq.

Yəqin, diqqətli oxucular deyəcəklər ki, balam, sən həmişə belə tövbələr edirsən, di gəl, yenə öz işindəsən. Onlara bir el məsələni xatırlatmaqla canımı qurtara bilərdim. Lakin yaxşı səslənmədiyi üçün onu olduğu kimi söyləyə bilmirəm. Odur ki, sadəcə deyirəm, mənim kimisənə nə tövbə?  q.mehebbetoglu@zaman.az