“Apteklərin dolu olması düzgün həyat tərzi keçirməməyimizlə bağlıdır”

715

Hara gedirsən, xəstələr kifayət qədərdir. Onların içərisində yaşlılar da var, cavanlar da. Həkimə bir dəfə gedirsən, iki dəfə gedirsən, amma görürsən ki, necə deyərlər, xəstəliklər əl çəkmək istəmir. Bu anda insanın ağlına ilk gələn immun sisteminin zəifliyi məsələsi olur. Bəs immun sistemini zəiflədən nədir və ya onu necə gücləndirmək olar? Mövzu ilə bağlı  suallarımızı “Baku Medical Plaza”nın Daxili xəstəliklər və endokrinologiya şöbəsinin müdiri, terapevt-endokrinoloq Hidayət Məmmədzadə cavablandırdı: “İmmunitet orqanizmin müdafiə sistemidir. İmmuniteti gücləndirmək üçün çox təəssüf ki, xeyli miqdarda dava-dərmanlar təklif olunmaqdadır və həkimlər tərəfindən tövsiyə edilməkdədir. Ancaq əksər hallarda bunların elmi əsası olmur. Hər bir xəstəliyin səbəbi var, diaqnozu var və buna da uyğun müalicəsi var. Birincisi, araşdırmaq lazımdır – immunitet nə üçün zəifdir, niyə zəifdir? İnsan nə üçün tez-tez qrip olsun, nə üçün tez-tez xəstələnsin? Bunun bir çox səbəbləri var və bunları dərmanlarla aradan qaldırmaq mümkün deyil”.

 “Dərman az dozada olsa belə, zəhərdir, kimyəvi bir maddədir”

Hidayət Məmmədzadənin dediyinə görə, günümüzdə açıq havada az olmaq, günəş şüasından uzaqlaşmaq, qapalı otaqlarda oturmaq, qidalanma rejiminin düzgün olmaması, maye qəbulunun azaldılması, stress faktoru, radiasiya və bu kimi digər faktorlar insanın müəyyən qədər vitamin itkisinə, mineral maddələr mübadiləsinin pozulmasına və xəstələnməsinə səbəb olur: “Mənim fikrimcə, bunu hansısa dərmanla bərpa etmək doğru deyil. Mən öz praktikamda hansısa xəstəyə immuniteti artırmaq üçün dərman yazmıram. Xəstəyə başa salıram, aşılayıram ki, doğru-düzgün həyat tərzi keçirmək lazımdır. Dərman az dozada olsa belə, zəhərdir, kimyəvi bir maddədir. Dərmanlardan mümkün olduğu qədər uzaq olmaq lazımdır”.

 “Zərərli vərdişlərdən vaxtında uzaqlaşmaq lazımdır”

Doktorun sözlərinə görə, bol-bol göyərtidən, meyvə-tərəvəzdən, təbii şəkildə hazırlanmış meyvə sularından istifadə etmək lazımdır: “Açıq havada çox olmaq, su çox qəbul etmək, xörək duzundan uzaqlaşmaq lazımdır. İmmuniteti, yəni orqanizmin müdafiə qabiliyyətini zəiflədən zərərli vərdişlərdən uzaqlaşmaq lazımdır. Doğru-düzgün əmək, istirahət, yuxu rejimi seçmək lazımdır. Əgər bunlar olmazsa, immunitet olmaz”.

Müsahibimiz bildirdi ki, xəstələnəriksə, hər hansı bir virusa yoluxarıqsa, orqanizmin özünün müdafiə sistemi sayəsində həmin xəstəliklər atılır, öz-özünü sağlamlaşdırır: “Orqanizmin öz-özünü təmizləmə funksiyası var. Biz buna immunitet deyirik. Bunu dərmanlarla bərpa etmək, dərmanlarla təsir etmək mümkün deyil. Doğru-düzgün həyat tərzi keçirməklə orqanizmimizi güclü saxlaya bilərik”.

 İmmunitet zəifliyinin əlamətləri varmı?

“Bəs immunitet zəifliyinin onkoloji xəstəliklərin artması ilə bir əlaqəsi ola bilərmi?” sualımıza müsahibimiz belə cavab verdi: “Onkoloji xəstəliklər polietiolojidir, yəni çoxsəbəblidir. Multifaktorial səbəblərə bağlıdır. Onkoloji xəstəliklərin yaranmasının səbəblərindən biri də genetikadır. Yəni irsiyyətlə bağlı olaraq bir çox xəstəliklərə, o cümlədən, onkoloji xəstəliklərin yaranmasında genetik faktorların rolu danılmazdır. Bəzən elə olur ki, bir ailənin bir neçə üzvündə onkoloji xəstəliklər aşkarlanır. Amma genetik faktorlardan başqa, çevrəmizdəki digər dəyişdirilə bilən faktorlar da var ki, bunlar həmin xəstəlikləri ortaya çıxmasına şərait yaradır. Bunlar hansılardır? Dediyim kimi, doğru-düzgün olmayan qidalanma. Müəyyən olunub ki, ət xörəkləri çox istifadə edən insanlarda yoğun bağırsağın xərçənginə yoluxma ehtimalı daha çoxdur. Yaxud, abort etdirən qadınlarda süd vəzi xərçənginə yoluxma ehtimalı yüksəkdir. Siqaret çəkən insanlarda ağ ciyər, qırtlaq xərçənginə yoluxma ehtimalı 80-90 faizə qədərdir. Zərərli vərdişlər, alışqanlıqlar və bu kimi faktorlar onkoloji xəstəliklərin yaranmasına bir təkan verir. Təbii ki, bizim doğru-düzgün qidalanmamağımız mədə-bağırsaq sistemində yaranmış onkoloji xəstəliklərin əsasında dayanan faktorlardan biridir. İmmuniteti güclü olan insan o deməkdir ki, sağlamdır. Vaxtlı-vaxtında idmanla məşğul olursansa, doğru-düzgün qidalanırsansa, immunitetin yüksək olursa, təbii ki, digər xəstəliklərə, o cümlədən xərçəngə yoluxma riskin minimuma düşəcək. Öz fikrimdə bir daha qalıram, immunitet gücləndirici dərman olmur. Bunların hamısı reklam firmalarının çıxardığı bir kampaniyadır və sağlamlığa xidmət etmir”.

“İmmunitet zəifliyinin əlamətləri varmı?” sualımıza Hidayət doktorun münasibəti belə oldu: “Xroniki yorğunluq, iş qabiliyyətinin zəifləməsi, halsızlıq, yuxunun pozulması, özünü zəif hiss etmək, bir az soyuq su içən kimi boğazı ağrımaq, dərhal qrip olmaq və s. bunlar immunitet zəifliyinin əlaməti sayıla bilər. Amma konkret bir əlamətə bağlamaq da doğru deyil, yəni konkret əlaməti olmur, söhbət ümumi əlamətlər toplusundan gedir”.

 Doğru-düzgün həyat tərzi nədir?

Yəqin çoxlarına maraqlıdır ki, həkimlər doğru-düzgün həyat tərzi dedikdə nələri nəzərdə tuturlar. “Bir insan 8 saat yatmalıdır, səhər erkəndən durmalıdır, idmanını etməlidir, gün ərzində 2 litr su içməlidir, siqaretdən, içkidən uzaqlaşmalıdır. Bundan başqa, hər gün yeməyin ən azı 50 faizi çiy qidalar olmalıdır. “Fast-food” (ayaqüstü ) qidalardan mümkün olduğu qədər az istifadə etməlidir. Doğru-düzgün bəslənməlidir. Mağazada satılan konservantlı suların yerinə ayran içməlidir, təbii meyvə şirələri içməlidir və s. Bu halda, insanın immuniteti təbii ki, yüksək olacaqdır. Əgər siz siqaret çəkirsinizsə, düzgün qidalanmaya əməl etmirsinizsə, sadaladıqlarımıza əhəmiyyət vermirsinizsə, ha dərman qəbul edin, bununla immunitet yüksəlməz ki? Bəşəriyyətin günümüzdə ən böyük problemlərindən biri də siqaretdir. Siqaret çəkmək alışqanlığı insanın nəinki immunitetinə, mədə-bağırsaq sisteminə, həzm sisteminə, görmə üzvünə, əksər orqanlara mənfi təsir edir. Hər bir insan şüurlu varlıqdır, anlamalıdır ki, bu buna zərərdir və istifadə etməyi məsləhət deyil. Spirtli içkilərdən qurtulmaq da həmçinin zərərli vərdişlərdən qurtulmağın bir yoludur. “Fast-food” qidalara meyillilik, konservant tərkibli qidalara, çipsi və şirniyyatlardan çox istifadə də zərərli vərdişlərin bir növüdür. Gecə yeməkləri özü də bir alışqanlıqdır. Vaxtlı-vaxtında olmayan qida rejimi də zərərli vərdişlərin bir formasıdır. Odur ki, sadaladıqlarımıza qismən də olsa əməl etməyə çalışanlar artıq tibbi baxımından düzgün həyat tərzi mərhələsinə qədəm qoyublar deməkdir”.

 Nicat İntiqam