Apteklər kassa çeklərində dərmanların qiymətini gizlədir

0
615

Azərbaycanda apteklərdə vətəndaşlara verilən kassa çeki ilə istehlakçıların hüquqlarını qorumaq mümkünsüz görünür. Belə ki, marketlərdən fərqli olaraq apteklərdə verilən kassa çeklərində dərman məhsulunun adı və qiyməti göstərilmir…
Hansı dərmanı neçəyə aldığınızı necə biləcəksiniz?
Xeyli müddətdir ki, ölkəmizdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi həyata keçirilir. Hazırda dövlət qeydiyyatına alınmış minlərlə dərman vasitəsinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib və onlar bu qiymətlərlə satışdadır: “Prezidentin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minmiş dərman vasitələrinin qiymətlərində Şuranın qərarı olmadan hər hansı bir dəyişiklik və ya bahalaşdırma mümkün deyil. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prossesi intensiv şəkildə davam etdiriləcək”. Qeyd edək ki, dərmanların qiymətləri Tarif (qiymət) Şuranın rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib.
Necə deyərlər, bu işin müsbət tərəfi. Lakin apteklərdə verilən kassa çeklərində dərman vasitələrinin adlarının və onların qiymətinin göstərilməməsi istehlakçılara problem yaradır. Məsələ burasındadır ki, apteklərdə verilən kassa çeklərində aptekin adı, ünvanı, VÖEN-i, aptekin şöbəsi, nağd pul, qalıq göstərilir.
Bu çeklərdə dərman məhsulunun adının, qiymətinin göstərilməməsi başqa bir aptekdəki qiymətlərlə müqayisəni mümkünsüz edir. Budan əlavə, tutaq ki, siz aptekdən resept əsasında 10 adda dərman almısınız. Bu çek vasitəsi ilə hansı dərmanı neçəyə aldığınızı necə biləcəksiniz? Bu çeklərdən istifadə etməklə aptekdən aldığınız dərmanların qiymətinin Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun gəlib-gəlmədiyini də bilməyimiz mümkün deyil.
“Sabah məhkəməyə müraciət etsəniz belə, çıxılmaz duruma düşəcəksiniz”
Məsələ ilə bağlı “Yeni Avaz”ın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunun Vergilər Nazirliyinin səhvi olduğunu dedi: “Bəli, düz deyirsiniz ki, marketdə alış-veriş müqabilində verilən çekdə hər məhsulun adı və qiyməti göstərilir. Bununla siz başqa bir marketdə eyni məhsulların qiymətini müqayisə edə, hansı məhsula nə qədər pul verdiyinizi bilirsiniz. Ancaq apteklərdə hər hansı dərman vasitələri aldıqda verilən çekdə məhsulların adı qeyd olunmur, qiyməti göstərilmir. Bu məsələyə Vergilər Nazirliyi və ya İqtisadiyyat Nazirliyi müdaxilə etməlidir. Mən bunu aidiyyəti qurumların istehlakçı hüquqlarına biganəliyinin nəticəsi hesab edirəm”.
Eyyub Hüseynovun sözlərinə görə, bu cür kassa çekləri təkcə qiymətlərin müqayisəsi baxımından problem yaratmır, həm də sabah zəhərlənmə və s. olarsa, vətəndaş çıxılmaz vəziyyətdə qala bilər: “Tutaq ki, aptekdən aldığınız dərmandan zəhərlənmə baş verdi. Mübahisəli vəziyyət yaranacağı halda siz necə sübut edə biləcəksiniz ki, həmin dərmanı məhz bu aptekdən almışdınız? Axı buradan sizə verilmiş kassa çekində həmin dərmanı məhz o aptekdən aldığınız qeyd olunmur, göstərilmir? Bu, istehlakçıların hüquqlarının pozulmasıdır. Sabah siz eyni problemlə əlaqədar məhkəməyə müraciət etsəniz belə, çıxılmaz duruma düşəcəksiniz. Ona görə də dövlət qurumları bu istiqamətdə təcili tədbirlər görməlidirlər”.
AİB sədrinin sözlərinə görə, indiki halda apteklərdəki kassa prosedurası marketlərdəkindən çox da fərqlənmir: “Lakin görünür kassa çeklərinin fərqli olmasında, yəni dərman məhsullarının adının göstərilməməsində aptek sahibləri özləri maraqlıdırlar”.
“Hər dərmanın adı çekə yazılsa, görün nə boyda çek olar”
Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “qaynar xətt”inə müraciət etdik. Qurumun əməkdaşı Səməd Əliyev suallarımıza cavab verməkdə çətinlik çəkdi. Əvvəlcə dedi ki, aptekdə alış-veriş müqabilində vətəndaşlara verilən çeklərin forması o cürdür: “Hər dərmanın adı çekə yazılsa, görün nə boyda çek olar”.
S. Əliyevə market çeklərini xatırladıb orada bütün məhsulların adının və qiymətinin göstərilməsinin problem olmadığını dedikdə iradımızla razılaşdı və cavabı da belə oldu ki, kassa çekləri ilə Vergilər Nazirliyi məşğul olur: “İqtisadiyyat Nazirliyinin kassa çeklərinə müdaxilə etmək səlahiyyəti yoxdur. Siz bununla əlaqədar Vergilər Nazirliyinə müraciət edin. Soruşun ki, apteklərdə verilən çekin xüsusiyyəti niyə belədir”.
Vergilər Nazirliyindən sualımıza cavab almaq üçün isə qurumun mətbuat xidmətinin rəhbəri Şahin Məmmədovla əlaqə saxladıq. Lakin Ş. Məmmədov zənglərimizə cavab vermədiyindən suallarımızın cavabı açıq qaldı.
Nicat İntiqam