“Aptekdə çalışan satıcının dediyi qanun deyil”

587

Yəqin aptekə yolunuz düşəndə “filan yerim ağrıyır, hansı dərmanı məsləhət görürsünüz” deyib, satıcıdan məsləhət istəyənlərlə siz də rastlaşmısınız. Təəssüf ki, bu cür insanların sayı getdikcə artmaqdadır. Bəs bunun hansı fəsadları ola biləcəyindən xəbərdarsınızmı? Mövzu ilə bağlı sualları “Baku Medical Plaza”nın Daxili xəstəliklər və endokrinologiya şöbəsinin müdiri, terapevt-endokrinoloq Hidayət Məmmədzadə cavablandırdı: “Çox aktual bir mövzuya toxunmusunuz. Bilirsiniz, resept finaldır, yekun qərardır. Xəstəyə dərman yazmaq üçün biz onu bir sıra müayinələrdən, analizlərdən keçiririk, dəqiq diaqnozunu qoyuruq və sonda qərar veririk ki, bu xəstənin diaqnozu budur, buna da uyğun müalicəni, resepti yazırıq. Dərman verilməsi, resept verilməsi sadəcə həkimin təyinatı ilə olan bir şeydir. Bunun əksi təhlükəli və hətta qorxuludur. Bizdə xəstələrin bir çoxu istənilən bir xəstəliklə əlaqədar aptekə gedir və oradakı satıcılardan xahiş edirlər ki, dərdim budur, mənə dərman ver. Onu da qeyd edim ki, aptekdə işləyənlərin çoxu daimi olaraq reseptlərlə işlədikləri üçün onlarda müəyyən bir təəssürat formalaşır. Bu təcrübədən çıxış edərək, xəstələrə başlayırlar dərman verməyə. Mənim fikrimcə, bu həm də aptekdə çalışanların xəstələrə laqeyd yanaşmasından irəli gələn bir şeydir. İnsan həyatı ilə oynamaq olmaz, insan həyatını riskə atmaq olmaz. Həkimə getmədən, özbaşına tanımadığın bir insanın məsləhəti ilə dərman alıb, qəbul etmək göründüyü qədər adi bir şey deyildir. Ola bilər xəstənin hansısa bir dərmana qarşı allergiyası olsun. Dərmanın əlavə və ya əks-təsiri ola bilər. Əks-göstərişlərin ola bilmə ehtimalını nəzərə almadan xəstəyə dərman verilməsi çox ciddi fəsadlara gətirib çıxara bilir. Bəzən olur ki, bu fəsadlarla bizə müraciət edən xəstələrlə rastlaşırıq. Xəstə problemini danışanda deyir ki, “getdim aptekdən dərman aldım, amma tamamilə əks-təsir verdi, fəsad formalaşdı”.

Kortəbii dərman qəbul etməyin qarşısını almaq lazımdır. Əhalinin maariflənməsi lazımdır. Birmənalı şəkildə xəstələndikdə həkimə getmək, xüsusən də uyğun həkimə getmək lazımdır. Uşaq xəstələndisə, pediatra göstərmək lazımdır, yəni hər kəs öz sahəsi üzrə, uyğun həkimə getməlidir. Bəzən uyğun olmayan ixtisas həkimlərinin verdikləri dərmanlar da mənfi effekt verə bilir”.

Terapevt-endokrinoloq Hidayət Məmmədzadə dedi ki, əhalinin maariflənməsi, doğru həkim seçməyi, resepti ən sonda, yekunda əldə etməsinin vacibliyini bilməsi lazımdır: “Hamılıqla bu işə qarşı mübarizə aparmalıyıq. Qoyduğunuz məsələ günümüzün reallığıdır, çox aktual bir problemdir. Hətta dərmanların dəyişdirilməsi, dozaların dəyişdirilməsi belə həkimin məsləhəti ilə olmalıdır”.

 “Ən təhlükəsiz hesab etdiyimiz dərmanın belə allergiya yaratma riski vardır”

H. Məmmədzadə bir maraqlı məqama da toxundu: “Dərmanların əksəriyyəti mütləq həkim resepti əsasında verilir. Amma bir qrup dərmanlar var ki, onlar reseptsiz satılır. Lakin bunların geniş şəkildə reklam olunması, televiziya verilişlərində bu qədər reklam olunması yolverilməz bir şeydir. Ən əhəmiyyətsiz, təhlükəsiz hesab etdiyimiz dərmanın belə allergiya yaratma riski vardır. Soyuqdəymə üçün verdiyimiz siroplar mədəsində problemi olan uşaqlar üçün fəsadlar verə bilər. Həkim bunun hamısını resept yazarkən xəstədən soruşur, analizlərin cavabına baxır və sonra qərar verir. Reseptsiz satılan dərmanlar ola bilər. Hərarət salıcı şamlar ola bilər, soyuqdəymə əleyhinə siroplar ola bilər. Amma mənim şəxsi fikrim belədir ki, dərmanlar reseptsiz verilməməlidir. Resepti həkim təyin etməlidir”.

 “Aptekdə çalışan satıcının dediyi qanun deyil”

Bir çox insanlar aptekdə çalışan əczaçıları həkim kimi qəbul edir və onların dediyini qanun hesab edirlər. Müsahibimiz buna belə münasibət bildirdi: “Əhali bilməlidir ki, aptekdə çalışan şəxs həkim deyildir. Həkim oturar, müayinəni aparar və dərman təyin edər. Həkimin yazdığı resept eyni zamanda hüquqi bir sənəddir. Xəstənin diaqnozu orada əks olunur, ona uyğun da dərmanların təyinatı, istifadə qaydaları yazılır. Elə dərman var ki, adını bilməklə iş bitmir. Aptekdə çalışan əczaçıların məlumdur ki, reseptlərə baxaraq müəyyən bir təcrübəsi formalaşır. Əczaçılar təhsil baxımından həkimlərlə eyni səviyyədə deyillər. Amma bizdə əhali əczaçıya həkim olaraq yanaşır, ona həkimə aid olan suallar verirlər. Onlar bəlkə də xəstənin könlünü qırmamaq üçün və ya xəstənin imkansızlığı baxımından ona yardım etmək üçün nə isə bir köməklik etmək istəyirlər. Amma bütün hallarda bu, riskli bir şeydir. Bəzən elə bir fəsad verə bilər ki, həmin xəstələri daha çox maddi xərcə sala bilər, həyatını təhlükəyə qoya bilər. Dəfələrlə mən belə şeylərin şahidi olmuşam. Bəzən olur ki, aptekçilər özləri dərmanı dəyişdirib, xəstəyə başqasını verirlər. Bu, təhlükəlidir.

Bu, uşaqlarda da ciddi fəsadlara səbəb ola bilər. Tutaq ki, bir uşağın ishalı var, valideyn gedir aptekə və dərman istəyir. Aptekdə çalışan satıcı da ona, deyək ki, “tetrasklin” preparatını məsləhət görür. Hansı ki, bunu 5 yaşdan aşağı uşağa vermək əks-göstərişə səbəb ola bilər. Həmin preparat 8 yaşdan aşağı olan uşaqlara verilməməlidir. Bunun uşağın boyuna, dişinin inkişafına, qaraciyərinə çox mənfi təsirləri ola bilər. Hətta sarılığa belə səbəb ola bilər. Həmin anda, bəlkə, uşağın ishalına müsbət təsir edə bilər, amma başqa zərərlərini çoxları bilmir.

Bütün hallarda dərmanların kortəbii qəbul edilməsi, aptekdə çalışan satıcının məsləhəti ilə alınması doğru deyildir və biz buna qarşı olmalıyıq. Əgər vətəndaşın imkanı yoxdur, getsin qeydiyyatda olduğu sahə üzrə poliklinikada uşağını yoxlatdırıb, həkimdən məsləhət alsın. Bir az bizim insanlarda etinasızlıq var. Hüquqda “cinayətkarcasına özünə güvənmək” termini var. Bu insanlar da özlərinə bu formada güvənməməlidirlər, “mənə heç nə olmaz” deməməlidirlər. Bu laqeydlik bəzən valideynin və ya onun övladının həyatı bahasına başa gələ bilər”.

Nicat İntiqam