Aprel şəhidlərinin hər birinin adına ağac əkilib

483

Bu gün Ağdərə rayonunun Şıxarx qəsəbəsində Qaçqınların və Məcburi Köçkünlərin İşəri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirdə Aprel döyüşlərində şəhid olanların hər birinin adına ağac əkilib və
onların qarşılarına hansı şəhidin adını daşıdığı barədə məlumat lövhələri vurulub. Hərbçilərin ailələrinin, qazilər iştirak etdikləri aksiyada ağaclar ay-ulduz formasında əkilib.

Bu tədbirdə Mingəçevirdən olan Aprel şəhidlərinin ailə üzvüləri də iştirak ediblər. Aprel şəhidi Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva bu aksiya ilə bağlı təssüratlarını bizimlə bölüşərkən ərinin ruhuna xitabən bu sözləri deyib: “Bu gün sənin şəhidlik zirvəsinə ucaldığın o torpağa ayaq basdım. Orada qürurla igidlərimizin haydı irəli səslərini eşitdim. Sanki o döyüş gedirdi, mən də kənardan izləyirdim. Qanın axan torpağa ağac əkildi. O ağaca su verdim, sən necə zirvələrə ucalmısansa, Rəbbim də o ağaca can verəcək, o torpaqda qanınla, mənim göz yaşlarımla, bir də canından keçdiyin torpaqla birlikdə böyüyəcək. Rahat uyu, igid qəhrəmanım, səninlə qürur duyuram,  şəhidim!”

Qeyd edək ki, bu aksiyadan sonra məcburi köçkünlər üçün yeni salınmış Şıxarx qəsəbəsində şəhidlərin adına ehsan süfrəsi açılıb.

Tədbirdə iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsi sədrinin müavini Sabir Əhmədov bildirib ki, Aprel şəhidlərinin ildönümü ərəfəsində keçirilən aksiya ötən gün qoşunların təmas xəttinin Cəbrayıl rayonu istiqamətində, Lələ Təpə yüksəkliyi uğrunda şəhid olanların adlarına ağaclar əkilib.

Esmira Hidayəyova, Tərtər