“Aparıcılar dili yaxşı bilmirlər, dilin qaydalarına məhəl qoymurlar”

648

Milli Televiziya və Radio Şurası (MTRŞ) bu ilin sentyabr-oktyabr ayları üçün apardığı monitorinqlərin nəticələrini açıqlayıb. “Azərbaycanın tele-radio məkanında ədəbi dilin qorunması” layihəsi çərcivəsində telekanallarda çalışan bəzi aparıcıların nitqində pozuntular qeydə alınıb. Təhlil zamanı aşkar olunan 831 faktdan 425 fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənara çıxma hallarının göstəricisidir. Ədəbi dil normalarının pozulmasının 28 faizi xəbər proqramlarında, 72 faizi isə əyləncə tipli verilişlərdə müşahidə olunub.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Qulu Məhərrəmli bildirdi ki, bəzi televiziya və aparıcıların etirazına baxmayaraq, dillə bağlı qüsurlar mövcuddur: “Hər halda müşahidələr belə deməyə əsas verir. Hesab edirəm ki bütün bunlar dili yaxşı bilməməkdən qaynaqlanır. Aparıcılar dili yaxşı bilmirlər, dilin qaydalarına məhəl qoymurlar. Artıq başqa dillərin Azərbaycan dilində intonasiyası hiss olunur. Nəzərə almaq lazımdır ki, insanlar televiziyadan təkcə məlumat deyil, həm də danışığı öyrənirlər. Ona gör də biz yad dilin intonasiyası ilə danışanda istər-istəməz bu auditoriyaya təsir edir və dildəki həmin nöqsanlar daha da artır”.

MTRŞ nitqində qüsur olan aparıcıların adlarını da açıqlayıb: ATV-nin xəbər proqramının aparıcıları Ceyhun Səfər, Gülnar Muxtarqızı, hava proqramının aparıcısı Kəmalə Piriyeva, Məryəm Əlisoy, “ATV səhər” proqramının aparıcısı Turan İbrahimov, “10-lar” verilişinin aparıcısı Afaq Gəncəli, “ATV maqazin” verilişinin aparıcısı Nərgiz Vahabqızı, “Nanəli” verilişinin aparıcısı Nanə Ağamalıyeva, “Xeyrə qarşı” verilişinin aparıcısı İlqar Mikayıloğlu, “Öz aramızda” verilişinin aparıcısı Zaur Baxşəliyev, “Hər axşam” verilişinin aparıcısı Azər Axşam, “V element” verilişinin aparıcısı Kamilə Babayeva.

”Xəzər TV”nin xəbərlər proqramının aparıcıları Nəcəf Həsənov, Günel Qədimova, Aqşin Kamal, “Hər şey daxil” əyləncəli proqramını aparıcıları Sevil, Sevinc bacıları, “Ay Zaur” verilişinin aparıcısı Zaur Kamal, “Səyyah” verilişinin aparıcısı Səbuhi Səyyah da dil normalarını pozublar.

”Space” kanalının xəbər aparıcıları Elvin Basqallı, Fərqanə Səfər, “Yumor məktəbi” verilişinin aparıcısı Tünzalə Əliyeva, “Görüş yeri” verilişinin aparıcıları Elçin Əlibəyli, Tahirə Məmmədqızı, “Sənətsevər” verilişinin aparıcısı Zəhra Rüstəm-Osmanovanın danışığındada dil normalarının pozulması aşkarlanıb.

Siyahıda “Lider TV”nin xəbərlər informasiya proqramının aparıcıları Şəbnəm Hümbətova, Mehman Mehdiyev, Günel Gözəlova, Aysel Fərziyeva, Sahil İsgəndərov, “Həyat tərzi” verilişinin aparıcısı Lamiyə Ələkbərqızı, “Solo” verilişinin aparıcısı Murad Arif, “Ay ev yiyəsi” verilişinin aparıcısı Lalə Əlimuxtarovanın da adları var.

”ANS” telekanalının “Xəbərçi” informasiya proqramının aparıcıları Rita Ömərova, Natiq Nailəoğlu, Natəvan Babayeva, Çinarə Vaqif, Xanım Yadigarlı, Xatirə Məmmədova, İlkin Kərimov, Ləman Əliəşrəfqızı, Əfsanə Mehdiyeva, digər diqqət çəkən aparıcılardan Xoşqədəm Hidayətqızı (”Sən tək deyilsən”) , Elgiz Əkbər (”Günəbaxan”), Ülvira Qarayeva (”Beş barmaq”), DJ Aynur (”Bura Azərbaycandır”), Xanım Eynullayeva (”Şoubiz”) da dil normalarını pozublar.

İTV-nin “Carçı” xəbərlər proqramının aparıcıları – Pərviz Məsməliyev, Günay Namidar, Nigar Sabirqızı, Ramiz İdrisoğlu, Füruzə Qurbanlı, “Sağlam yaşamaq” verilişinin aparıcısı Xədicə Sənanqızı, “Yeni gün” verilişinin aparıcısı Saleh Bağırovun da adı sözügedən siyahıda yer alıb.

Region TV-nin “Region xəbər” informasiya proqramının aparıcısı Elnarə İbrahimova, “Bu gün” verilişinin aparıcıları Səlminə Ələkbərli, Vüsalə Camal, Günay Yelmarqızı və digərlərinin də adı dil normalarını pozanların siyahısında yer alıb.

Qeyd edək ki, “Azərbaycan tele-radio məkanında ədəbi dilin qorunması” adlı layihə Elektron Mediaya Yardım Fondu, Milli Televiziya və Radio Şurası və AMEA-nın Dilçilik İnstitutu ilə birgə həyata keçirilib.

XƏYALƏ SADIQOVA