“Aparıcı oyunçularımızın olmaması özünü göstərdi”

498

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Zalsburq”la cavab oyununda məğlub olan “Qarabağ” bununla da Avropa Liqasının “pley-off”una düşdü. Çünki ilk görüşdə təmsilçimiz 2:1 hesablı qələbə qazanmışdı və ümumi hesabda avstriyalılar üstün oldular. Srağagünkü qarşılaşma “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlandığından, geniş şərhə ehtiyac duymuruq. Bu yazıda hər iki komandanın məşqçi və futbolçularının oyunla bağlı fikirlərini sizə təqdim edəcəyik.

 

“Rəqib cüzi

səhvlərimizdən yararlandı”

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Oyunumuz alınmadi. Məcburi dəyişikliklərə görə oyun planınımız pozuldu. Bəzi futbolçulardan narazı qaldım. Rəqib də yaxsı oynadı. Onları təbrik edirəm, bundan sonrakı oyunlarında uğurlar arzulayıram. Biz isə Avroliqanı gözləyirik. Hakimlik haqda danışmağın artıq mənası yoxdur. Birinci qolda İlqar Qurbanov zədələndiyi üçün meydanın kənarında idi. Namiq Yusifovu onun əvəzinə meydana buraxmaq istəsəm də, hakim buna icazə vermədi. Ona görə hakimə etiraz etdim. Digər epizodda isə hakim Çumbinyonun hərəkətini qayda pozuntusu kimi qiymətləndirdi. Ancaq oyunu saxlamaya bilərdi. İndi bunları danışmağın mənası yoxdur. Rəqib bilirdi ki, beş müdafiəçi ilə oynayacağıq. Onlara bu haqda əvvəlcədən məlumat ötürülmüşdü. Heyf ki, Reynaldo ən yaxşı formada olduğu bir vaxtda bizə kömək edə bilmədi. Ancaq biz tək Reynaldodan ibarət deyilik. Bəzi aparıcı oyunçumuzun olmaması özünü göstərdi. İlqar Qurbanovun zədəsi isə ciddidir. Onun əzələsində yırtıq var”.

Ansi Aqolli (“Qarabağ”ın müdafiəçisi): “Biz özümüzə inanırdıq. Amma lazım olan nəticəni qazana bilmədik. “Qarabağ” bu dəfə yaxşı oynaya bilmədi. “Zalsburq” doğma meydanda, öz azarkeşləri qarşısında daha güclü oynadı və layiqli qələbə qazandı”.

Qara Qarayev (“Qarabağ”ın yarımmüdafiəçisi): “Oyuna çox yaxşı başlamışdıq. Rəqibə öz oyununu oynamağa imkan vermirdik. Lakin plana uyğun olmayan məcburi əvəzetmə oyunumuzu alt-üst etdi. Bu baş verdikdən sonra biz qol buraxdıq. Onların oyunlarını analiz etmişdik. Rəqib 5 müdafiəçiyə qarşı oynadıqda bir qədər problemlər yaşayır. Sadəcə, ilk dəfə 5 müdafiəçi ilə oymasaq da, pis mübarizə aparmadıq və “Zalsburq”a elə də çox qol imkanı vermədik. Onlar cüzi səhvlərimizdən yararlandılar. 18-ci dəqiqəyə kimi heç qol imkanı da yarada bilməmişdilər. Yəni 5 müdafiəçi ilə oynamaq hesabı qorumaq üçün deyil, mərhələni keçməyə hesablanmışdı. Amma istəyimiz alınmadı. 5 müdafiəçi ilə oynadıqda, istər-istəməz hücumda 1 futbolçunu itirmiş olursan. Deyərdim ki, tam heyətlə oynamamağımız ön xətdə “dişsiz” olmağımızla nəticələndi. Mərhələ keçə bilməməyimizə səbəb qırmızı vərəqələr və məcburi əvəzetmələr oldu. Yaxşı hazırlaşıb, Avropa Liqasının “pley-off”undakı oyunumuzu qələbə ilə başa vurmalıyıq. AFFA və PFL rəhbərliyi də soyunub-geyinmə otağında bildirdi ki, narahat olmayın, Avropa Liqasına hazırlaşmaq lazımdır. Düzünü deyim ki, Avropa Liqasının “pley-off” mərhələsində mübarizə aparacaq klublar barədə dəqiq məlumatım yoxdur. Amma cəzalılarımızın, zədəlilərimizin tez qayıtması və növbəti oyuna birgə hazırlaşmağımız əsas istəyimdir. Uyğun rəqib arzulayıram ki, Avropa Liqasının qrupuna düşək. Reynaldonu da saysaq, 3 futbolçumuz sıradan çıxıb. Bu çox böyük itkidir. Buna baxmayaraq, hədəfimizə çatmaq üçün yaxşı oyun göstərməliyik”.

Vüqar Nadirov (“Qarabağ”ın hücumçusu): “Avstriyaya nəticə qazanmaq üçün, uğur qazanacağımıza böyük ümidlərlə gəlmişdik. İlqar Qurbanovun zədələnməsi, Maksim Medvedevin əvəzlənməsi oyun üslubumuzu dəyişməyimizə səbəb oldu. Buna baxmayaraq, özümüzdə güc tapa, sona kimi oynaya bildik. Amma etiraf etmək lazımdı ki, az səhvimiz olmadı. Meydanın mərkəzində problemlər var idi. Meydan sahibləri tez-tez hücum edirdilər, bu üzdən biz də öz oyunumuzu göstərə bilmirdik. Artıq bütün diqqətimiz Avropa Liqasında olmalıdır. Ümid edirəm ki, sonrakı oyunlarda eyni aqibətlə üzləşmərik”.

 

“Qarabağ” Avstriya Liqasında oynasaydı, yaxşı yerlərdə olardı”

Adi Hütter (“Zalsburq”un baş məşqçisi): “İlk növbədə bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Birinci hissədə daha çox qol vurmalı idik. Hesab 3:0 da ola bilərdi. Hinteregger çox vacib məqamda qol vurdu. İlk oyunda da qalib gələ bilərdik. Sadəcə uzun yol bizi yormuşdu. Burada isə bizə oynamaq daha rahat oldu. Gördüyünüz kimi, rəqibə bir fürsət belə vermədik. Reynaldonun yerinə Nadirovun oynayacağını düşünürdük. “Qarabağ” çox ciddi rəqibdir. Oyunumuz göstərdi ki, cavab matçına yaxşı hazırlaşmışıq. Biz “Qarabağ”ın oyununu 30 min azarkeşləri önündə gördük. Şadam ki, bizim azarkeşlər də bizi yaxşı dəstəklədi. İlk görüşdən sonra da demişdim ki, “Qarabağ” Avstriya Liqasında oynasaydı, yaxşı yerlərdə olardı”.

Martin Hinteregger (“Zalsburq”un müdafiəçisi): “Əla nəticədir. Oyunun çətin keçəcəyini bilirdik. Qələbə qazandığımız üçün çox xoşbəxtik. Üzərimizdə böyük təzyiq var idi. Müdafiəçi kimi iki qol vurmağım nadir hadisədir. Artıq Çempionlar Liqasının qrupunda oynamağa hazırıq”.

Kevin Kempl (“Zalsburq”un yarımmüdafiəçisi): “Qarabağ”la görüşdə bizi 1:0 hesabı da qane edirdi. Ancaq biz 2:0 hesabı ilə qalib gəldik. Düşünürəm ki, bu görüşdə 5 qol vura bilərdik. Ancaq çoxsaylı qol epizodlarından yararlana bilmədik. “Qarabağ” bu oyunda cəmi iki dəfə qapımız qarşısında təhlükəli vəziyyət yaratdı. İlk oyunda rəqibə 1:2 hesabı ilə məğlub olduğumuz üçün üzərimizdə böyük təzyiq var idi. Lakin komandamın “pley-off”da oynamağa daha layiq olduğunu düşünürəm”.

Stefan İlsanker (“Zalsburq”un yarımmüdafiəçisi): “Biz bu oyunu böyük istəklə keçirdik. İnanılmaz qüvvə sərf edib, ürəklə oynamağın nəticəsini gördük. “Qarabağ”la görüşdə biz, həqiqətən də, qələbəyə layiq idik. Çünki xeyli sayda yaxşı imkanlar yaratdıq. Bunlardan yararlanıb, oyunun taleyini həll etməliydik ki, bunu da bacardıq”.

 

“Zalsburq” – “Qarabağ” 2:0

Qollar: M. Hinteregger, 18, 34

“Zalsburq” (Avstriya): 31. Peter Qulaç, 4. Peter Ankersen, 17. Andreas Ulmer, 36. Martin Hinteregger, 5. Andre Ramalyo, 10. Sadio Mane, 13. Stefan İlsanker (8. Nabi Keyta, 73), 24. Kristof Leytqeb, 44. Kevin Kempl (77. Massimo Bruno, 76), 26. Conatan Soriano, 27. Alan (7. Marsel Zabitser, 79)

Ehtiyat oyunçular: 33. Aleksander Valke, 15. Frants Şyemer, 37. Valentino Lazaro, 42. Nils Kaşner

Baş məşqçi: Adolf Hütter

“Qarabağ” (Azərbaycan): 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 18. İlqar Qurbanov (7. Namiq Yusifov, 20), 5. Maksim Medvedev (3. Tərlan Quliyev, 60), 25. Ansi Aqolli, 11. Danilo Dias (70. Çumbinyo, 55), 20. Riçard Almeyda, 41. Leroy Corc, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 17. Vüqar Nadirov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 10. Muarem Muarem, 6. Hacı Əhmədov, 77. Cavid Tağıyev

Baş məşqçi: Qurban Qurbanov

Sarı vərəqələr: M. Medvedev, 32; D. Dias, 36; T. Quliyev, 77; N. Yusifov, 88

Hakimlər: Robert Madden, Qraham Çambers, Alastair Mater, Brayan Kolvin (Şotlandiya)

6 avqust 2014. Zalsburq, “Red Bull Arena”