Antivətənpərvər təbliğat

517
Hansı kanalı çevirirsən çevir, orda şou, burda şou; orda qonaqlıq, burda qonaqlıq; orda “ay filankəs”, burda “uy filankəs”; orda meyxana, burda çayxana; orda ailə yarışmaları, burda mahnı müsabiqələri… Nə deyəsən axı, bu gün efirimizin ən ciddi proqramı “bozbaş pikçə”dir. 
Dişə vurmağa bir dənə ciddi proqram tapa bilmirsən ki, yarım saat oturub ağzını pozmadan baxa biləsən. Hamı çalıb-oxuyur. İş o yerə çatib ki, altmış yaşında erkəklər də saçını-başını boyayıb düşüblər ortalığa. Mikrofon qapan başlayır oxumağa. Bu mikrofon zəhrimar nə təhər sehrli çubuqdursa, bu başından üfürürsən, o başından pul tökülür.

Hamısına bir təhər dözmək olar, amma bu evlərdən çəkilişlər adamın ürəyini bulandırır. İki cümləni ard-arda gətirə bilməyən, bir qırıq səsi ilə efirlərdən düşməyən müğənniçələrin göz qamaşdıran saray mənzərələrinə baxdıqca, bir iş yoldaşım demiş, əlifbanı açıb qoyursan qabağına başlayırsan bu dünyanın A-sından Z-zinə qədər bəzəməyə. Bu efir niyə bu qədər ucuz oldu? Bu qədər dəyərsiz düşüncə sahibləri, ədəbdən-əxlaqdan uzaq məişət tullantıları niyə bu qədər qiymətə mindi?

Mən bir şey demirəm, özünüz düşünün: Dul bir qadının yüz min manatlıq maşınını, milyonluq villasını, geniş bağında hər iqlimdən gətirilmiş ağaclarını eninə-boyuna göstərəndən sonra girirlər mərtəbə-mərtəbə evin içinə. Hamamı, tualeti, cakkuzisi, idman salonu, yataq otağı, qonaq otağı, pəncərədən asılmış gözqamaşdıran pərdələri, qoz ağacından bahalı mebellər.., niyə uzadaq axı, bax, ağlın başından getsin. Sonra da aşdı-daşdı süfrə mənzərələri. Aparıcı soruşur ki, bu xörəkləri özünüz hazırlamısınız? Xanım da bir qədər əzilib-büzülərək: “Doğrudur, mən hər cür xörək hazırlaya bilirəm, amma işimin çoxluğundan bunları köməkçim bişirib.” Aha, o saat başa düşürsən ki, bu sual da irəlicədən hazırlanmış sualdır. Yəni evdə üç-dörd nəfər qulluqçu da saxlayıram. Bəli, bu proqram nə az-nə çox, iki saat davam edəcək və araya “Xəbərlər”i də sığışdıracaqlar. “Xəbərlər”də də ermənilərin gün ərzində atəşkəsi təxminən əlli dəfə pozduqları və düşmənin cavab atəşi ilə susdurulduğu deyiləcək.

Bir şey olanda hamı deyir ki, müharibə şəraitində olan ölkədə yaşayırıq. Bəs görəsən bu müharibənin bizim bu telekanallara, bu qədər “hinqırı-mınqırı” ilə baş qatan proqramlara aidiyyəti yoxdurmu? İndi özünüz deyin, gözqamaşdıran bu ehtişamı, şadyanalığı, maşını, cüvənəzəni görən on beş yaşında bir gənc hansı xəyallara düşər?

Sizi əmin edirəm ki, dünyanın heç bir yerində bu qədər şadlıq evləri yoxdur. Toy sənayesində ağır və yüngül sənayedən daha çox kapital dövr edir, işçi çalışır. Toy sənayesi məmurların, vay sənayesi mollaların inhisarındadır. Qəttəzə məmur işə başlayan kimi ehsanı yığışdırmaq istədi, heç bir ay keçməmiş hər şey unudulub getdi.

İstər toy olsun, istər yas mərasimi, heç birində ədəb-əxlaq qalmayıb, hamısı talançılıq məqsədi güdür. O şadlıq evləri əslində sallaqxanadır, millət bu başından bir cür girib, o biri başından tamam başqa cür çıxır. Musiqini də qətl ediblər. Hər şey toy üçün hesablanıb. Ən cılız və zəif oxuyanlar ən baha qiymətə toy tuturlar, yaxşı oxuyanlar onların kölgəsində qalırlar. Axtarsan, bu oxuyanlar heç vergi də vermirlər. Bir gecədə beş-on min manat qazanan birisi gərək dövlətə əməlli-başlı vergi ödəsin, amma varsa beləsi açıqlasınlar və millət də bilsin ki, kim nə qədər vergi verib.

Bütün bunların fonunda Mübariz İbrahimov kimi oğulun qəhrəmanlığı, fədakarlığı uca dağ kimi adamın önündə dayanır. Çoxlarının mal-pul qazanmaq üçün roldan-rola, cilddən-cildə girdiyi bir vaxtda bütün itirdiklərimizin təəssübünü çəkən, qisas almaq üçün alışıb-yanan bu övladımıza və onun şəxsində bütün şəhidlərimizə Allahdan Rəhmət diləyirəm.

Onsuz da kimi dindirsən, deyəcək ki, özü bilər neyləyər. Amma unutmayaq ki, bu qədər şou və antivətənpərvər təbliğat böyüyən nəsillərdən yan keçmir. Bizim hələ Qarabağ kimi qan verən yaramız var. Dünən də üç övladımız şəhid oldu.

Əli Çərkəzoğlu