“ANS-ə 10 gün vaxt verəcəyik”

441

AMEA-nın Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakını hazırda yerləşdiyi binadan çıxarmaq üçün martın 23-dək vaxt vermişdi. Xəbərdarlığa baxmayaraq, ANS teleşirkəti hələ də ərazini tərk etməyib. Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az saytına açıqlamasında məsələnin artıq öz məcrasından çıxdığını deyib.

“ANS rəhbərliyi hələ də bizim ərazini tərk etməyib. İş ondadır ki, telefonlarımıza da cavab vermirlər ki, məsələnin nə yerdə qaldığını dəqiqləşdirə bilək. ANS rəhbərliyinin gətirdiyi bəhanələr çoxdan qurtarıb. Əvvəllər 2 həftədən bir olsa da, telefon əlaqələri mümkün olurdu. İndi isə çox absurd situasiya yaranıb. “Elm haqqında” Qanuna görə yeni təsdiqlənmiş nizamnaməmiz var. Artıq ərazimizi icarəyə də verə bilərik. Qanun çərçivəsində sahibkarlıq fəaliyyəti də göstərə bilərik. Zoologiya mərkəzi yaratmışıq. Digər işlər də həyata keçirə bilərik. Amma qarşı tərəf ərazini boşaltmaqla bağlı heç bir təşəbbüs göstərmir. Heç nə başa düşmürük. Əmlaklarını götürüb getmirlər ki, işimizi bilək”.

İnstitut direktoru deyir ki, yaxın vaxtlarda ANS-ə rəsmi məktub yazılacaq.

“Səbrin də bir limiti var. Düşünürəm ki, 10 gün də dözək, sonra əməli işə keçmək olar. 10 gündən sonra rəsmi məktub yazacağıq. Güman ki, onların ev ünvanları var. Ev ünvanlarına bildiriş yazıb göndərəcəyik ki, 10 gün ərzində gəlib əşyalarını götürüb getsinlər. Əgər getməsələr, bələdiyyənin, sahə müvəkkilinin iştirakı ilə qapılar açıb ANS-in əşyalarını bayıra çıxaracaq, sonra da qapıları özümüz bağlayacağıq. Başqa variantımız yoxdur”.