Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyəcək

44

Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbul olunmasını dəstəkləmir.

Bunu Rəcəb Tayyib Ərdoğan Ankarada gənclərlə görüşü zamanı deyib.

“Dostlarımıza Finlandiya və İsveçin NATO-ya daxil olmasına “yox” deyəcəyimizi bildirdik. Biz bu mövqeyimizi davam etdirəcəyik. Terror təşkilatlarının NATO-da olmasına icazə verməyəcəyik. Bu ölkələr PKK və YPG-nin yuvasına çevrilib”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Bir müddət öncə Finlandiya və İsveçin NATO-dakı səfirləri Klaus Korhonen və Aksel Vernhoff ölkələrinin Şimali Atlantika Blokuna qoşulması üçün alyansın Baş katibi Yens Stoltenberqə rəsmi ərizə təqdim ediblər. Lakin indiki halda Türkiyə onların alyansa daxil olmasının əleyhinədir. Türkiyə Prezidentinin sözlərinə görə, bu ölkələr terrorçulara himayə edir.

NATO-ya yeni üzvün qəbul olunması çoxmərhələli prosesdir. Buna alyansda siyasi qərarlar verən Şimali Atlantika Şurası nəzarət edir. Üzvlüyə dair müraciətə əvvəlcə şurada baxılır, sonra isə müvafiq müqavilə alyansın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya olunur.