And içənlərimizin sayı artacaq

810
Yenə qonşular başladılar oyuna. Düşdüm aşağı, görüm bu gün zərlər kimin üzünü güldürəcək?! Elə yerimi yenicə rahlamışdım ki, məndən bir mərtəbə aşağıda yaşayan Çingiz qonşu binanın sakini Xaləddinin dərsini verib, yola saldı və başladı lovğalanmağa:
– Hə, sən də belə getdin… Bir də mənim yanımda nərdin adını çəkmə… Harada bu oyundan söhbət düşsə, de ki, onun xiridarı Çingiz müəllimdir, vəssalam.Bu sözü Xaləddin həzm edə bilmədi. Odur ki, dilləndi:

– Bir də oyunu aparmağınla belə lovğalanma. Belə davam etsən, and içərəm, bir də səninlə nərd oynamaram a…

Növbəti rəqibi ilə oyuna başlamaq istəyən Çingiz onu cavabsız qoymadı:

– O qədər and içənimiz var ki, sən də ol onlardan biri… Bir də məgər indi hər and içən andına sadiq qalır?! Məsələn, tibb işçiləri Hippokrat andı içirlər, amma andlarına sadiq qalırlarmı, əsla yox. Onların əksəriyyəti xəstələrdən təmənna güdürlər. Bu səbəbdən səhiyyə sistemində rüşvətxorluq baş alıb gedir. Hə, indi də deyirlər ki, müəllimlər də and içəcəklər. Kim zəmanət verir ki, onların andı da həkimlərimizin içdiyi Hippokrat andına çevrilməyəcək?

Qonşulardan Kəramət dilləndi:

– Vallah, kim necə başa düşür düşsün, mən bu məsələdə həkimləri əsla qınamıram. Həmin Hippokrat andından az-çox xəbərdar olan şəxs kimi deyə bilərəm ki, həmin andda rüşvətlə bağlı heç nə yoxdur, yəni orada bu bəlanın adı çəkilməyib… Çəkilsəydi, heç bir həkim cəsarət edib rüşvət almağa cəhd göstərməzdi. Bəli, mən də dünən müəllimlərə təklif olunacaq “Müəllim andı” ilə tanış oldum. İnandırım sizi, onda da belə bir ciddi məqam nəzərə alınmayıb. Sadəcə qeyd olunub ki, müəllim Azərbaycan təhsilinin ənənələrinə sadiq qalmalı, keyfiyyətli təhsil xidməti göstərməli, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməməli, müəllim adını və şərəfini uca tutmalıdır. Belə bir anda ehtiyac varmı? Məncə, yox. Bu fikrə elə-belə gəlməmişəm. Çünki həmin Hippokrat kişi həmin andında deyir ki, bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam. O kişi görün müəllimə necə qiymət verib e… Biz isə ona and içdirməyə çalışırıq. Bu sözlər ilə mən kiminsə bostanına daş atmaq niyyətində deyiləm. Bir də mən hesab edirəm ki, indi zəmanə çox dəyişib, bəlkə də buna ehtiyac var, amma müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verildikdən sonra belə bir andiçmə mərasimlərinə rəvac verilsə, daha yaxşı olar. İndiki halda bu, həmin and özünü doğrultmayacaq. Siz sağ, mən salamat.

Qonşulardan kimsə söz atdı:

– Bəs görəsən, bütün dövlət məmurları nə vaxt belə and içəcəklər? Axı son illər bu müəllimlərin adı niyə belə hallanır? Bu məmləkətdə rüşvət almayan varmı?

Bu zaman Həsən kişi söhbətin məcrasını dəyişməyə cəhd göstərdi:

– A kişi, zərinizi atın da… Məncə, bir də bu suala cavab vermək heç hasand deyil.

Bu dəfə qonşulardan – Həsrət kişi qeyri-ixtiyarı dilləndi:

– Xahiş edirəm, sözü düzgün tələffüz edin: “hasand” yox, “asan”…

Bu məsələdə qonşular iki cəbhəyə bölündülər: kimi dedi hasand doğrudur, kimi də dedi ki, asan…

Kəramət isə bu məsələyə özünəməxsus reaksiya verdi:

– A kişilər, niyə özünüzü yorursunuz? “Asan” elə asan kimi tələffüz olunmalıdır da… Mənə inanmırsınızsa, gedin “Asan xidmət”ə müraciət edin…

Onun bu təklifi gülüşlə qarşılandı. Kəramət isə ciddi görkəm alaraq söhbətini davam etdirdi:

– Bəli, bu gün dilimizin də “Asan xidmət” kimi bir quruma ehtiyacı var. Dilimizdə işlənən sözlərin necə yazılması zaman-zaman gündəmə gəlsə də problemlər hələ qalmaqdadır. Xüsusilə bu, alınma sözlərdə özünü açıq büruzə verir. Belə ki, bir sıra terminlər, təşkilat, qəzet-jurnal, telekanal adları gah ingilis, gah da Azərbaycan dilində yazılır. Şəxsən mən “Evrovision” sözünün 5 formada (“avroviziya”, “yevroviziya”, “yevrovijn”, “yevrovizion”, “evrovision” ) yazılışına rast gəlmişəm. Bu gün mətbuatda “Wikipediya”, “Wikileaks”, “Twitter”, eləcə də digər sözlərin yazılışında fərqli variantlar mövcuddur. O gün bir alimimiz deyir ki, bəs bu kimi sözlərin yazılışı ilə bağlı hələ də qəti bir fikir yoxdur. Maraqlıdır, bu kimi sözlər necə yazılmalıdır?

Hamı bir səslə dilləndi:

– Necə yazılmalıdır, ay Kəramət? Bəlkə sən bizi başa salasan?

– Mənim bildiyimə görə, dilimizin qanunları belə sözlərin tələffüz edildiyi kimi yazılmasını tələb edir. Amma həmin sözlər hər adamın tələffüzünə uyğunlaşdırılmamalıdır. Yenə deyirəm ki, dilimizin qanunları əsas götürülməlidir. Əgər bu məsələni başqa dilin qayda-qanunları ilə qarışdırsaq, onda vay dilimizin halına. Deyirəm, bəlkə bu millətin hər üzvü dilimizin saflığının, vətənimizin qüdrətinin möhkəmlənməsinə and içsin, hə… Bu anda digər mənəvi dəyərləri də əlavə etmək olar. Bu mənada bizim bir ümumi andımız olmalıdır: Azərbaycan andı…O andı himn kimi oxumalıyıq. Yoxsa, hər peşə sahibinin bir andı olmaqla biz heç nəyə nail ola bilmərik. Yetər bu sahədə də parçalanmağımız… Himn demişkən, bir də himnimiz varkən belə andlara əsla heç lüzum yoxdur axı… Elə himnimiz and kimi bir şeydir də… Gəlin görək, biz himnimizi düz-əməlli bilirikmi? Yox.

Qonşulardan yenə kimsə söz atdı:

– Kəramət, sən lap dərya imişsən ki…

Yenə yerbəyerdən dilləndilər:

– Çingiz, zərini at, qurtar bizi bu Kəramətin fəlsəfi söhbətlərindən…

q.mehebbetoglu@zaman.az