Anar: “Türkdilli ədiblər bir-biri ilə rus dilində danışırlar”

465
Anar haqqında düşünəndə hər dəfə ağlıma gələn ilk fikir bu olur ki, bizi beynəlxalq ədəbi tədbirlərdə heç kəs onun kimi təmsil edə bilməz. Yerişi də, duruşu da, baxışı da fərqlidir… Kim istəyir qəbul eləsin, istəmir qəbul eləməsin, amma bu həqiqətdir ki, uzun illər əlinə qələm alanların çoxu etiraf eləməsələr də ondan çox götürüblər. Hələ gənc yaşlarından diqqət mərkəzində, göz önündə olub. Yazıçılar Birliyinin ən uzunmüddətli rəhbəridir. Elə bu fakt da kimlər üçünsə ona qarşı ən populyar qınaq vasitəsidir. Türkiyəli qardaşlarımız Anar müəllim kimi adam haqqında deyirlər ki, oturduğu kreslonu tamamən doldurur, yəni işinə, məqamına, mövqeyinə dəyər qazandırır. İş yoldaşım Əli müəllim deyir ki, belə tədbirlərin birində rus ədibləri ilə tatar ədibləri arasında qızışan mübahisəni, daha doğrusu, davanı Anar müəllim o qədər ustalıqla, ağsaqqal ədası ilə yatırdı ki, o mənzərədən qürur duymamaq mümkün deyildi. Cəmiyyət həyatında, siyasi axında baş verən hadisələrə münasibətini bəyənənlər də var, bəyənməyənlər də. Kimsənin tərəfini tutmaq kimi bir niyyətimiz yoxdur. Bizim üçün mühüm olan odur ki, Anar siyasi, ictimai mövqeyindən asılı olmayaraq Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına xüsusi töhfələr vermiş ədibdir. Bəlkə də kimlərsə yanından ötüb keçə bilmədiklərini yıxıb üstündən keçmək istəyirlər, bilmirəm. Amma onu bilirəm ki, “Adamın adamı”, “Dantenin yubileyi”, “Yaxşı padşahın nağılı”, “Macal”, “Əlaqə” “Dədə Qorqud”, “Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları” kimi möhtəşəm sənət nümunələri töhfə vermiş sənətkar indi də, yüz il sonra da sevgiyə, hörmətə layiqdir. Xüsusilə, “Dədə Qorqud”la bağlı o həqiqəti vurğulamaq yerinə düşər ki, akademiyanın, universitetlərin, institutların görə bilmədikləri işi Anar təkbaşına gördü, milli varlığımızın pasportu hesab olunan bu möhtəşəm tarixi əsəri də, obrazları da xalqımıza həm tanıda, həm də sevdirə bildi. Məhz bu zəfərin sübutu kimi, bu gün ətrafımızda “Dədə Qorqud” adları daşıyan soydaşlarımıza baxmaq kifayətdir. Bəli, o bizim yazarımız, bizim Anarımızdır və biz də bizim Anarımızla söhbətimizi böyük məmnuniyyətlə dəyərli oxucularımıza təqdim edirik.
Nazim haqda 2 kitab

– Anar müəllim, seçkidən sonra nisbi sakitlikdir, deyəsən?

– Belə də, siz deyən kimi…

– Hazırda nə yazıb, nə oxuyursunuz?

– Türkiyədə Nazim Hikmət haqqında kitabım çap olunub. İndi həmin kitabın Azərbaycan nəşrini hazırlayıram. Çünki bu kitablar arasında müəyyən fərqlər var. Belə ki, Türkiyədə çap olunan kitabımda Nazim Hikmətin Azərbaycanla olan əlaqəsi, ölkəmiz haqqında məqalələri, şairlərimizin ona həsr olunmuş şeirləri və s. dərc olunub. Türkiyədə bu barədə, yəni Nazimin Azərbaycanla münasibəti haqda çox az adamın məlumatı var. N. Hikmət haqqında Azərbaycanda çap olunacaq kitabımda isə daha çox onun Türkiyə həyatına aid materiallar yer alacaq. “Kərəm kimi” adlanan həmin kitab bu yaxınlarda nəşr olunacaq. Eyni zamanda “Dədə Qorqud” serialının ssenarisini yazmışam. Yaxın zamanda bu serialın çəkilişinə başlanılacaq. Bu yay “Göz muncuğu” adlı bir povest də yazdım.

 

Mənim sözümü Dədə Qorqudun adına çıxırlar

– “Dədə Qorqud” serialının neçə bölüm olması nəzərdə tutulub?

– Bu serialın 12 bölüm olmasını nəzərdə tutmuşuq. Çünki dastan özü 12 boydan ibarətdir. Bəzən mənə deyirlər ki, “Dədə Qorqud” haqqında film çəkmisən, seriala nə ehtiyac var? Bildirmək istəyirəm ki, serial başqa prinsiplə çəkiləcək. Filmdə mən “Dədə Qorqud” materiallarından istifadə edərək, özüm bir süjet qurmuşdum. Serialda isə çalışmışam ki, hər boyun süjet xətti qorunub saxlanılsın, yəni belə demək olarsa, 12 müstəqil bölüm olacaq.

– Anar “Dədə Qorqud”a nə verdi və ya “Dədə Qorqud” Anara nə qazandırdı? “Torpağı əkməsən, qorumağa dəyməz, qorumasan, əkməyə dəyməz”i siz demisiz, ya Dədə Qorduq?

– Mən demişəm. Amma Dədə Qorqudun adına çıxırlar. Tamaşaçılar fikirləşirlər ki, min il bundan qabaq Dədə Qorduq gör nə deyib. Hətta bir dəfə Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl Bakıda olanda “Dədə Qorqud” törənləri keçirilirdi. O tədbirin ssenarisini də mən yazmışdım. Sonda Dədə Qorqud deyir ki, burada çox ərlər qırıldı, az ərlər qaldı, az ərlər çoxalsın. Süleyman Dəmirəl də çıxışında dedi ki, Dədə Qorqud hələ o vaxt deyib ki, azərilər çoxalsın (gülür).

 

“Qardaş qələmlər”in

hər sayında varıq

– Türk xalqları ədəbiyyatının inteqrasiyası ilə bağlı nə işlər görülür və bu sahədə vəziyyət nə yerdədir?

– Mən vaxtilə bununla bağlı təklif vermişdim. Nəticədə Atatürk Mərkəzi yaradıldı. Bu işlə daha çox onlar məşğul olmalıdırlar və olurlar. Biz də Yazıçılar Birliyi olaraq, 5-6 türk şairinin, nasirinin kitablarını çap etmişik. Misal üçün, Xalidə Ədib Adıvarı, Ömər Seyfəddini, Orxan Vəlini, Çingiz Bektaşovu və daha bir neçə tanınmış ədibi çap etdik.

– Özbək və türk ədiblərinə hələ qapı açılmır.

– O sahədə Ramiz Əsgər işləyir. “Baburnamə”ni, Mahtumqulunu, tatar şairlərini çap elədi. Düzdür, bu işlər Yazıçılar Birliyinin xətti ilə edilmir. Amma hər halda R. Əsgər də Yazıçılar Birliyinin üzvüdür. Biz Çingiz Aytmatovun Azərbaycan, Azərbaycan ədiblərinin də onun haqqında yazdıqları məqalələrdən ibarət ayrıca kitab çap etdik. Onu da qeyd etmək istəyirəm ki, Türkiyədə işıq üzü görən “Qardaş qələmlər” jurnalının hər sayında Azərbaycan ədəbiyyatından nümunələr verilir.

 

Türkiyə türkcəsi əlaqə

dilimiz olmalıdır

– Anar müəllim, türk xalqlarının ortaq əlifbası hələ də arzu olaraq qalır…

– Ortaq dil məsələsində mənim mövqeyim birmənalıdır. Belə ki, Türkiyə türkcəsi bizim xalqlar arasında əlaqə dili olmalıdır. İndiyə qədər hər toplantıda istər Türkmənistandan olsun, istər Qazaxıstandan, istərsə də, digər tirkdilli ölkələrdən gələn ədiblər rus dilində danışırlar. Türkcə olan çıxışlar da onlara rus dilinə tərcümə edilir. Qazaxıstan, Türkmənistan və s. kimi türkdilli dövlətlər artıq 20 ildir ki, müstəqildirlər. Bu müddət ərzində sadə xalqı demirəm, ən azından orada yaşayan ziyalılar türk dilini öyrənməli idilər. Azərbaycanda bu sahədə vəziyyət yaxşıdır. Həm Azərbaycan türkcəsi, həm də Türkiyə türkcəsi ilə də danışdıqda hər iki ölkə vətəndaşları asanlıqla bir-birini başa düşürlər. Təəssüf ki, Orta Asiyada olan türkdilli respublikalarda türk dilini öyrənmə prosesi çox ləng gedir. Ortaq əlifba məsələsinə gəldikdə, əlbəttə ki, gərək Elmlər Akademiyası və digər bu kimi rəsmi müəssisələr bu mühüm məsələ ilə məşğul olsunlar.

 

İnternet ədəbiyyata ziyan vurdu

– Bəlkə Anar bütün işlərini bir yana qoyub, uşaqlar üçün əlifba kitabı yaza.

– Rafael Hüseynov “Əlifba” kitabı yazmışdı. Yaxşı kitab idi. Amma bilmirəm onu niyə dərslik kimi təsdiqləmədilər. O kitabı çox bəyənirdim. Mənim o qədər işim var ki, buna vaxtım olmur.

– Anar müəllim, bu gün uşaq ədəbiyyatı nə yerdədir?

– Ümumi ədəbiyyat nə yerdədirsə, uşaq ədəbiyyatı da o yerdədir.

– Son 20 ildə yazılan hansı uşaq ədəbiyyatı nümunəsinin adını çəkə bilərsiniz?

– Çətinlik çəkirəm. Mən son zamanlar uşaq ədəbiyyatından yaddaqalan şeir və ya hekayə oxumamışam. Bilirsiniz, televizor və internet ədəbiyyata çox böyük ziyan vurdu. Belə ki, televiziya və internet ədəbiyyata marağın azalmasına səbəb oldu. Cavanlar bütün günü ancaq internetdədirlər.

– Anar müəllim, bəlkə, “İlin nağılı”, “İlin uşaq şeiri” və s. bu kimi nominasiyalar üzrə müsabiqələrin keçirilməsinə ehtiyac var? Uşaqlar hələ də 60-70 il əvvəlki şeirləri- “Can gülüm can, can”, “Xoruz” şeirlərini oxuyurlar.

– Bizim uşaq ədəbiyyatı şöbəmiz var. Hansı ki, onlar bu işlə məşğul olmalıdırlar. Onu da qeyd etmək istəyirəm ki, bizim uşaq ədəbiyyatı üzrə mükafatımız da var.

Mən ölümdən qorxmuram

– Ədəbiyyatla yanaşı, kino sahəsində də böyük xidmətləriniz var. İctimai xadimsiniz, tez-tez müxtəlif məsələlər haqda məqalələriniz çıxır, amma necə oldusa birdən-birə həcv də yazdınız…

– Məcbur oldum. Gərək həddini aşanları yerinə otuzdurasan ki, hədlərini bilsinlər. Mən bir dəfə yazmışam.

– Anar müəllim bir də həcv yazarmı?

– Məcbur etsələr, yenə yazaram. Amma yazmaq istəmirəm.

– Anar müəllim, dostlarınızın çoxu dünyasını dəyişib. Dostları yola salmaq necə duyğudur?

– Çox ağır duyğudur. İstəməsən də bəzən fikirləşirsən ki, bütün dostlar getdi, mən niyə qaldım?

– Ölümdən qorxurmu Anar müəllim?

– Mən ölümdən qorxmuram. Ölüm haqdır. Qorxsam da, qorxmasam da o gün gələcək.

– Bəlkə qorxmaq lazımdır?

– Qorxu içində yaşamaq olmaz ki. Fikirləşirəm ki, nə qədər yaşayırıq, gərək həyat haqqında düşünək, ölüm haqqında yox.

Ardı var

Elvin Əliyev